.jpg)
STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ
Elektron nəşr
(UTF-8 sistemi)
Mətn “ADİLOĞLU” nəşriyyatında
(tel: 98-68-25) yığılıb, 2004
Hazırladı: Rafiq Məmmədli
mammadli@mail.com
ã
www.isagambar.az
Kitabın kağız nəşrinin
Redaktoru: akademik Ziya Bünyadov
Çapa hazırlayanı: Nəsib Nəsibzadə
Bakı, Elm nəşriyyatı, 1991, 84 səh., ISBN 5-8066-0472-6
|
İçindəkilər
Ön söz
M. Əmin Rəsulzadə kimdir?
Çarlığa qarşı mücadilə yarım yüz il öncə
Azərbaycan
Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı
Moskva yolunda
Moskvada iki il
Moskvadan fərar
Nəticə
Kitabça Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə
Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Buraya böyük vətəndaş XX
əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri
xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi
portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan
respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur
görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı
olan bir sıra mətləblər açılır.
Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti,
eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
|
Keçmişini bilməyən bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də
acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən
xəbərsiz manqurd nəsil yetişdi. Lakin elə həmin nəslin özünü-özgəni,
böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi, xoşbəxtlikdən,
sonsuzdur. Bu istəyə cavab olaraq əlinizdə tutduğunuz kitabçanı çapa hazırlamağı
lazım bildik.
Böyük vətəndaş Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri Türkiyədə
“Dünya” qəzetinin 1954-cü il may-iyun nömrələrində 28 məqalədə çap edilmişdir.
“M. Əmin Rəsulzadə kimdir?” adlı bioqrafik yazı da bu məqalələrə əlavə
edilmişdir.
M.Ə.Rəsulzadənin xatirələrinin tam adı orijinalda “Bir türk milliyyətçisinin
Stalinlə ixtilal xatirələri” adlanır. Bu əsər bir qayda olaraq “Stalinlə ixtilal
xatirələri” kimi məşhur olduğundan biz də onu məhz bu adla təqdim etməyi münasib
gördük.
Onu da deməliyik ki, bu məqalələrin foto surətini dostu doktor Əli Yavuz bəy Ağpınar göndərmişdir.
Xatirələrdə Stalinin və stalinizmin anatomiyasının açılması ilə yanaşı,
əsrimizin ilk onillərində Azərbaycanda gedən çox maraqlı proseslər təsvir edilir.
Onu çapa hazırlayarkən hər hansı izahat verməkdən çəkindik. Bizim işimiz Məmməd
Əmin Rəsulzadənin üslubunu mümkün qədər saxlamaqla, geniş oxucu üçün rahat olsun
deyə İstambul ləhcəsinə xas sözlər və ifadələrin (məs.: nasıl, kəndi, şöylə,
böylə), artıq arxaikləşmiş ərəb-fars tərkiblərinin qarşılığını verməkdən, eləcə
də yenə İstambul ləhcəsi üçün xarakterik olan fel sonluqlarını (məs.: gəliyorum,
gediyorum) dəyişdirməkdən ibarət olmuşdur.
Məmməd Əminin üslubuna xələl gəlməsin deyə ara-sıra vacib qarşılıqlı sözləri
mötərizədə verməyi lazım bildik.
XX əsr Azərbaycanının ən dəyərli şəxsiyyətinin çox maraqlı siyasi xatirələri
ilə istəkli oxucuların görüşünü ləngitməmək üçün yalnız onu deməklə kifayətlənək
ki, orijinaldakı cümlələrin quruluşu olduğu kimi saxlanılmışdır.
|
M. ƏMİN RƏSULZADƏ KİMDİR?
|
Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı xatirələrini oxuyacağınız
Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin təşəkkülündə və milli
qurtuluş hərəkatında tarixi rolu olan Milli Azərbaycan “Müsavat” Xalq
Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə Bakıda toplanan partiya
qurultaylarında yekdilliklə seçilmişdir.
28 may 1918-ci ildə cümhuriyyətin istiqlalını elan edən Azərbaycan Milli
Şurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını illərdən bəri
təmsil edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir.
Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə 1905-1908-ci illər
arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş; 1915-1917-ci illərdə
yenə Bakıda məşhur “Açıq söz” qəzetini təsis və nəşr etmişdir. 1908-1911-ci
illər arasında Tehranda İran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik
“İrani-nou” qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu xüsusda bax:
E.Brown. Nisfory literary of Persia. London). İstambulda çıxan çeşidli türk
qəzet və jurnallarında (o cümlədən “Türk yurdu”) çalışmış və 1923-cü ildən
1929-cu ilə qədər İstambulda nəşr olunan Azərbaycan jurnallarını idarə etmişdir.
Qafqazlılar arasında tanınmış siyasət adamıdır: Mavərayi-Qafqaz seymində
(1918) müsəlman fraksiyasına sədrlik etmiş, Maverayi-Qafqaz hökumətinin 1918-ci
ildə Trabzona, sonra da Batuma, o zamankı Türkiyə nümayəndələri ilə müzakirəyə
göndərdiyi heyətlərdə iştirak etmişdir.
***
1884-cü ildə Bakıda doğulmuş Məmməd Əmin Rəsulzadə hələ gənc ikən siyasi
həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə gizli
fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc
inqilabçılar dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində
Stalinlə təmasa girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur.
1908-1910-cu illərdə İrandakı məşrutə hərəkatına qoşulmuş, burada İran Demokrat
Partiyasının Mərkəzi Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını
həmin partiyanın lideri Seyid Həsən Tağızadə (İran senatının sədri) ilə birlikdə
işləmişdir.
1910-cu ildə İranda nüfuzu qüvvətlənən çar hökuməti səfarətinin tələb və
təzyiqi ilə oranı tərklə İstambula gəlmişdir. Burada Türkiyə siyasi cəmiyyətləri,
o cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni zamanda buradan, Bakıda
təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə təması davam etdirmiş və
1911-ci ildə “Müsavat” Partiyasının təsisini təşviq etmişdir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə
elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış, burada həm nəşriyyata
başlamış, həm də gizli “Müsavat” Partiyası çalışmalarına və yarım gizli bir neçə
təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur.
1915-ci ildə I dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru tərəfindən
həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən Rusiyada zühur
edən inqilab üzündən azad olunmuşdur.
1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası birləşmiş qurultayı
ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları qurultayında Qafqaz ilə
Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil olmaları tezisini müdafiə
etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya Müsəlmanları qurultayında
Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini qəbul
etdirmişdir.
Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan ayrılmasını tələb
etmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur.
1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan
Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan
etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə
imzalamışdır. Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan
Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.
***
Cümhuriyyətin rus bolşevikləri tərəfindən istilasından sonra (27 aprel 1920)
M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir. Nəticədə
Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin körfəzi
üzərindən qaçaraq Avropaya çıxır, oradan İstambula gəlir və burada nəşriyyat və
siyasi fəaliyyətini davam etdirir.
Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən kommunistlərin
Şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik demarşları
nəticəsində İstambulu tərkə məcbur qalınca o, öz çalışmalarını Avropaya köçürür.
Burada “Promotey” cəmiyyətində (Rusiya məzlum millətlərinin birləşmiş cəbhəsi)
və 1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan Qafqaz Millətləri
Birliyində çalışır. Rusiya məzlum millətlərinin müştərək orqanı olub Parisdə
fransızca intişar edən “Promotey” jurnalında müntəzəm məqalələr dərc etdirir
(1928-1939).
İkinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada yaxalayır. Polşalı
dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet Rusiyası ilə başlanan
müharibəsi əsnasında Almaniya Xarici İşlər nümayəndəsi fon Şulenberqin (sonra
Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə
qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir. Qafqazın və
o cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı ətrafında müzakirələrə girişir
və nasistlərin millətlərin istədiklərini anlamaq qabiliyyətindən məhrum
olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının haqqlarını tanımaq
istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə hörmətsiz olduqlarına
qənaət gətirərək, Almaniya siyasəti haqqındakı mənfi düşüncələrini 5 avqust
1943-cü il tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə
qayıdır.
1944-cü ildə bolşeviklər Buxarestə yaxınlaşınca hadisələr onu Qərbə çəkilməyə
məcbur edir. İsveçrəyə getmək üçün viza almaq imkanında olmadığından İsveçrə
sərhəddinə yaxın Freyburq 1/B şəhərinə gəlir. 1944-cü ilin oktyabr ayında bu
şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi Almaniyaya sığınmağa
məcbur olur. 24 aprel 1945-ci ildə Amerika işğal məntəqəsində olur. Nəhayət,
1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o zamandan bəri Ankarada
yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə Türkiyə Cümhuriyyəti
Milli Təhsil nəşriyyatında “Azərbaycan şairi Nizami” adına kapital bir əsəri çap
edilmişdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair müxtəlif məqalə və
risalələri nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası lehindəki inadlı
mübarizəsini davam etdirir.
“Dünya”, 21 may 1954-cü il
STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ

Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastik adamın fantastik
karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan
Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü” -
deyə başlayır.
Həqiqətən də bəşəriyyətin yaşadığı bütün dünya tarixində İosif Vissarionoviç
Cuqaşvili - Stalindən daha mütləq bir hökmdar yoxdur. Mühüm dərəcədə onun şəxsi
fəaliyyətilə yaradılmış Sovet rejimindən daha totalitar bir rejim dünyada mövcud
olmamışdır.
Dövrümüzün tarixini yazanlar tarixin bu ən böyük müstəbidi haqqında cürbəcür
hökmlər verəcək, onun allahlaşdırılan şəxsiyyətini müxtəlif mövqelərdən təhlil
edəcəklər. Fəqət biz onu bir küll olaraq ələ almaq niyyətində deyilik. Ən
qorxunc rus çarlarına nəsib olmayan bir iqtidarla 30 ilə yaxın bir müddətdə
Sovet imperatorluğundakı iki yüz milyon insanın müqəddəratına hökm edən, yer
kürəsinin üçdə birini kontrolu altına almış, bütün dinləri inkar edən kommunist
dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən böyük
nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir diktator və necə
bir terrorist, bir ixtilalçı (inqilabçı), bir marşal, bir generalissimus,
fironlara, Neronlara, Çingizlərə rəhmət oxutduran bir tiran, bir qızıl çar
olduğunu azad millətlər cəmiyyətində bilməyən bir kimsə yoxdur. Bilinənləri
təkrar etmək istəmirik.
1905 və 1917-ci illərdə Rusiya şərtləri daxilində ortaya çıxan sosialist
cərəyanlarına mənsub ixtilalçılar arasında adi bir şəxsiyyət olub, çox da
əhəmiyyət verilməyən Stalinin mumiyalanmış cəsədi indi Marksdan sonra
kommunizmin ikinci peyğəmbəri Leninin mumiyalanmış cəsədi yanında yatır.
Leninizm marksizmin bir təfsiri olaraq meydana gəlmişdi; stalinizm hər
ikisini təkmil etmiş bir sistemdir. Hitlerin nasional-sosializm formulunu
çevirib sosial-nasionalizm halına qoyan stalinizmi yaxşıca qavraya bilmək üçün
Stalinin fantastik şəxsiyyətini haqqıyla anlamaq lazımdır. Bunu yapa bilmək üçün
tarixçilərin Stalin haqqında yazılan xatirələri, nəql olunan təəssüratları və
anladılan müşahidələri material olaraq gözdən keçirmələri lazım gələcəkdir.
Stalinizmin meydana gəlməsinin xarakterik cizgilərini əslinə yaxın bir
şəkildə təsvir edə bilmək üçün hər kəsin özünə görə gördüyü və anladığı
“Stalin”lərin qarşılaşdırılmasında, şübhəsiz, böyük bir fayda vardır.
Eyni dövrdə, eyni şərtlər daxilində, eyni nəslə mənsub olaraq yaşayan, dürlü
zamanlarda, dürlü şərtlər altında Stalinlə bu və ya başqa şəkildə təmasa gəlmiş
bulunan bir adam sifətilə xatirələrimin ona aid olan qismini nəşrə qərar verdim.
Çarlıq rejiminə qarşı mücadilə Sovet istilası və əsarəti, Moskva yolunda,
Moskvada iki il və Moskvadan qaçış fəsillərini ehtiva edən bu xatirələr çağdaş
tarixçilərin işinə yarayarsa, sərf edilən əmək boşa getməmiş olar qənaətindəyəm.
Bu xatirələri Stalin həyatda ikən edilən bəzi təkliflərə rəğmən nəşr etmək
istəməmişdim; çünki obyektiv olaraq nəql olunacaq hadisələrin bir qismi, bir
baxımdan, qərəzli izaha yer qoya bilərdi. İndi isə bu ehtimal meydandan qalxmış,
Stalin artıq tarixə qarışmışdır.
|
ÇARLIĞA QARŞI MÜCADİLƏ
YARIM 100 İL ÖNCƏ
|
Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiya
imperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr
əsnasında bütün milli müəssisələrimizi dağıtmaq politikasını güdən çarlıq
məqsədinə pək də nail olmamışdı. Milli özəllikləri (xüsusiyyətləri) heç bir
zaman unutmamış xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən
yeni bir münəvvər nəsil yetişmişdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə
bildiyi vasitələrlə xidmət etmək istəyirdi.
1903-cü ildə Uzaq Şərqdə tarixi bir hadisə baş göstərdi. Avropa mədəniyyətinə
uyğunlaşmış Yaponiya Susima açıqlarında qoca rus imperatorluğunun ta Baltik
dənizindən qalxaraq gələn hərb gəmisini bir həmlədə suyun dibinə batırdı;
arxasından Port-Arturun fəthi və bir-birini qovalayan yapon zəfərləri gəldi.
Bütün dünyanı, xüsusilə Yaxın Şərq ilə şəxsən Rusiyanı həyəcana verən bu
hadisə çarlığın əsrlər görmüş binasını sarsıtdı. Rusiya daxilindəki hürriyyət və
ixtilal ünsürləri hərəkətə gəldilər: bunlar çar rejimindən məmnun olmayan xalq
kütlələrini inqilablaşdırmaq üçün əllərindən gələni əsirəmədilər. Bu məqsədlə
hər tərəfdə hürriyyət və demokratik fikirlərini yayan təşkilatlar quruldu.
Çarlığa qarşı mücadilə (mübarizə) edən siyasi zümrə və siniflər çarlığı
təşkil edən millətlər, zümrələr və siniflər qədər hər cür rəng və ahəng daşıyan
bir çox partiyalara ayrılmışdılar. Fəqət bütün müxalifət və ixtilal partiyası və
qruplarını müştərək bir bölünmə xətti ilə iki cəbhəyə ayırmaq qabildi. Bunlardan
bir qismi Rusiyada parlamentli bir idarə təsisi ilə kifayətlənir, mütləq çarlıq
(çarizm) rejimi yerinə məşruti (konstitusiyalı) bir krallıq qurmaq istəyirdi.
Bunlar liberal-burjua partiyaları idi. Radikal-demokratlarla sosialistlər ikinci
qismi təşkil edirdilər. Bunlar çarlığın devrilməsini, yerində demokratik bir
cümhuriyyət rejiminin qurulmasını tələb edirdilər. Eyni zamanda siyasi bir
inqilabla kifayətlənməyən bu qrupa daxil olan sosialist partiyaları Avropa
kapitalizmindən fərqli sosial bir reform proqramının tətbiqini də vacib
görürdülər.
Sosialist partiyaları idealist-xalqçı ideologiyasında sosialist-devrimçilərlə
(qısaca eser), tarixi materializm ideologiyası daşıyan sosial-demokrat (qısaca
esde) zümrələrinə ayrılırdılar.
Bolşevik-menşevik
mücadiləsi
Sosial-demokratlar məşhur London konqresində (1903) ikiyə parçalanmış; bir
qolu Leninin liderliyində bolşevik, digər qolu da Martovun liderliyində menşevik
fraksiyalarını təşkil edirdilər.
O sıralarda Qafqaz çarlıq idarə sistemi daxilində bir visruvalıq (vitse-krallıq,
canişinlik) şəklində idarə olunurdu. Əksəriyyətlə çar xanədanına mənsub bir
prins tərəfindən idarə olunan Qafqazın idarə və intellektual mərkəzini təşkil
edən Tiflisdə menşeviklər, petrol ocaqları (neft mədənləri) ilə olduqca
çiçəklənmiş bir sənaye mərkəzi olan Bakıda mədən və liman işçiləri arasında isə
bolşeviklər yuva qurmuşdular. Sosial-demokrat partiyası Tiflis ilə Bakıda adətən
bir qərargah qurmuş, bu iki düşmən fraksiyası ixtilal hərəkatı üzərində müəssir
olmaq üçün Qafqazın xalq kütlələrini qazanmağa çalışırdılar.
Məlum olduğu üzrə bu iki fraksiyanı bir-birinə toqquşduran ana mövzu məşhur
taktika məsələsi idi. Menşeviklər rejimə qarşı siyasi yolla mübarizə edərək
çarlığı devirmək, yerinə cümhuriyyət idarəsi qoymağa tərəfdar olub, sosializm
prinsiplərinin sosial quruluşda müəssir olmasını tələb etdikləri halda, mövcud
kapitalizm şərtləri içində sosial bünövrənin cəbr və inqilab yolu ilə deyil,
tədrici evolyusiya üsulları ilə gəlişdirilməsini (inkişafını) tövsiyə edirdilər;
bu məqsədlə onlar burjua sinfinin çarlıq rejimi əleyhində olan liberal və
radikal zümrələri ilə siyasi koalisiya yapmağı lüzumlu görürdülər. Bir inqilab
partiyası olaraq konspirasiya və gizli fəaliyyətdə olmasına baxmayaraq, bu
fraksiya üzvləri şərtlər əlverişli olunca qanuni imkanlardan da istifadə etməyi
lüzumlu bulurdular: bu məqsədlə onlar işçi (fəhlə) sindikalarına soxularaq
bunları işçi sinfinin həqiqi mənfəətlərini müdafiəyə ilk sırada önəm verməyə
təşviq edirdilər. Bir ixtilal partiyası olaraq bulunduğu konspirasiya şərtləri
daxilində belə menşeviklər demokratik üsullara sədaqəti zəruri görür, təşkilata
daxil komitələrin aşağıdan yuxarıya gələn demokratik bir seçim ierarxiyasına
qəti bir önəm verirdilər.
Halbuki bolşeviklər buna tamamilə zidd olan bir taktika yeridirdilər; bir
kərə bunlar burjua partiyaları ilə hər cür koalisiyanın əleyhində idilər; siyasi
bir sistem olaraq, çarlıq rejimi ilə birlikdə onlar iqtisadi bir sistem olaraq
kapitalizmi də devirmək əzmində idilər. İşçi sindikalarına, işçilərin ekonomik
mənfəətlərini müdafiədən ziyada bunları rejimə qarşı daima müxalif və mücadilə
edən bir ixtilal orqanı kimi baxırdılar. Partiyanın öz içindəki təşkilat
sisteminə gəlincə, aşağıdan yuxarıya gedən bir demokratik sistemi deyil,
yuxarıdan aşağıya gələn bir ixtilal sistemini müdafiə edirdilər. “İnqilabçı
azlıq” hakimiyyəti və mərkəziyyət bolşevik partiyasının dəyişməz şüarı idi.
O zamankı şərtlər
daxilində Bakı
Azərbaycan cümhuriyyətinin paytaxtını təşkil edən Bakı o zamankı şərtlər
daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar əleyhdarı hərəkatların
qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaşayan müsəlmanların və xüsusilə
Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik yapan bir şəhər idi.
Milli Azərbaycan hərəkatının hər dürlü siyasi, sosial, iqtisadi və kültürəl (mədəni)
hərəkatları üzərində müəssir olan mərkəzi müəssisələr əksəriyyətlə burada
bulunurdu. Bakı sənayesində, petrol ocaqlarında çalışan işçilərin böyük bir
qismi ilə orta məktəblərdə təhsil edən gəncliyin mühüm qismini Azərbaycan
türkləri təşkil edirdilər. Bu səbəblə burada fəaliyyətdə bulunan ümumi ixtilal
və müxalifət cərəyanlarının yanında müstəqilən hərəkatda bulunan yerli və milli
qruplarla təşkilatlar da vardı. O cümlədən tərəfimdən təşkil olunmuş, üzvləri
müxlif rus liselərində və digər orta məktəblərdə oxuyan Azərbaycan türk
tələbələrindən ibarət gizli bir dərnək vardı. Bu dərnək mənsublarının milli
hisslərini təhrik etmək, rus məktəblərində oxudulmayan türkcəni öz-özünə
ilərlətmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış ixtilal
şerlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmış bəyannamələr
dağıtmaq, işçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların
arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu. Dərnəyin mətbəə
üsulu ilə intişar edən bir də “Hümmət” adını daşıyan bir dərgisi (jurnalı) vardı.
Cəmiyyət və xüsusilə gənclik içindəki hər cür qaynaşma və birləşmələri öz
nüfuzları altına almaq üçün rəqabət edən bolşeviklərlə menşeviklərin fürsət
qaçırmayan propaqandistləri, təbii, bizim dərnəyə də soxulur, hər necə olsa da
bizləri öz hesablarına qazanmaq istəyirdilər. Bolşevik fraksiyası Tiflisə
nisbətən Bakıda daha qüvvətli idi.
Gərək bəhs etdiyim bu dərnəyimizə soxulan propaqandistlərdən, gərəksə başqa
şərtlər daxilində qarşılaşdığım çarlıq əleyhdarı bəzi şəxslərdən Bakıda bolşevik
fraksiyasını idarə edən Koba adında enerjili birisinin olduğunu eşitmişdim.
Stalinlə ilk təmas
Bakı Petrol Sənayesi İşçiləri Sindikası adını daşıyan bir təşkilat vardı;
işçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluş pərdəsi
altında gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu. Çarlıq əleyhində
gizli olaraq çalışan milli təşkilat üzvlərindən əmim oğlu Məhəmməd Əli yuxarıda
adı keçən sindikada katiblik vəzifəsini yapardı. Bir gün o, Kobanın bizimlə
görüşmək istədiyini xəbər verdi.*
Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllində bir fabrikanın
işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza zəif, üzgün və
ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək
pozuğu ilə çopurlanmış üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi
təbii və sərbəst bir əda ilə qarşıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir
rusca danışırdı. Adi xoş-beşdən sonra söz siyasi və sosial məsələlərə keçdi.
Şübhəsiz, müsahibə o günlərin ən aktual bir məsələsi üzərinə gələcəkdi. O
zamankı sosialistlər, ümumiyyətlə marksistlər, bolşeviklərdə xüsusən işçi
sinfini və xüsusilə proletariatı idealizə etmək bir moda idi. Koba proletariat
sinfinin digər siniflərə nisbətlə tarixən üstün bir sinif olması üzərində durdu,
dünyadakı ədalətsizliklərin əsil səbəbi mülkiyyət əsasına dayanan kapitalist
sistemindədir, dedi. Dünyanı həqiqətən məsum görmək istəyən həqiqi hürriyyət və
ədalət tərəfdarları ona görə bu sistemi kökündən yıxmalıdırlar. Millətləri və çalışan xalqları zülm və istibdadı
altında tutan çarlıq bu sistemə əsaslanmışdır. Çarlığın kökünü tamamilə kəsmək
üçün bu mülkiyyət sistemi yıxılmalıdır. Belə dərin bir inqilaba ancaq
mülkiyyətlə bağlı olmayan proletariat sinfi hazır olar. Çünki o heç bir şeyə
malik deyildir, onun malı ancaq iki əli ilə bir başıdır. İnqilab mövzusunda
yalnız proletariatın səmimiyyətinə inanmaq mümkündür. Marksistlərin məşhur
seçilmiş sinif nəzəriyyəsinə uydurulan bu formulu Stalin bir də praktikada
rastladığı bariz bir misalla təsvir etdi. Mən, dedi, bir qrup işçilərlə
konspirasiya şəraitində arada-sırada tapışır, təşkilat və təbliğat işlərilə
məşğul olurdum.
--------------------------
* Məlum olduğu üzrə “Koba” İosif Vissarionoviç Cuqaşvilinin ilk istifadə
etdiyi uydurma addır. Qafqazda ikən bu adı götürmüşdü; Stalin adını isə sonra,
Rusiya daxilində çalışmağa başlarkən qəbul etmişdi. Yenə məlum olduğu üzrə
“Koba” bir güclü romanından alınmış çarlığa qarşı mücadilə edən bir çete
qəhrəmanının adıdır.
Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün yoldaşlara şübhələndiyimi
söylədim, bu adam mənim heç xoşuma getmir, dedim. Etibar edə bilmirəm. Sonra bir
neçə dəfə qarşılaşsaq da, o adamı aramızda görmədim. Bir gün maraqlandım, nə
oldu bu yoldaş, dedim, niyə gəlmir, deyə soruşdum. İşçilər:
- Koba yoldaş, siz bu adama etibar yoxdur, dediniz ha!.. Biz də onu dərhal
təmizliyə verdik!.. dedilər.
İlk tanış olduğu bizlərə “proletariat sədaqəti” haqqında anlatdığı bu
əhvalatdan çıxarılacaq nəticə aydındır.
Kobanın Vışınskiyə bir
təbliği
Kobanı çox seyrək olaraq arada-sırada görürdüm. Dürlü konspirasiya şərtləri
daxilində nadir təsadüflər bizi qarşılaşdırırdı.
1905-ci ildən sonra çarlıq mexanizmasında baş verən sarsıntı və zəifləmək
üzündən bəzi yerlərdə bir sıra ixtilal yüksəlişi zühur edirdi. Bakı bu yüksəliş
yerlərindən biri idi. Burada müxtəlif vasitələrlə baş verən ümumi tətilllər,
siyasi nümayişlər və ümumi əfkarı çalxalandıran bir sıra soyğunçuluq, siyasi
qətl kimi hadisələrin havası içində müxtəlif ixtilal təşkilatlarının yarı gizli
fəaliyyətləri formalaşmaqda idi. Tez-tez toplantılar, konqreslər və konfranslar
olurdu.
Günün birində Bakı civarında petrol təsfiyəxanalarının (neftayırma
zavodlarının) bulunduğu Qaraşəhər deyilən bir məhəldə idik. Gecənin gec
saatlarında bir dülgər atelyesində çarlıq əleyhdarı müxtəlif inqilab
təşkilatlarına mənsub delegelərdən ibarət bir konfransda idik. Günün taktikasına
aid olan müştərək məsələlər müzakirə edilməkdə idi. Müzakirələr yuxarıda qeyd
etdiyim bolşevik-menşevik görüşü üzərinə cərəyan edirdi. Bolşevik görüşünü Koba,
yəni Stalin, menşevik görüşünü isə indi sovetlərin millətlərarası sözçülüyünü
yapan Andrey Vışinski müdafiə edirdi.
O zaman azərbaycanca intişar edən çarlıq əleyhdarı milli müxalifət orqanı
“Təkamül” qəzetəsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi.
Rus olmayan bir çoxları kibi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və
qramer xətası da yapmamış deyildim. Müzakirədə iştirak ilə təmsil etdiyim milli
müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə
vuran bolşevik görüşünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən o
zamankı menşevik Vışinski yapdığım yanlışlıqlara eyhamla:
- Yoldaş, ədəbi deyil!.. - deyə üslubuma taxıldı (sataşdı). Koba isə dərhal:
- Haydı, yoldaş Vışinski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim
daha ədəbi danışır?.. - deyə ona qarşı çıxdı.
Türkiyədə Gənc Türklər
inqilabı
1908-ci ildə Türkiyədə Gənc Türklər inqilabı baş vermişdi. Hürriyyətsevən
dərnəklərdə, xüsusən Qafqaz türk və müsəlmanlarının fikir və siyasi hərəkat
mərkəzi olan Bakıda bu hadisə günün mövzusu idi. Bir təsadüflə Kobaya rast
gəldim.
- Osmanlı inqilabı haqqında bizim dərgiyə bir məqalə yazsanız, dedi.
“Bizim dərgi”dən məqsədi yuxarıda bir münasibətlə qeyd etdiyim Sənaye
İşçiləri Sindikasının orqanı “Qudok” (“Düdük”) idi. Məqaləni yazdım. “Qudok”
redaksiyonuna gətirdim. Redaksiyanın o zamankı bir çox müəssisələr kimi iki üzü
vardı. Bir üzü rəsmi idi. Dərginin hökumətdən icazə almış imtiyaz sahibi və
məsul müdiri işçilərdən Saşa Samartsev adında birisi idi. Bunun arxasında
dərginin bir də gizli bir redaksiya heyəti vardı ki, buraya Koba ilə Timofeyev
adında partiyalı bir münəvvər daxildi. Heyət bir çəkməçi dükanının pərdə ilə
ayrılan arxa tərəfində toplanırdı. Türkiyədəki məşrutiyyət inqilabı haqqında
yazdığım məqaləni burada, bu çəkməçi dükanında oxuyacaq, tədqiq edəcəkdik.
Məqaləni oxuduq. Timofeyev onu şiddətlə tənqid etdi:
- Öz burjuaziyamızı tənqid edir və hətta ona xor baxırıq. Rəsulzadənin
məqaləsində isə Türkiyə burjua inqilabı öyülür. Özümüzdə xoş görmədiyimiz bir
şeyi nə deyə Türkiyədə xoş görüb, idealizə etməliyik? - dedi: məqalənin rəddini
istədi.
Koba müdaxilə etdi:
- Yoldaş yanılır, məsələni çox bəsitləşdirirsən, - dedi. - Rusiya şəraiti ilə
Türkiyə şəraiti bir-birindən ayrıdır; bizdə bir reaksiyon deyə hesab olunan
hadisə Türkiyədə bir tərəqqi hadisəsidir. Rəsulzadənin məqaləsi çox yerindədir,
orada yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır.
Nəhayət, məqalə basıldı.
Bizim 200 rublə
Yuxarıda izah etdiyim hərci-mərc illərində Rusiyada və Qafqaziyanın hər
tərəfində olduğu kimi, Bakıda da müxtəlif izinli və izinsiz cəmiyyətlər
fəaliyyət halında idilər. Ümumi xeyir işləri və maarif yapan cəmiyyətlərlə
bərabər gizli fəaliyyətlərdə bulunan siyasi-ideoloji təşkilatlardan başqa
hökumət idarəsindəki zəiflikdən istifadə edən bir çox soyğunçu dəstələri də
fəaliyyətdə idilər. Müxtəlif ideyalar namına möhtəkirlik yapan bu quldur
dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları
girov pulu müqabilində buraxır, çox kərə böyük firmalara göndərdikləri təhdid
məktubları ilə bunları xəraca bağlayırdılar. Bakının məşhur milyonerlərindən
Musa Nağı bir aralıq tutulmuş, verdiyi böyük miqdarda bir nicat puluna müqabil
hürriyyətinə qovuşmuşdu. Hali-fəaliyyətdə bulunan bu quldur dəstələri arasında
bolşevik partiyası hesabına çalışan bir dəstənin də mövcudiyyətindən bəhs
olunurdu. Bu çetenin başında isə Erivan meydanının qəhrəmanı (bu hadisə
məşhurdur) şəxsən Kobanın bulunduğu sonradan öyrənilmişdi.
Sonraları, İstambulda eşitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili
olduğundan burada zikr edim:
Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini
verdikləri dolğunca maaş müqabilində Bakının “qoçu” deyə məşhur olan qoçaqlarına
əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev
deyilən birisilə bağlaşmışdı. Bu zat 1927-28-ci illərdə emiqrant ikən İstambulda
bir çoxlarına Bakıya aid xatirələri arasında şayani-diqqət bir hekayə danışmışdı:
Bolşevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan şöbəsinə
bir məktub gəlir. Məktub 50000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara
təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i çağırır və
ondan təyin olunan saatda terroristlərlə qarşılanmasını tələb edir. H.M. bir
neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaşı ilə Koba (yəni
Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxışla H.M.-i süzən Koba ona
ismi ilə xitab edərək qandırıcı bir ifadə ilə:
- H., deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarşı vuruşan bir
işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz işçilər bu zülmün
altındayıqsa, siz müsəlmanlar iki zülmün altındasınız. Başqasının xüsusi
mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər
etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət
olaraq sizin hürriyyətiniz də bunun içindədir.
Bundan sonra H.M. bəyin müqaviməti qırılır və həmən arkadaşlarına dönərək:
- Biz pas, deyir.
Mahiyyətinə qısaca təmas etdiyim bu dövrdə mən Bakıda maarif yayan “Nicat”
cəmiyyətinin rəyasətində bulunurdum. Bu, rəsmi icazə ilə fəaliyyət yapan bir
cəmiyyət idi. Onun pərdəsi altında siyasi fəaliyyətdə bulunan gizli bir qrup
gizlənirdi. Bu qrup çarlığa qarşı konspirasiya yapan bütün ixtilal partiyası və
qrupları ilə təmas halında idi.
Günün birində bolşevik partiyası maliyyə komisyonuna mənsub üzvlərdən bir
neçəsi mənə müraciət etdi:
- Müştərək bağ gəzintisi yapaq, siz rəsmi ünvanınızı verir, biz də şəhərdə və
cəmiyyət içində nüfuzu olan məşhur xanım və bəylərdən, tanınmış aktyor və
aktrisalardan mürəkkəb bir dəstə ilə bağ gəzintisinin başarılı olmasını təmin
edərik, dedi.
Nəticədə: “Necə olur-olsun, gəliri aramızda bölüşdürərik” təklifində bulundu.
O dövrdə bu kimi kombinasiyalar adi işlərdəndi. Bunun heyrət ediləcək bir
tərəfi yoxdu. İdarədəki yoldaşlarla görüşdüm. Hamısı çarlıq əleyhdarı adamlar
olduğundan təklifi iyi qarşıladılar. Hərəkətə keçildi. Bağ gəzintisi başlandı.
Bakının məşhur vali bağçasında tərtib olunan bu bağ gəzintisi üç gün davam
edəcəkdi. Gəzintinin ilk günü başarılı oldu. Yaxşı gəlir əldə edildi. Bu temp
ilə davam edəcək olursa, gəzintinin tam bir gəlir verəcəyi hər dürlü şübhənin
xaricində idi. İkinci gün də gəzinti eyni temp ilə davam etdi.
Bu arada şərikimiz maliyyə komisyonu üzvlərindən Serebryakov mənə müraciət
edir: “Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayıl burnu deyilən
xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən də bunun
sakinlərindəndim) qaçırmaq istəyirik, deyir. Bağ gəzintisinin başarılı olduğu və
yaxşı hasilat verəcəyi şübhəsizdir. Bizim hissəmizə düşəcək gəlir hesabına
yoldaş Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə gəzintinin
müdiri sifətilə 200 rubləlik bir avans versəniz minnətdar olarıq”, deyir; işin
təcili olmasını da Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi ilə
göndərmək zərurəti ilə izah edir. “Hər ehtimala qarşı bəklədiyimiz nəticə
aldığımız avansı qapamayacaq olsa, hissəmizə düşən açığı dərhal ödəməyi təəhhüd
edirik”, deyə təminat verməyi də ihmal etmir. Məsələni yoldaşlara deyirəm:
istənilən avansı verməkdə bir maneə görülmür.
Bağ gəzintisinin üçüncü günü kassadakı pulun hamısını, lotareya üçün
zərgərlik mağazalarından borc edilmiş gümüş əşya qalıqlarını və sairəni
toplayaraq gəzintinin baş qadın müdiri madam Baykova, “maliyyə komisyonu” üzvü
və “Nicat” cəmiyyəti idarə heyəti üzvlərindən bir yoldaşla birlikdə nəticəni bir
hesabat halında təsbit etmək üzrə madamın evinə doğru hərəkət edirik. Qubernator
iqamətgahının yanında bulunan şəhər bağçasından aralanmış, elə yan küçələrindən
birinə dönmüşdük ki, əli silahlı banditlər arabalarımıza hücum edir, kassa pulu
ilə gümüş əşyanı alır, üstəlik madamın bilərzikləri ilə sırğalarını da çəkib
qeyb olurlar.
Təxmin edəcəyiniz bir həyəcan və təəssür içində madamın evinə gəlirik; normal
protokol yapacağımıza polis zəbti hazırlamaq lazım gəlir.
Bağ gəzintisi gözlənilmədən bir fiasko ilə nəticələnmişdi. Bizim şəriklər
indi zərərləri qapamaq deyil, aldıqları 200 rubləlik avansı belə qaytarmaq
niyyətində deyillər. Bu gün-sabah deyə məsələni boyunlarından atırlar.
İşin arxası var: Soyğunçuların bizzat bolşeviklər partiyasına mənsub
terroristlər olduğu qüvvətlə söylənilir.
Lenin iş başına gəlincə çarlığın millətlərarası bütün borclarını ləğv etmiş
ikən, 1903-cü ildə Rusiya Sosial-Demokrat Partiyasının konqresini finansə etmək
üçün yapılan borcu dərhal ödəmiş, “İnqilab öz borcunu ödəyər!” deyə
lovğalanmışdı.
Ya bizim 200 rublə...
|
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN BOLŞEVİKLƏR TƏRƏFİNDƏN İŞĞALI
|
1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı Stalinin imzalarını
ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya imperatorluğu daxilində 14:40 18.05.2005
bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə
Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini
təmin edirdi.
Təntənəli şəkildə ifadə olunmuş bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci
ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına
gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu
hissələri tərəfindən zorlanmış, 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus
hissələri tərəfindən istila edilmişdi.
Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiş, hər cür
müqavimət hərəkatları amansız surətdə basdırılmışdı. Qızıl Ordunun aktiv yardımı
ilə məmləkət sovetləşdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı
mühafizə edilirdisə, işdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır;
liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə
ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza makinəsi (maşını) durmadan
çalışır (işləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından
yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular.
Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmırdı.
Bakıda "Osobı Otdel"
həbsxanasında
Bu şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski mücadilə
arkadaşlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk etmiş, əski
Şirvan vilayətinin mərkəzi Şamaxı civarında Qafqaziya sıra dağları ətəyində
Lahıc deyilən bir yerdə gizlənmişdik.
Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəşf edilmiş, yaxalanaraq Bakıya
geri gətirilmiş və o zaman Çeka deyilən siyasi polis müəssisəsinin fövqəladə
işlər şöbəsi olan “Osobı otdel”ə təslim edilmişdik.
“Osobı otdel”də bizi həbsxana halına gətirilən əski, böyük bir binanın bir
otağına qapadılar. Otaq deyib üstündən keçməyək. Zatən bu qoca binanın təsəvvür
edilə biləcək adi bir otağı deyildi. Bayağı bir mətbəx idi. Alt qatda günəş
görməyən qaranlıq bir mətbəx otağı. Yeri asfalt olan bu otaqda yataq və
ümumiyyətlə mebel namına heç bir şey yoxdu. Üstümüzə üzərimizdəki yay paltosunu
çəkə bilsək də altımıza döşəyəcək bir şeyimiz yox idi.
İlk düşüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə aramaq idi.
Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaş Abbasqulu da çarlıq
dövrünün həbsxanalarını boylamış adamlar idik. O zaman da asfalt zəmin üzərinə
yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu.
Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir şey bulunamazmı,
deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeşik vardı. Bunları bizim
ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə
verdilər. Bunları altımıza döşəyərək eləcə yatdıq.
Bir-iki gün iki yoldaş mətbəxin yeganə sakinləri idik, iki gün sonra “mətbəx
ailəsi” yeni gətirilən bir-iki “müsafir”lə də bollaşdı. Bunlardan şəhərdə
olub-bitənlərdən bir dərəcə məlumatlandıq. Paytaxta gətirildiyimizin əhali
üzərindəki ilk əks-təsirinə vaqif olduq. Bunlar bir tərəfdən üzücü, bir tərəfdən
də sevindirici idi. Cəlladlığı ilə hər tərəfə qorxu təlqin edən Pankratov kimi
birisinin müdir bulunduğu “Osobı otdel” həbsxanasındakı müqəddəratımız hər kəsi
əndişədə buraxır və mümkün olacaq hər cür fənalıqları önləmək üçün hər kəs
əlindən gələn təsiri-icradan geri qalmırmış.
Mətbəxdə bulunduğumuz üçüncü və dördüncü günü idi. İlk dəfə olaraq xarici
aləmlə bir növ təmas hasil oldu. Bizi tutulduğumuz yerdən Bakıya qədər ötürən
birisi vardı. İsmini Zərgər deyə qeyd edəcəyim bu adam əskidən Bakının baş
caddələrindən birində zərgər mağazası tutardı. İndi bolşeviklərin özəl (xüsusi)
işlərinə xidmət edən bir vəzifədədir. Ümumi əfkar onu “bolşevik casusu” deyə
tanıyır. İndi bu “casus” bizi mətbəxdə ziyarət edir. Məqsədi bizdən bir
“rekomendasiya” almaqdır. Şəhərdə hər kəs onu bizə qarşı pis rəftar etməklə
ittiham edirmiş. Halbuki bizimlə nə qədər yaxşı rəftar etdiyinə şəxsən biz
şahidik. Həm də buraya bir neçə gün sonra sərbəst buraxılacağımızı muştuluqlamaq
üçün gəlibmiş. Yalnız bir ricası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün
mən ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o
bunu onu tənqid edənlərə göstərsin, onun bizə pislik deyil, yaxşılıq yapmış
olduğunu isbat etsin. Onu təskin etdim: “Söylənənlərə əhəmiyyət vermə - dedim. -
Madamki bir neçə gündən sonra hürriyyətə qovuşacağıq, o zaman bir ziyafət verər,
orada sizin bizə nə qədər yaxşılıq etdiyinizi deyərik, məsələ bitər”. Beləcə
əcaib bir şəkildə istənilən etibarnaməni rədd etdik.
Eyni gündə bizə evdən bir paket içində yemək göndərilmişdi. Yeməklər bir
qəzet kağızına bükülmüşdü. Bu kağız bir neçə gün əvvəl intişar edən türkcə
“Kommunist” qəzetinin bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti
nə cür bir ciddi-cəhdlə oxuyacağını, şübhəsiz, təxmin edərsiniz. Qəzetə dərhal
bir göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri dr. Nəriman Nərimanovun
imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan
mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: “Məmməd Əmin Rəsulzadəni
vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta
gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin
bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”.
Bu xəbər mətbəxə gələn yeni “müsafir”lərin anlatdıqlarını təsdiq mahiyyətində
idi. Əski Zərgərin əldə etmək istədiyi “hüsni-hal vəsiqəsi” də bununla bağlı
olacaqdı. Sonralar öyrəndiyimə görə bu günlərdə İran məşrutə hərəkatında mənimlə
bərabər çalışdığım Heydər xan Əmioğlunun da böyük bir əlaqəsi olmuşdur.
Heydər xan İranın ən yaxın tarixində mühüm rol oynamış qafqazlılardan biridir.
O, İran məşrutəçiləri arasında “Heydər xan Bombi” (Bombaçı Heydər xan) deyə
məşhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli şahın baş naziri məşhur
irticaçı Əminüddövləni öldürən fədai Abbas ağaya bombanı verən o idi; bunun kimi
Təbrizdə yenə məşrutiyyət mücadilələri əsnasında şah tərəfdarı, məşhur irticaçı
Şücaüddövləni poçt ilə göndərdiyi bir “cəhənnəm makinası” ilə partladan da odur.
Bir terrorist və bir inqilabçı olaraq onun mücahidlər üzərində dərin bir nüfuz
və təsiri vardı. O zaman İran inqilab hərəkatlarında şah tərəfdarı əski
rejimlərə qarşı mücadilədə yerli tərəqqipərvər və məşrutiyyətçilərə yardım üçün
gələn qafqazlı ünsürlərlə yaxından əlaqəsi olan bu Heydər xan indi Bakıda olur
və başındakı bir qrup mücahidlərlə İran hərəkatlarına iştirakla əlaqədar bəzi
kombinasiyalar düşünürmüş. Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca,
İrandakı məşrutiyyət hərəkatı zamanı yaranmış dostluq naminə həmən hərəkətə
keçmiş, başda dr. Nəriman olmaq üzrə Sovet Azərbaycanının bütün nüfuzlu
şəxslərinə baş vuraraq, “Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!”
demişdi.
Anormal “mətbəx həyatı” yavaş-yavaş özünəməxsus bir forma alır. Saatlar saatı,
günlər günü qovalayır. Gələn yeni “müsafirlərdən” duyulan cürbəcür
söyləntilərdən gündəlik “həvadislər” alır, müqəddəratımızı gözləyirik. Bütün
bunları və mətbəximizdə öz formasını alan hər şeyi burada təfsir etmək
niyyətində deyiləm. Buradakı məhrumiyyətləri, yemək deyə verilən bulaşıq suyu
andıran şorbalar və sairə üzərində də durmaq istəmirəm. Mövzum ümumi xatirat
yazmaq deyildir. Təfərrüata yalnız ələ aldığım əsil mövzu ünsürlərini bir-birinə
bağlamaq surətilə təmas edirəm.
Həbsxanada Stalinlə başbaşa
“Mətbəx”in yeni “müsafir”lərindən şəhərdə olub-bitənlər haqqında məlumat
alırdıq. Bunlar şəhərdə “Padvalyon” adında gizli bir cəmiyyətin kəşf
edildiyindən bəhs edirdilər. “Padval” rusca bir sözdür, zirzəmi deməkdir. Qızıl
Ordu tərəfindən yeni işğal olunan Bakıda, burada qalan türkiyəli əski mühacir
zabitlərindən bir qismi ilə limanda olan matroslar arasında guya ki bir anlaşma
olmuş, bunlar yerlilərdən bir qismi ilə sözləşərək, hökumətə qarşı qiyam
hazırlayırmışlar.
“Təşkilat” üzvlərinin görüş yeri şəhərin əski Nikolay, sonra Parlament, indi
də Kommunist küçəsi deyilən böyük küçəsində zirzəmidə yerləşən bir dükan imiş.
Bu münasibətlə onlara zirzəmiçilər mənasına gələn “padvalyon” deyirmişlər.
“Padvalyonçuların” nə üçün həbs edildikləri haqqındakı yarı ciddi, yarı zarafat
hekayələrini böyük əlaqə ilə dinləyirdik ki, qapı açıldı. Gözətçi içəri girdi.
Mənə xitab edərək, yoldaş Rəsulzadə (məhbuslara da yoldaş deyə xitab olunurdu),
arxamca gəlin, dedi.
Saat 17 idi, axşamın bu gec saatlarında kameradan bu şəkildə götürülənlər,
adətən gedər, bir daha dönməzdilər. Bu, “xərclənməyə” götürülən bir saatdır.
Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaş Abbasqulunun rəngi qaçdı,
məlul və məhzun gözlərilə mənə baxdı. Zorla zəbt olunan bir həyəcanla
qucaqlaşdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırammış kimi ayrıldım.
O, titrək bir səslə xeyir-dua verir, mən də ona əhəmiyyət vermə, qorxma deyə
təsəlli verirdim.
Mən öndə, gözətçi də arxada gedirik. Qaranlıq koridorlardan keçdik (neft
mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən gecələr lampa
yandırılmaz). Bu yolun çox da yabançısı deyildim. Bir dəfə yenə bu koridorla
Pankratovun hüzuruna aparılmışdım. Burada bir heyət məni istintaq etmişdi. Hiss
etdim ki, yenə Pankratovun yanına aparılıram.
Gəldik. Elə buradır. İki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını
açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun yanında uca boylu
Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır.
Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq:
- Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, - dedi.
- Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, - dedim.
Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən zatı
tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı. Stalin həmən Pankratova müraciətlə, bizi buraxın, dedi.
Pankratov çıxdıqdan sonra mənə:
- Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq, - dedi.
- Dünya belədir, hər şey ola bilər, - dedim.
- Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, - dedi.
Mən bir ləhzə gözünün içinə baxdım.
- “Müsavat” partiyasına mənsub olmaq töhmətilə işçilərin qruplar halında
güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağını
düşünəcək qədər sadə deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram,
çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur.
Stalin mövzunu əlüstü dəyişdirdi.
- Mən bunun üçün gəlmədim, - dedi. - Buraya gəlincə məhbus olduğunuzu
öyrəndim. Sizinlə görüşəcəyimi yalnız dr. Nərimana söylədim, - dedikdən sonra
sözünə davam etdi. - Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) Sizdən
qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox,
ömrü olduqca həbsdə qalsın, təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini
Sizə rəva görmürəm. Siz əski mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də
budur. Çar istibdadına qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı
rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət
olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda
çürüdüləcək bir insan deyilsiniz. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz
burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək - ki bunu mən Sizə şəxsən
tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər
hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər - istəsəniz
dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. Düşünün,
danışın, bəlkə də bizimlə əməkdaşlıq yaratdınız!..
Stalinin “Rusiya”dan bəhs açan rəsmi “müqəddimə”dən əski “mücadilə
dostluğundan” bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu ifadəsinə eyni
şəkildə cavab vermək lazım idi.
- Bu qədər hadisə olub-bitdikdən sonra “əməkdaşlıq” müzakirə mövzusu ola
bilməz, yoldaş Koba, - dedim.
- Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməyəcəkdik, -
dedi.
Bu cümlə ilə nəyə işarə edildiyi izah edilməzsə, ən yaxın Azərbaycan
tarixinin təfərrüatına vaqif olmayan oxucular məsələni yaxşı anlamazlar. Bunun
üçün bir az təfsilat verim:
Şaumyan Sovet hökuməti tərəfindən inqilabın ta əvvəlində Qafqaz fövqəladə
komissarlığına təyin olunmuş kommunist bir erməni idi. Hələ bolşeviklərin əlində
olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama eyni zamanda Şərqi
Anadoluda hənuz rus orduları işğalı altında olan vilayətlərdə Böyük Ermənistan
təşəkkülü məqsədilə bir referendum təşkil etmək vəzifəsi də bir dekretlə bu
Şaumyanın öhdəsinə buraxılmışdı. 1905-ci ildən bəri tanıdığım Şaumyan 1918-ci
ilin başlarında Bakıda mənimlə görüşərək öz missiyasından bəhs etmiş və
“Müsavat” firqəsinə əməkdaşlıq təklifində bulunmuşdu. Bizdən hüsni-qəbul
görməyən Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin şiddətli bir
müxalifətilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada eyni ilin 31 martında
cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini təhrik edərək Bakıdakı
türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmişdi.
Stalin indi bu hadisəyə işarə edirdi. Bununla o, bir tərəfdən 1918-ci ildəki
mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir, digər tərəfdən də o
zamanın erməni məsələsində alınan bolşevik istiqamətini sözarası tənqid etməklə
türk-erməni ixtilafını istismar etmək istəyirdi.
Stalinə dedim:
- Məsələ Şaumyanın şəxsiyyətində deyildir, yalnız 1918-ci ildə deyil, siz
buraya indi də gəlməməli idiniz!
Stalin diqqətlə üzümə baxdı. Lisaniylə deyil, halı ilə “nə üçün” deyə
soruşurdu:
- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus
hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə soruşurdu.
- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus
hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə davam etdim.
Fikrimi bir misalla izah edərək əlavə etdim:
- Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet hökuməti qururlar, bu
necə olar? - deyə soruşdum:
- Bizdən daha yaxşı tətbiqat yaparlar, - deyə Stalin gülümsədi.
- Fəqət rus xalqı da daha yaxşı idarəni necə qəbul edər?.. Təxmin edə
bilməzsinizmi? - cavabını verdim.
Stalin mənalı bir baxışla üzümə baxdı...Bu baxışda rus xalqının ruhiyyatını
mən daha yaxşı bilirəm, deyən ifadə vardı. Stalin bir ləhzə düşündükdən sonra
mövzunu dəyişdirdi.
- Yaxşı, - dedi, - olan olub, keçən keçib. İndi nə düşünürsünüz, ondan
danışaq.
- Sizin, - dedim, - burada Pankratovun bu masası başında bir heyət məni
istintaq edirdi. İstintağı idarə edən müstəntiq, fəhlədən yetişmə bir gənc idi.
Məndən soruşurdu.
- Dağlarda dolaşırdınız, orada yaxalandığınız zaman nə düşünürdünüz? - deyə
məndən cavab gözləyirdi. Ona:
- Hadisələri müşahidə ilə məşğul idim, - cavabını verdim. Qane olmadı. Məni
daha çox danışdırmaq istəyirdi, dedi ki:
- Necə ola bilər, Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan
hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir adamın
hadisələr qarşısında passiv bir müşahidə durumunda qaldığına inana bilərəmmi?
Biz sizin həbsxananızda ikən düşünür, özümüzə görə bəzi planlar qururduq.
Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç bir şey
düşünmür, sadəcə müşahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız? - deyə
müstəntiq üzümə baxdı, ona:
- Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiş olar,
- cavabını verdim.
Onunla bütün səmimiyyətlə, əlbəttə ki, danışa bilməzdim; çünki məni yaxşı
tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir şey deyə düşünər, səmimi
qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan bir əda ilə danışan
Kobaya müstəntiqin anlamadığı “ədalət”in əsil səbəbini izah edə bilərəm.
Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını
tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüzün yetdiyi qədər müqavimət
göstərdik. Üstün qüvvə ilə yurdumuzu bundan sonra davam etdirməyə bizim
qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım
gəlirdi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr
Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə
düşmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə
yardım üçün Azərbaycandan keçid istəmək şüarı altında məmləkətə soxulursunuz, bu
məqsədlə burada olan macəraçı bir qrup ünsürdən də istifadə edir və ümumi-əfkarı
aldadırsınız. Yaranmış bu şərtlər daxilində biz iki od arasında qalan bir adam
vəziyyətində idik. Bu vəziyyətdə bizə əlverişli vaxt gəlincəyə qədər gözləmək
lazım gəlirdi. Müstəntiqinizin anlamadığı şey bir “ətalət” deyil, bir “intizar”
idi. Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını
saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik.
Stalin:
- Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət
etmək imkanındasınız; o halda bizə qarşı nə edərdiniz? - deyə soruşdu.
- Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq, - dedim.
- Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq
özünüzü idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız
lazımdır, - dedi; mən:
- Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət
Nərimanın anlaşdığı tərzdə yox, - dedim.
Stalin güldü:
- Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?! - dedi.
Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir
nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim “Hürriyyət”ə gətirdi. Bakıda
qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək istəyirdi. Ona dedim
ki:
- Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus
olaraq düşünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində salim
bir baş ilə düşünüb, həll etməyə üstünlük verirəm.
- Yaxşı, - deyə razılaşdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi.
Söhbət əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruşması
münasibətilə anlatmış olduğumdan, içəri girən Pankratova:
- Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir
otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin, - deyə əmr etdi.
Ayrıldıq, gözətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus dostlarım sevinc içində
idilər. Abbasqulu arkadaşımın isə şadlığı intəhasız idi.
Belə ha, demək bu gediş “xərclənmə” gedişi deyilmiş!..
Xüsusi otaq
İki-üç saat sonra gözətçi təkrar gəldi. “Əşyanızı yığın, yoldaş Pankratov
Sizi münasib bir otağa köçürmək haqqında əmr verdi”, - deyir.
Mətbəxdəki dostlarıma təkrar bir hüzn və əndişə gəlir. Bu hiylə olmasın deyə
düşündükləri üzlərinin ifadəsindən, gözlərinin baxışından bəllidir. Mən
dostlarımdan çox da ayrılmaq istəmirəm, amma rədd etmək də yaxşı düşməz. Baxaq
görək sonrası necə olur... Dostlarımla vidalaşır, gedirəm; gözətçi əşyalarımı
arxasına alıb, dalımca gəlir.
Məni Pankratovun özünün yaşadığı mənzilin yanında qapısı müştərək balkona
çıxan xüsusi bir otağa gətirirlər. Çılçırpaq olan bu otağın mətbəxdən fərqi
yerinin taxta olması və bir də çarpayı yerini tutan taxtadan bəsit bir
çarpayının olmasıdır.
Payızın sonları olduğundan otaqda isitmə sistemi olmadığından insanın
iliklərinə işləyən soyuq bir hava var idi. Mətbəxdə heç olmasa əlimizə keçən
taxta parçalarını, qəzet və sair kimi kağızları yandırır, bir az da olsa
isinirdik. Əlavə olaraq orada maddi istilikdən başqa mənəvi bir hərarət də var
idi; bir icma halında yaşayır, dərdləşirdik.
Gecəni bu soyuq tənhalıqda keçirərək sabah erkəndən bir fürsətlə balkonun
kənarına gəldim və oradan özümün salamat olduğumu göstərdim. Sevinclərini
uzaqdan bildirdilər. Abbasqulu hava öpüşləri göndərirdi.
Bir gün belə tənhalıqda keçdi. Ertəsi gün məni rəfiqəmlə görüşdürdülər.
Evdəki və şəhərdəki vəziyyəti ondan öyrəndim. Ona da vəziyyəti söylədim və
Stalinlə olan söhbətin xülasəsini bildirərək, dostların nə düşündüklərini və nə
tövsiyə etdiklərini öyrənib, gəlməsini istədim.
Beləliklə, dostlarla aramızda bir əlaqə yaranmış oldu. Bu vasitə ilə şəhərdə
olub-keçənlər haqqında əməlli-başlı məlumat ala bildim. Bizim tutularaq şəhərə
gətirilməmizin ümumi bir həyəcan doğurduğunu, rəsmi hökumət xəbərinin bu
həyəcanı sakitləşdirmək məqsədilə belə bir diplomatik əda ilə yazılmış olmasının
səbəblərini öyrəndim. Dostum Heydər xan Əmioğlunun mənim xatirimə etdiyi
cəsuranə demarşın təfsilatını xəbər aldım. Dostlar Moskvaya getməyimi daha
münasib bilirlər. Çünki burada qalmaq təhlükəli imiş, hər cür sürprizlərə hər
zaman məruz qala bilərəmmiş.
Vəziyyətimizin aydınlaşmasını
istəyirəm
Bir-iki gün də keçdi. Stalinin bizə vəd etdiyi “azadlıqdan” bir əsər-əlamət
yoxdur... Əndişəm artır. Vəziyyəti aydınlaşdırmaq üçün ağlıma bir tədbir gəlir.
Pankratovla görüşürəm; ona:
- İşim, münasibətlərində qətiyyət və aydınlıq sevən bir partiyanın əlindədir.
Yoldaş Stalinə çatdırın: vəd etdiyi azadlıq mənə həqiqətən rəva görülübsə, bu nə
zaman gerçəkləşəcək? Bu bir; sonra mənim işimlə əlaqədar Məhəmməd Əli ilə
Abbasqulu da tutulmuşlar. Bunların da mənimlə bərabər azad olunmasını rica
edirəm. Sonra, Moskvaya getməli olsam, orada tamamilə sərbəst ola biləcəyəmmi?
“Mənim işim” təbirini xüsusi vurğu ilə dedim. Çünki dostum Abbasqulu ilə
bərabər həbs edildiyimi bilirsiniz; Məhəmməd Əli də son dəfə bizimlə əlaqə
saxladığı üçün həbs edilmişdir. Bundan başqa ta çarlığa qarşı mübarizə
illərindən bəri sıx əlaqələrlə bir-birimizə sıx bağlı idik. Məhəmməd Əli də
Abbasqulu kimi müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət
daşıyan yoldaşlarım olduğu kimi milli hərəkatın son illərində də mənimlə eyni
sırada olmuşdu. 1911-ci ildə Bakıda “Müsavat” firqəsinin təşəkkülündə bu iki
dost mərhum Nağı oğullarından Nağı ilə birlikdə gizli təşkilatın ilk üçlüyünü
təşkil etmişdilər.
Pankratov xahişimi Stalinə çatdıracağını deyir, ayrılmaq üzrə ikən mümkün edə
bilərsə, məni təkrar mətbəxə köçürməsi üçün əmr verməsini xahiş edirəm:
- Mənə ayırdığınız otaq, şübhəsiz, daha təmiz, havalı və müstəqildir,
təşəkkür edirəm; fəqət orada yoldaşlarımla birlikdə bir yerdə idim, məni təkrar
yoldaşlarımın yanına qovuşdurmaq lütfünü əsirgəməyin, - dedim.
- Yaxşı, - dedi, ayrıldıq.
Təkrar mətbəxdəyəm. Məhbus yoldaşlarımla bir neçə günlük ayrılıq həsrətini
ortadan qaldırır, duyduqlarımız (eşitdiyimiz) yeni hadisələri bölüşdürür,
dərdləşirdik.
Yoldaş Stalin inciyib
Gözətçi Pankratovun məni təkrar çağırdığını xəbər verir, gedirəm. “Osobı
otdel” şefi ciddi əda ilə:
- Yoldaş Stalin Sizdən inciyib, - deyir.
Diqqət kəsilirəm. Üzümdəki sualı sezən Pankratov davam edərək Stalinin:
- Yoldaş Rəsulzadənin etimadsızlığını haradan qazandıq. Mənim vədimə niyə
şübhə edir?! - sözlərini çatdırdıqdan sonra cavab gözləmədən Stalinin adından
bunları deyir:
- Mən bir neçə gün də buradayam. Siz (yəni mən) mənimlə bərabər Moskvaya
gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün sərbəst buraxacaqlar. İstəsəniz
ailənizi də özünüzlə götürə bilərsiniz. Moskvada tamamilə sərbəst olacaq, həm
mənim, həm də Sovet hökumətinin himayəsində olacaqsınız. Ailəniz burada qalmalı
olsa, o da Azərbaycan Sovet Hökumətinin himayəsində olacaq. Yoldaşlarınız
Məhəmməd Əli ilə Abbasqulu da sizinlə bərabər gedəcəklər.
Nəticəni evə və onların vasitəsi ilə yoldaşlara çatdırdım. Yolçuluğa
hazırlaşır, hərəkət gününü gözləyirik.
Tam yerinə yetirilməyən vədlər
Gözlədiyimiz tarix gəldi. Azadlıq günü azadlıq saatına çevrildi. Məhəmməd
Əlini saxladığı başqa bir həbsxanadan “Osobı otdel”ə köçürdülər, mənimlə
birlikdə azad etdilər. Fəqət Abbasquludan xəbər yoxdur. Ona icazə verməmişlər.
Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt doğulmuş
iki aylıq oğlum Azər yatırdı. Atasının öpüşündən oyanan uşaq ağlayır. Onun və
digər ailə üzvlərinin və bu anda evə toplaşan yaxın qohumların üzüntüləri və
xeyir-duası içində vidalaşaraq, qapıda gözləyən maşına minir, vağzal yoluna
çıxırıq.
Dükan-bazarı bağlı, dərin bir hüznə dalan Bakının səssiz, həzin küçələrindən
keçirik. Vağzala gəldik. Moskva qatarı gözləyir. Stalinin gedəcəyi salon-vaqona
mindirildik, başda Stalin olmaqla böyük sovet xadimlərindən Serqo Orconikidze,
Budu Midivani (Ankarada milli Gürcüstan hökumətinin elçisi olan Semyon
Midivaninin doğma qardaşı) və başqaları burada idi. Stalin bizi qarşılayır.
- Yerli kommunistlər Abbasqulunu sizinlə bərabər göndərmək istəmədilər,
nədənsə onun əleyhinə böyük hiddət var, - deyir.
Bir az sonra doktor Nəriman Nərimanov gəlir, bizimlə salamlaşır və dərhal:
- Abbasqulu hanı? - deyə soruşdu. Abbasquluya icazə vermədilər deyirik.
O, tam bir heyrət içində:
- Hm..., biz onun da getməsini demişdik... - deyir.
- Siz ola bilsin ki, demişdiniz, amma olan oldu, icazə vermədilər...
Bir az sonra işğalçıların şaqraq qəhqəhələri, yerlilərin də həzin və
mütəəssir baxışları arasında qatar hərəkət edir.
Moskva yolundayıq. Normal şərtlər daxilində beşinci gün Moskvada olmalı qatar
indi ən azı on beş gün yol gedəcək.
Dərbənd divarları nə üçün
çəkilmişdir
İlk stansiya olan Dərbənddə bir-iki gün qalmaq lazım gəlir. Stalin məiyyətilə
bərabər Temirxanşuraya (indi Buynaksk) gedəcək, orada Dağıstan sovet
muxtariyyətinin təşkili mərasimində iştirak edəcək. Onu müşayiət edənlər
arasında o zaman Moskvada intişar edən “Vostok” (Şərq) jurnalının məşhur müdir
və mühərriri Mixayloviç (əvvəllər Volontyor adını daşıyan inqilabçı bir emiqrant)
da var. Bu imza ilə “Bakinski raboçi” qəzetində çıxan bir məqalədə tarixi
Dərbənd divarlarına aid bir yazı dərc edilmişdi. Hələ Sasanilər zamanında
çəkilmiş, sonra da ərəblər zamanında təmir olunmuş bu divarlar, Mixayloviçin
məqaləsinə görə, cənubdan gələn təcavüzlərə qarşı yaradılmış bir sədd olaraq
təqdim edilirdi. Uzaqdan görünən Dərbənd divarlarına baxmaqla bu məqalənin
həqiqətə uyğun olmadığını anladım. Stalin dərhal gözlərilə aradı və bir az o
tərəfdə başqaları ilə söhbət etməkdə olan Mixayloviçi çağırdı:
- Qulaq as, - dedi. - Sən özünü tarixçi hesab edirsən, bax Rəsulzadə nə deyir.
Dərbənd divarları cənuba deyil, şimala qarşı yaradılmış bir sədd imiş...
Salon vaqonda kimlər vardı
Stalinin salon-vaqonuna bağlanmış dəftərxana vaqonunda bizə bir kupe
ayrılmışdı. Bu vaqonda bizdən başqa vaxtilə Polşanın kiçicik qəsəbələrinin
birində silah zavodunda dəzgahdar işləmiş, indi Stalinin dəftərxana müdiri olan
Berzanovski də var idi. Yəhudi əslindən olan bu Berzanovski rus
aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə bərabər dəftərxana
katibliyi vəzifəsini daşıyırdı. Yanında əvvəlki ərindən 8 yaşlarında bir qızı da
var idi.
Bizim kupenin yanındakı kupeni də əvvəllər Peterburqda (sonra Leninqrad)
pinəçilik edən vaqon bələdçisi, simpatik Davidov işğal etməkdə idi.
Dəftərxana vaqonu bizim üçün eyni zamanda vaqon-restoran idi. Yeməyimizi
Berzanovski ailəsi və Davidovla birlikdə elə burada yeyirdik.
Uzun sürən yolçuluğumuzun yeksənək olduğunu söyləsək həqiqətə çox da uyğun
olmaz. Hər səhər qalxanda kupeni taxtabitilərdən təmizləmək tualetimizin zəruri
işlərindən idi. Bununla belə dəftərxana süfrəsində aylarla çəkdiyimiz sıxıntının
əvəzini çıxır, Azərbaycanın qara kürüsünü qırmızı vaqonda öz halal malımız kimi
yeyirdik.
Stalinin xatirələri
Yolçuluğun verdiyi fürsətlərdən istifadə edərək Stalin bizi ara-bir öz salon-vaqonuna
çağırırdı. Bəzən də dəftərxana vaqonuna gələrək oradakılarla ordan-burdan
danışırdı.
Bəzən madam Berzanovskinin qızı ilə söhbət edər, zarafatyanı “sən Dədə
Vilsonun 14 maddəsini bilirsənmi? - deyə “lətifə” danışar, bəzən də öz sərgüzəşt
və macəralarına aid xatirələr söylərdi. Şimalda sürgündə olduğu eskimoslar
arasında balıq ovu ilə dolandığı və bu işdə istifadə etdiyi üsul sayəsində
yerlilərdən daha müvəffəqiyyətli olması səbəbindən onların nəzərində az qala
kəramət sahibi bir övliya kimi göründüyündən və odur ki, şəxsiyyətinin sitayiş
edildiyindən açıq bir zövqlə bəhs edirdi. Stalin eskimosların gözündə hər şey
imiş; xəstələnəndə onun yanına gəlirlərmiş; o da verdiyi bəzi sadə həb və
tozlarla yüngül xəstəliklərin qarşısını alırmış. Bir gün eskimos dilbərlərindən
birisi müalicə üçün onun yanına gəlibmiş; müayinə əsnasında cinsi bəzi
vəziyyətlər alıbmış. Stalin əhəmiyyət verməyib. Halbuki bu dilbər, zəkası ilə
eskimoslar arasında məşhur olan bir qəhrəmandan hamilə qalmaq istəyirmiş...
Eskimoslar arasında görünən bu cinsi toleransa müqabil, sözü Qafqaz
millətlərindəki erotik əhlaqın ciddiyyətinə gətirən Stalin Dağıstanda təzəcə
verdiyi edam əmrini bizə danışır. Kommunist Partiyasının inqilab sahəsində
xidmətləri olmuş, sınanmış üzvlərindən biri komissar vəzifəsindən sui-istifadə
edərək, dağlı bir qızın namusuna toxunubmuş; Stalin onun ən böyük cəza ilə
cəzalandırılmasını əmr edib. Partiya və sovet xadimləri bu yoldaşın dəyər və
xidmətlərini nəzərə alaraq Stalinin yanında onun üçün zəmanət vermiş, fəqət o,
“qətiyyən olmaz, elə indi xalqın gözü qarşısında edam ediləcək” demişdir; çünki
“müsəlman xalqı bu xüsusda göz yummağı qətiyyən bağışlamaz!” Dağlardakı “adətlərə”,
buradakı “namus” anlayışına hörmət hökumətə etibar baxımından əsasdır.
İrana tətbiq olunan siyasət
Yol boyu söhbətlərdə, təbii ki, hər cür mövzulara toxunulur və əsasən
Qafqazda cərəyan edən hadisələrlə bağlı olaraq bir qrup tanınmış şəxslərin
oynadıqları rollardan və xarakterlərindən bəhs açılırdı. Qafqazdakı şərait və o
zamankı hadisələrdən xəbəri olanlar üçün maraqlı olması şübhə doğurmadığına
baxmayaraq, dünya əfkari-ümumisini çox o qədər də ilgiləndirməyən bu
təfərrüatdan sərf-nəzər edərək, yol boyu edilən söhbətlərdə toxunulan mövzuların
yalnız ən mühümlərini burada qeyd edəcəyəm.
Stalin bir gün İrana qarşı tətbiq edilən siyasət məsələlərinə toxundu.
- Mən Bakıya gələndə, - dedi, - baxdım ki, bizimkilər İrana hücum planları
hazırlayırlar. Dərhal mane oldum (o zaman Azərbaycanın sovetləşdirilməsindən
sonra yerli bolşeviklər İranın Gilan vilayətinə hücum edərək İran hökuməti ilə
ixtilafa düşmüşdülər).
Nə üçün mane olduğunu belə izah etdi:
- İranı sovetləşdirməyə başlamaq yanlış bir hərəkətdir. Orada nəinki
cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini möhkəmləndirmək belə kifayət
qədər mütərəqqi bir işdir. Sosializm və kommunizm prinsiplərini oralarda tətbiqə
girişmək macəraçılıqdan başqa bir şey deyildir, - dedi.
- Yaxşı, İran üçün təsbit etdiyiniz bu taktikanı niyə Azərbaycana tətbiq
etmirsiniz, demirəm; çünki bilirəm burada Bakı kimi bir sənaye mərkəzi və
proletariat hərəkatı vardır, deyəcəksiniz. Bəs Türküstan? Ona nə deyirsiniz;
oradakı şərait İrandakı şəraitə bənzəmirmi? Niyə “İran taktikasını” oraya tətbiq
etməyəsiniz?
Stalin bir az düşündü:
- Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmış ziyalılar var, - dedi.
- Bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi? - deyə etiraz etdim.
Mübahisəni dərinləşdirmədi.
Rus-alman əməkdaşlığı
O zamankı vətəndaş müharibəsi və inqilabi hadisələrin cürbəcür səhnə və
məsələlərinə təmas edən Stalin xarakterik bəzi hekayələr danışır və cümlələr
işlədirdi.
Dünya inqilabı tezisi söhbətlərin ana mövzusu idi. O, dünya inqilabının baş
tutması üçün rus-alman əməkdaşlığına fövqəladə əhəmiyyət verirdi. Bu baxımdan
Ropolloda bağlanmış müqaviləni öyürdü. Bu müqaviləyə görə rus inqilabi imkanları
ilə Almaniya yaradıcı qüvvələri arasında səmimi bir ittifaqın yaradılması lazım
idi; Rusiyanın dünyanı doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın
texniki istedad və qabiliyyəti bir araya gəlincə dünya inqilabının
müvəffəqiyyətinin qarşısını ala biləcək bir qüvvə tapılmaz; Lenin indi tətbiq
etmək istədiyi beşillik planla Rusiyanın kənd təsərrüfatını Almaniyanın möhtac
olduğu yeyinti məhsulları ilə təmin edəcək bir hala gətirmək əzmindədir, -
deyirdi.
İngilislərə qarşı nifrət
Dünya inqilabını qısır salan və dolayısı ilə müstəmləkə və yarımmüstəmləkə
halında olan bütün millətlərin azadlıq və qurtuluşlarına əngəl olan dünyada bir
qüvvə varsa, o da İngiltərə imperializm qüvvəsidir, - deyirdi.
Söhbət buraya gəlincə Stalinin səsi sərtləşdi və intiqam qığılcımı saçan
parlaq gözləri ilə uzağa baxaraq:
- Mənim vicdanımda 59 ingilisin qanı vardır. Yumruğu bükülü əlini havaya
qaldıraraq, bunları şəxsən öz əlimlə öldürmüşəm. İndi polkovnik Stoks deyilən
bir əclaf var, o da bir əlimə keçsə, ürəyim of deməz, o saat gəbərdərəm, - deyir.
Stalinin hiddət və nifrətlə andığı bu “əclafı” şəxsən tanıyıram. Onunla
1911-ci ildə Tehranda tanış olmuşdum. O zaman orada “İrani-nou” qəzetinin baş
redaktoru idim. Avropa üsulunda İranda ilk dəfə olaraq təsis olunan bu gündəlik
demokratik qəzet getdikcə artan rus nüfuzunun intriqaları ilə bağlanırdı. O
günlərdə Amerikadan İranın maliyyəsini islah məqsədi ilə gələn məşhur Morqan
Şusterlə etdiyim siyasi müsahibənin qəzetdə dərc edilməsinə görə Rusiya səfarəti
məni İrandan xaricə atdırmaq üçün təşəbbüs etmişdi. Dünya mətbuatı bizim
müqəddəratımızla yaxından maraqlanırdı. O cümlədən Parisdə çıxan “Siyeql”
qəzetinin Tehrana gəlmiş xüsusi redaktoru “İrani-nou” qəzeti ilə mənə həsr
edilmiş böyük bir reportaj dərc etmişdi. O zamankı İran xarici işlər naziri
yaxın dostum mərhum Hüseyn xan Nəvvab mənim şərəfimə verdiyi axşam yeməyinə indi
İran senatının sədri olan digər dostum Seyid Həsən Tağızadə kimi şəxslərlə
birlikdə “Telmis” qəzetinin müxbiri ilə ingilis səfirliyinin hərbi attaşesi
Stoksu da dəvət etmişdi. Stoks İrandakı irtica qüvvələrini müdafiə edən Rusiya
siyasətinin əzmkar müxalifətlərindəndi.
Daha sonra Stoksla görüşmüşdük. Birinci dünya müharibəsində qalib gələn
müttəfiqlər adından Azərbaycanda olan ingilis işğal qüvvələri komandanı general
Şatelvortun ştabında siyasi müşavir idi.
Stalinin adını hiddət və təhdidlə çəkdiyi Stoks elə bu Stoks idi.
İngilis-rus rəqabəti
Söhbət bir aralıq bolşeviklərin təqib etdikləri və edəcəkləri Şərq siyasəti
üstünə gəlmişdi. Bu məsələdə görüşlərini izah edərkən Stalin çarlar dövründəki
məşhur ingilis-rus rəqabətilə indiki ingilis-rus, onun təbiri ilə ingilis-sovet
münasibətlərinin bir-birindən radikal şəkildə ayrıldıqlarını anladaraq:
- O zaman iki yırtıcı qarşı-qarşıya durmuşdular; indi isə (bir müstəmləkəçiyə
qarşı bir xilaskar durur, deyəcəyini sezərək, sözünü tamamlamağa fürsət vermədən):
- İndi isə iki xilaskar durur, - dedim.
Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düşmənlərlə biz özümüz bacararıq,
anlamındakı rus zərb-məsəlini təkrar etdim.
İran haqqında xatirələrim
Söz dönüb-dolaşıb yenə İran üstünə gəlmişdi. Bu münasibətlə mən İrandakı
məşrutə hərəkatında iştirakımla bağlı orada gördüyüm hadisələrə toxunan
xatirələrimi danışırdım; o cümlədən təxminən 1911-ci ildə İrandan sürgün
edildikdən sonra İstambulda İran inqilabı haqqında təəssüratlarımın bir qismini
nəşr etdirdiyimi, digər qisminin isə nəşr edilməmiş qaldığını söylədim.
Stalin dərhal maraqlandı, bunları Moskvada nəşr edək, bizim üçün çox maraqlı
olar, - dedi.
- Yazılar yanımda yoxdur, Bakıda qaldı, - dedim.
- Məhəmməd Əli elə indi geri dönsün, materialları gətirsin, - dedi.
- Hələlik qalsın, birdəfəlik Moskvada yerləşdikdən sonra baxarıq, lazım
olarsa, Məhəmməd Əli oradan da Bakıya gələ bilər, elə deyilmi? - dedim.
Sultan Məhəmməd Fateh
Stalin bizə bolşevik partiyasının ona vermiş olduğu bir mövzunu işləməklə
məşğul olduğunu danışırdı. O, dövlət və inqilab işlərindən boş vaxtlarında
“Leninizmin əsasları” mövzusunu araşdırmaqla məşğul idi. Bu münasibətlə ideoloji
və tarixi bəzi məsələlər ətrafında söhbət etməyi sevirdi. Bir gün mənə:
- Mamed Saltan kimdir? - dedi.
- Mamed Saltanmı? Bu adı harada gördünüz? - deyə soruşdum. Yadına sala
bilmədi.
Plexanovda görmüş olduğunu sonradan başa düşdüm. Demə Mamed Saltan dediyi
şəxs Sultan Məhəmməd Fateh imiş.
Rus çarlığının qurucusu olmaqla bərabər çar mütləqiyyətinin də ideoloqu
sayılan Müdhiş İvan (İvan Qroznı) üçün Presvetov tərəfindən Sultan Məhəmməd
Fatehin idarəsini xülasə edərək yazılmış bir əsər vardır. Rus
sosial-demokratlarının məşhur ideoloqu Plexanov Rusiya tarixinə aid yazdığı
əsərində bu kitabdan iqtibasla “Mamed Saltan”dan bəhs etməkdədir. Stalinin heç
cür tanımadığı və öyrənmək istədiyi “Mamed Saltan” elə bu idi: Sultan Məhəmməd
Fateh!
Müdhiş İvan bir idealdır
Müdhiş İvan Stalinin dünya görüşündə çox kök salmış, nümunəvi bir simadır. O,
bir dövlətin ancaq terrorun işləndiyi metodlarla yaradıla biləcəyinə inanır.
Qurucu bir dövlət adamının ən təsirli istifadə etdiyi silah terrordur. Mərkəzdən
qaçan qüvvələri bir mərkəz ətrafında birləşdirmək üçün, onun fikrincə, İvanın
etdiklərindən başqa bir hərəkət qabil deyildir. Tarixin inkişaf amili xalq
deyilən amorf kütlə deyil, inqilabçı əqəliyyət (azlıq) zümrəsidir. Bu zümrə
məqsədə çatmaq üçün müəyyən bir plan qurar, kütləni bu plana uyğunlaşdırmaq üçün
onu zorlayar. Dünyanın bütün inqilabçıları belə etmişlər. Stalinə görə Müdhiş
İvan da bir növ inqilabçı idi.
Mən terrorun bir sistem olaraq faydalı olduğunu düşünmənin doğru olmayacağını
izah etmək istədim. Fransa inqilabından bəzi misallar gətirməyə başladım.
O, bir az dinlədi və:
- Yox, - dedi, yanılırsınız, terrorun, hələ kütləvi terrorun tarixdəki rolu
mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası
yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror başqa, onu qəbul və
tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir, - deyə davam etdi:
- Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən
öldürmək ki, kütləvi bir təsiri olsun, - dedi və əlavə etdi: “Biz tərbiyə etmək
üçün xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları
üçün onları lazım gəlsə kütlə halında cəzalandıracağıq”.
Demokratiya məfhumuna nifrət
Kütlənin məntiqlə qandırılacaq bir şey olmadığını isbat etmək üçün o vaxtilə
Tiflisdə menşeviklərdən Xomeriki ilə öz arasında olan bir macəranı danışdı.
- Mən, - dedi. - Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi
tərəfindən (komitənin başında Lenin dururdu) göndərilmişdim. Xomeriki də eyni
Sosial-Demokrat Partiyasının Tiflis Təşkilatı Mərkəzinin nümayəndəsi idi.
Əksəriyyəti fəhlələrdən ibarət olan yerli partiyaçılar kütləsi qarşısında
mərkəzi komitə ilə yerli təşkilatın iki nümayəndəsi sifəti ilə mənimlə Xomeriki
görüşlərimizi izah etdik. Bir həftə tamam mübahisə etdik. Bir neçə dəfə mən, bir
neçə dəfə də Xomeriki öz tezislərimizi müdafiə etdik. Nəhayət, münaqişələrdən
bir nəticə almaq lazım gəlirdi. Bir qərar layihəsini mən, bir qərar layihəsini
də Xomeriki qələmə alaraq iclasa təqdim etdik. İki qərar layihəsindən birini səs
çoxluğu ilə qəbul etməli idilər. Halbuki nə oldu. Müvəqqəti olaraq ikimizin də
iclasdan bayıra çıxmamızı tələb etdilər. Bir az sonra iclas yenidən başlandı və
bizi də çağırdılar. Nə qədər versələr bəyənərsiniz:
- Xomeriki yoldaşı çox sevirik, illərdir bizə başçılıq edir, onunla bərabər
işləmişik. Koba yoldaş da mərkəzi komitənin müvəkkilidir, onu da çox sevirik.
Düşündük-daşındıq; ən yaxşısı bu iki yoldaşı bir otağa salaq, qarşılıqlı
anlaşmaya gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar, biz də onu
qəbul edək, - deyə qərar verdilər.
Bu hekayəni danışdıqdan sonra Stalin bizə xitabla:
- Xomerikiyə bu da sənin demokratiyan! dedim, - deyir.
Demokratiyaya nifrətini və inqilabçı əqəliyyət prinsipinə, diktatorluğa
bəslədiyi simpatiyanı ifadə edən daha bir misal gətirək.
Rusiya inqilabının əvvəllərində “proletariat” sinfini idealizə etmək bir moda
idi. Proletariata əl dəyilməz, proletariat nə edərsə ona təhəmmül olunur,
müğayir şərtlər ortaya ataraq tətil edərsə də onu zorla işlətmək olmaz kimi
düşüncələr xüsusilə sosialist partiyalar tərəfindən demaqoji bir surətdə
“proletar əfəndilərə” təlqin olunmuşdu. Fəhlə sinfinə bu təlqini aşılayanların
başında şəxsən bolşeviklərin özləri dururdu. Elə bizimlə ilk tanışlığında şəxsən
Stalin də bu sinfi seçilmiş, qabaqcıl bir sinif deyə öymüşdü.
“Ağ”lara qarşı mübarizə əsnasında Volqa boyunda bir gəminin yükünü boşaltmaq
lazım gəlmiş, sahildəki fəhlələr işləmək istəməmişlər; Stalin o saat onların
içindən 20 adamlıq ilk partiyanı dərhal güllələtmiş, gəminin boşaldılmasını
təmin etmişdi. Bunu bizə böyük bir iftixarla danışırdı.
Xalq görsə inqilab olar
Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada
dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi.
Məhəmməd Əli:
- Yoldaş Stalin, bu niyə? - deyə soruşdu.
- Bayırdakılar masamızı görməsinlər, - dedi.
- Görürlər görsünlər, nə olar ki?..
- Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq
bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?
Trotskiyə qarşı dərin bir nifrət
Vətəndaş müharibəsi və inqilab zümrəsi içindəki çəkişmələrə,
bolşevik-menşevik münaqişələrinə aid cürbəcür mövzular ətrafında inqilab
aktyorlarından bəhs edən Stalin, Lenindən böyük bir ehtiramla bəs edir, onun rus
olduğunu yerli-yersiz qeyd edirdi.
O zaman adı Leninin adı ilə bərabər çəkilən Trotskinin hər şeydən əlavə
yəhudi olması səbəbindən başda ola bilməyəcəyini söylərdi. “Xalq dövlətin
başındakı şəxsə çox diqqət edir. Onun bütün sümüklərini bir-bir öyrənir,
əslinə-nəcabətinə əhəmiyyət verir” - deyirdi.
Bu arada bir münasibət gətirərək özünə Leninin nədən daima Lenin adı yanında
bir də Ulyanov adını qeyd etməyi unutmamasının səbəbini soruşdum (görünür, Lenin
bunu özünün yəhudi deyil, əsil rus olduğunu göstərmək üçün edirdi). Bir az
düşündü və: “Bunun səbəbini bilmirəm”, - dedi.
Lenin Stalin üçün “böyük bir müəllim”, “dahi bir rəhbər” idi. Nə qədər sərt
və çətin əmrləri olurdusa, bunları mütləq yerinə yetirmək onun üçün bir zövq idi.
Sarisın (sonra Stalinqrad) cəbhəsi müşkül bir vəziyyətdə ikən Lenin nə bahasına
olursa-olsun Sarisını əldə saxlamalısan deyə göndərdiyi teleqrama Stalin “əlim
titrəməz!” deyə cavab vermiş və özündə zəiflik hiss edən hər kəsi güllələtmək
surətilə istənilən nəticəni təmin etmişdi.
Trotskiyə gəlincə, bu “əski menşevik”dən Stalin istehza ilə danışırdı.
Stalinə görə o, təmtəraq sevən, xudpərəst, qeyri-səmimi, dəyərsiz, yalançı bir
dil pəhlivanı imiş. Uzun zaman bolşevik əleyhdarı bir menşevik ikən onun Leninə
yalnız son dəmdə “zəfər təranəsi çalaraq gəldiyini” istehzalı bir dillə qeyd
edirdi. 1919-cu ildə Varşava altındakı məğlubiyyəti üçün Qızıl Ordu Stalinin
ifadəsinə görə yalnız Trotskinin ədəbazlığına borclu imiş.
Antisemitizm
Trotskini tənqid və istehza edərkən Stalinin ifadəsindən çox da gizlədilməyən
bir antisemitizm qoxusu gəlirdi. Bir gün qatarımızın durduğu stansiyaların
birində bayırdan içəri girən Stalin müəmmalı bir əda ilə mənə xitab edərək:
- Yoldaş Rəsulzadə, Siz Qaşqar proletariatını tanıyırsınızmı? - deyə soruşdu.
- Orada proletariat nə gəzir! - deyə cavab verdim. O:
- Hə!.. Cühudun (rusca həqarətlə deyilən “jid” təbirini işlədərək) birisi
gəlib, özünü mənə Qaşqar proletariatının nümayəndəsi deyə təqdim edir, belə bir
proletariatdan xəbərim yoxdur, deyə onu rədd etdim. - dedi.
Avropalılar haqqındakı hissiyyatı
Çiçerinin xarici siyasətdəki rolunu da Stalin ciddi saymırdı. “Tülkü
avropalılar bizim hərif diplomatlarımızı aldadırlar” deyirdi. Gürcü və rus
dillərindən başqa bir dil bilməyən və Avropaya qısa müddətdə yalnız bir dəfə
Leninlə görüşmək üçün gedən və orada ikən son dərəcə sıxılan Stalin Avropa
mədəniyyəti deyilən şey haqqında yüksək bir fikir sahibi deyildi. Onun üçün bu
mədəniyyət slavyanofillərin düşündükləri kimi çürümüş bir mədəniyyət idi. Əsil
yeni və sağlam mədəniyyəti sovetlər yaradacaq, buradan dünyaya yeni bir işıq
yayılacaqdı.
Bu gün Rusiyada artıq çəkinmədən təriflənən mədəni sahədəki rus liderliyi
Stalinin söhbətlərində hələ o zaman sezilirdi. Rus onun üçün dünyanın mənən
olduğu kimi təbiətcə də ən məhsuldar bir milləti idi. Kənddə rast gəldiyi hamilə
rus qadınının “on beş uşağım var, on altıncısı da elə buradadır”, deyə böyük bir
iftixarla qarnını göstərdiyini, bəhs etdiyi qadını təqlid edən bir jestlə
canlandırırdı.
Avropa kapitalistləri öz mədəniyyətlərini ya İngiltərə və Fransa kimi
əllərinə keçirərək müstəmləkələrinə çevirdikləri ölkələr hesabına, ya da
Almaniya kimi məğlubiyyətə uğratdığı Fransanı hərraca qoymaq surəti ilə təmin
etmişlər. Sənayecə bu millətdən çox geri qalan Rusiyanı inkişaf etdirmək üçün
daxili müstəmləkəçilikdən istifadə etməkdən başqa bir çarə qalmamışdır. Leninin
təsəvvür etdiyi beşillik plan isə inqilabi Rusiyanı bir an əvvəl
sənayeləşdirməyə yönəlmiş bir əzmdir. Rusiyada əzəmətli bir sənayeləşdirmə planı
tətbiq olunacaq; bu sahədə əsrlərin nəticəsi olan gerilik aradan qaldırılacaq;
kommunist inqilabını bütün dünyaya yaymaq üçün müstəmləkə və yarımmüstəmləkə
halında olan bütün Şərq millətlərinin Qərb kapitalistlərinə qarşı apardıqları
istiqlal mübarizəsinə özləri həm dayaq, həm də rəhbər olacaq.
Stalinin bu yolda elə “siqayi-müzari” ilə (indiki-gələcək zaman formasında)
bəhs etdiyi planlara qarşı cəbhədən hücum etmək bizim vəziyyətimizdə olanlar
üçün bir “nəzakətsizlik” olardı; /onun/ nəzəri-diqqətini görülmək üzrə olan
işlərin bu xüsusda çox da ümidverici bir halda olmadığına işarə etməklə təmin
edirdik; Sovet sistemində insanın bir fərd və bir şəxsiyyət olaraq ortadan
qaldırıldığını irəli sürürdük.
Millətlər məsələsi
Stalinin qızğınlıqla mübahisə açdığı məsələlərdən biri də milli məsələ idi.
Bolşevik partiyasının milli məsələ sahəsindəki nəzəriyyəsi və praktikası üzrə
mütəxəssisi sayılan Stalinin bir də Millətlər komissarı olması təsadüfi idi?..
Menşeviklərin milli məsələdəki taktikasını şiddətlə rədd edən Stalin Avstriya
sosialistlərindən Otto Bauerin müəyyən bir əraziyə bağlı olmadan milli-personal
(milli-mədəni) muxtariyyət prinsipinə dayanan sistemini şiddətlə tənqid edir.
Bir millət üçün yalnız mədəni işlərdən ibarət bir muxtariyyətin qətiyyən kifayət
etməyəcəyini, millətləri təmin edən şeyin hər şeydən öncə özlərini şəxsən idarə
etməkdən ibarət olmasını deyir. Rusiya daxilindəki millətlər üçün milli-personel
deyil, milli-territorial (milli-ərazi) bir muxtariyyətin qəbul edilməsi lüzumunu
irəli sürür.
Sovet hökumətinin iş başına gələr-gəlməz nəşr etdiyi məşhur dekreti dəlil
kimi göstərirdi.
Fəqət mən nəzəriyyədə “dekretləşmiş” olan prinsipə, praktikada çox da riayət
edilmədiyinə və bunun ən yeni misalı olaraq müqəddəratına şəxsən sahib olmaq
istəyən Azərbaycanın qüvvə tətbiq edilərək sovetləşdirildiyinə işarə edərkən o:
- Əsasında şayani-təqdir olan təyini-müqəddərat hüququ mütləq deyil, fəhlə
inqilabının baş mənafeyinə tabeli bir hüquqdur, - dedi.
- Bu kimi şərtə aid qeydlərlə ən mükəmməl prinsipləri praktikada güddükləri
məqsədlərin tam əleyhinə olan nəticələrə çıxarması mümkündür, - cavabını verdim.
Stalinlə bu söhbət mənə 1917-ci ilin mayında Moskvada Rusiya Müsəlmanları
Qurultayında olan mübahisələri xatırlatdı. Orada mən Rusiyanın milli-territorial
muxtariyyətlərə ayrılması prinsipini müdafiə edir, Əhməd bəy Salkov isə
Rusiyanın mərkəzi demokrat bir hökumət halında qalaraq millətlər üçün yalnız
milli-mədəni işlərlə məhdudlaşdırılan “milli-personal bir muxtariyyət” tələb
edirdi. Nəticədə qurultay əksəriyyətlə bizim istiqlal tezisimizdən çıxan milli-territorial
muxtariyyət tələb edən qərar layihəsini qəbul etmişdi. Qurultaydakı bu
mübahisələri söz gəlişi danışdığım zaman Əhməd Salkov haqqında Stalin:
- Məqsədsiz, rusofil bir menşevik deyilmi? - dedi. - Və biz də bu günlərdə
inqilab hazırlığı ilə məşğul idik, - deyə əlavə etdi.
Müəmmalı bir hadisə
Səfərimiz Türkiyə-sovet münasibətlərinin çox gərgin bir dövrünə təsadüf
etmişdi. Kamalçı Türkiyədən Moskvaya bir heyət göndərilmişdi. Heyət Moskvada
müzakirələr apardığı vaxt Ankara hökumətinin o zamankı xarici işlər naziri Bəkir
Sam bəyin Fransada imzaladığı birtərəfli müqavilə sovetlərin narahatlığına səbəb
olmuşdu; Türkiyəyə göndərilməkdə olan hərbi sursat göndərilməsi dayandırılmışdı.
Bu münasibətlə Ankara ilə Moskva arasında yazışmalar davam edir, dalbadal alınan
teleqramlarda Stalinin mülahizəsinə müraciət olunur, onun fikri soruşulurdu.
Moskvadan gələn narahatlıqlarla dolu bu təcili teleqramları Berzanovski ona
göstərdikcə Stalin:
- Ziyanı yox, gözləyərlər, - deyə cavab verirdi.
Əhəmiyyətli teleqramların yağmaqda olduğu bu günlərdən birində salon-vaqon
rəisi Davidov bizim yanımıza gəldi:
- Yoldaş Stalin sizi o biri vaqona köçürmək istəyir, hazırlaşın, - dedi.
Bu zərurət nədən doğdu? Davidovdan bir şey soruşmadıq. Hər halda bu yaxşı bir
əlamət deyildi, narahatlıq içində başımıza nələr gələcəyini acizanə şəkildə
gözləyirdik. Şeylərimizi yığdıq; hər saat yerimizi dəyişməyə hazır bir vəziyyət
aldıq...
Xəbər günorta verilmişdi. Axşama qədər bir hadisə olmadı. Gecəni narahatlıqla
keçirdik. Səhər oldu. Davidov bir neçə dəfə gəldi-getdi, bir şey demir.
Öz-özümüzə “təhlükə sovuşdu” deyirik, amma xəbərin səbəbini heç cür izah edə
bilmir, maraq içində gözləyirdik. Məsələni Berzanovski və ya Stalindən soruşmağa
da münasib görmürük. Nəhayət, zehinlərimizi müəmma ilə yox, hazırkı vəziyyətlə
məşğul etməyə başladıq, özümüzü bizi bezdirən həşəratlardan kupeni təmizləmək
işi ilə məşğul etməyə üstünlük verdik.
Hadisənin nədən ibarət olduğunu sonra bildik. İrəlidə anladacağım kimi
Moskvada onunla bir tavan altında yaşadığımız Davidov bir gün bizə danışdı.
Yolda gələrkən sizi başqa kupeyə köçürəcəkdik, sonra bundan vaz keçdik, səbəbini
bilirsinizmi? - dedi və izah etdi:
- Berzanovski gəlib, Stalinə Türkiyə məsələsi üzrə teleqramlar gəlir-gedir,
Rəsulzadələr də dəftərxana vaqonunda, işin məxfi tərəfi pozulur, demişdi. Stalin
bundan sonra mənə sizi başqa bir kupeyə köçürmək əmri vermişdi. Sonra məndən
Rəsulzadələr özlərini necə aparır deyə soruşdu. Mən də çox təmkinli və sakit
insanlardır, yeməklərini yeyib, sonra öz kupelərinə çəkilir, başqa heç bir şeyə
qarışmırlar, dedim.
- Mən onları yaxşı tanıyıram. Onları rahat burax. Yerlərində qalsınlar, -
dedi.
Bakıdan ayrılalı on beş gün olurdu. Moskva ətrafına gəlmişdik. Harada
yerləşəcəyimizi düşünürdük. Yəni bir məchulatla qarşılaşırdıq. Stalin münasib
bir yer müəyyənləşənəcən vaqonda qalmağı münasib hesab etdi. Bu məqsədlə aşpazı
da vaqonda saxladılar. Bir manevr ilə vaqon əsas yoldan aralanaraq, yan
yollardan birinə verildi. Sonra bizi vaqonla birlikdə təmirxanalardan birinə
apardılar. Gecəni orada keçirdik. Səhər tezdən çəkic zərbələri bizi yuxudan
oyatdı. Demə, vaqonumuz təmir edilirmiş. Üç gün bu şəraitdə yaşadıq. Dördüncü
gün Berzanovski Davidovu göndərib, bizi öz evinə apardı. Burada, Davidovun da
olduğu mənzildə bizə bir otaq ayrılmışdı.
Bu, Stalinsayağı bir iş idi; həm hörmət göstərilmiş, öz katibinin mənzilində
bizə bir otaq ayrılmış, həm də bütün hərəkətlərimiz daimi bir nəzarət altına
alınmış olurdu. Göz dustağı elə bu qədər olur.
Hərbi kommunizm dövrünün Moskvası
İqamətgahımız müəyyən olunduqdan sonra zəruri formal işlər görülmüş, bizə
“Raboçaya knijka” - “İşçi dəftəri” deyilən bir şəhadətnamə verilmişdi. Bu dəftər
sayəsində biz ümumi yemək yerlərindən birinə qeyd olunur, oradan şorba ala
bilirdik. Aldığımız bu şorbanın Bakının “Osobı otdel” deyilən həbsxanasında
aldığımız şorbadan fərqi yox idi. Onun qədər bir bulanıq suya bənzər və eyni
qoxunu verərdi.
Bu bulaşıq suyu almaq üçün sıraya durur, qapıdan içəri girərkən bir dəmir
boşqabla bir qaşıq alır, böyük bir səbir və itaətlə ta böyük qazanın başında
duran şorbaçıya qədər gəlirdik. İtaətlə uzadılan boşqaba bir çömçə şorba
tökülüncə, sıradakı yerimizi eyni itaətlə gözləyən bir başqasına tərk edərdik.
Bu mərasim günorta vaxtı hər gün təkrar olunurdu. Səhər və axşam yeməklərini isə
hamı kimi biz də öz imkanlarımızla hazırlamaq məcburiyyətində idik. Bu məqsədlə
bəzən ərzaq mərkəzlərindən alına bilən təyinatdan, bəzən də çox sıx bir təqib
altında olan qara bazardan istifadə edə bilirdik.
Moskvanı ilk dəfə 1917-ci ilin mayında görmüşdüm. Bu dəfəki isə Moskvaya
ikinci gəlişim idi. O zaman beş-on gün üçün Rusiyada müsəlman-türk ellərinin ən
yaxın tarixində mühüm bir yeri olan Müsəlman qurultayında iştirak üçün gəlmiş
olduğumdan, bu qurultayın müzakirələrinə dalmış, şəhəri görmək fürsəti çox da
tapa bilməmişdim. İndi isə vaxtımız boldur. Moskvada qalmağı bizim üçün daha
münasib görmüşdülər.
Ortodoks kilsəsinin sitayişinə nail olan əski Moskof çarlarının paytaxtında
indi hər cür din və məbədləri inkar edən kommunist inqilabının liderləri
hökmrandır. Şəhərin hər tərəfində ilk gözə çarpan şey bu liderlərə aid olan
fotoqrafiyalardır. Bunlar arasında Lenin və Trotskinin fotoqrafiyaları birinci
sırada gəlir. Qəzetdəki məqalələr, xalqa xitab edən nitqlər, müxtəlif
nəşriyyatlarda çap olunan klişelər də ilk sırada bu iki liderə aiddir. Bunlardan
sonra Zinovyev, Kamenev, Çiçerin, Radek, Tomski, Lunaçarski, İoffe, Frunze və
sairə kimi şəxsiyyətlərin isim və fotoqrafiyalarına rast gəlmək olur. Adı az
çəkilən, hələ fotoqrafiyasına adətən heç yerdə təsadüf olunmayan birisi varsa, o
da Stalindir. Partiyanın baş katibi, Rabkin deyilən fəhlə-kəndli müfəttişi
camaat arasında adətən tanınmır. Hələ tamamilə təşəkkül etməmiş olan Millətlər
Komissarlığından (Narkomnats) heç kimin xəbəri yoxdur.
İlk günlərdə hamının kiçik və adi gördüyü bu üç müəssisənin irəlidə bütün
rəqiblərini ortadan qaldırmaq üçün Müdhiş İvanı örnək bir hökmdar deyə idealizə
edən Stalinə diktatorluğunu təsisdə çox yaramış olduğunu hadisələr bizə
göstərmişdir.
Ölümündən bir neçə il əvvəl qocaman büstünü Himalay dağlarında bir qüllənin
başına qoydurub, oradan idarə etdiyi Yevraziyanın geniş sahələrinə qürarla baxan
və istisnasız həyatın hər sahəsində öz damğasını görməkdən zövq alan Stalin o
günlərdə kölgədə qalmağı, Lenindən sonra bütün hakimiyyəti ələ keçirmək
taktikası baxımından anlaşılan, zəruri iş hesab etmişdi.
Üzdən də çirkindir
1920-ci ildə Stalinin Moskva mühitində nə kimi bir şöhrətə malik olduğunu
xarakterizə edən bir təsadüfü burada göstərmək istəyirəm. Moskva küçələrində
gəzərkən əvvəllər tanıdığım bir fəhləyə rast gəldim. Bu hələ 1904-cü ildə Bakıda
tanış olduğum Peterburjest adlı ziyalı bir fəhlə idi. Bakıda bolşevik
fraksiyasına mənsub bir sosial-demokrat idi. Bakı fəhlələri arasında nüfuzu
vardı. Xeyirxah və fədakarlığı ilə tanınmış bir adamdı. Peterburjest
görüşdüyümüzə çox məmnun oldu. Bizi dərhal evinə apardı; evli imiş; bir çay
düzəltdirib, bizi qonaq etdi. Mənim Bakıda tutulmağım və Pankratovun sədrliyi
ilə bir komissiya tərəfindən istintaq edilməyimin təfsilatını bilirdi. Bunu elə
həmin komissiya üzvlərindən Moskvaya gəlmiş olan birisindən öyrənmişdi. Həmin
adamın anlatdığına görə mənim günlərim sayılmış imiş. Haqqımda Moskvaya verilən
raportda edamım tələb olunurmuş. Fəqət oraya “Stalin yoldaş gəlincəyə qədər
saxlayın”, - deyə teleqram vurulubmuş...
Peterburjets bizə bu surətlə “keçmiş olsun” dedikdən sonra “Oktyabr”
inqilabından keçən dövr ərzində yaranmış vəziyyəti təhlil etməyə başladı. Özünün
Lenin ilə ara-bir görüşdüyünü dedi: “Lenin yoldaş, - dedi, - rəsmi hökumət və
partiya müəssisələri xaricində, işlərdən şəxsən məlumat almaq üçün inandığı
köhnə dostlarından bəzilərinə müşahidə eləmək - izləmək vəzifəsi tapşırırmış.
Peterburjets də Leninin “göz”lərindən biri imiş. O, bu “göz”lük vəzifəsini
qərəzsiz surətdə ifa edərək Lenin yoldaşı daima məlumatla təmin edir; hərbi
kommunizm rejiminin dəyişdirilməsinin lüzumunu daima ona deyirmiş.
Birisi çıxıb fəhlələrə “inqilabdan əvvəlki vəziyyəti sizə təmin edərik, bir
şərtlə ki, bir daha tətil etməyin, deyirsə, bunlar bunu özlərinə böyük hörmət
hesab edirlər”, - deyə Leninə xalq arasındakı əhval-ruhiyyəni çatdırırdı.
Peterburjets də ümidsizliyə düşərək “nə edək?” - soruşan gənclərə “Plexanova
qayıtmalı” deyə cavab verirmiş (Plexanov? rus menşeviklərinin tanınmış lideri
idi).
Peterburjets əvvəldən yaxşı tanıdığı Bakının inqilabdan sonrakı əhvalı ilə
maraqlanırdı. İnqilabın oranın əhvalı ilə maraqlanırdı. İnqilabın oranın
məişətində nə kimi təbəddülat gətirdiyini soruşur, ona lazım olan izahatı
verirdik. Söhbət dönüb-dolaşıb yoldaş Stalinin üstünə gəldi. Bizim müsahib:
- O, - dedi, - xoş niyyətli bir inqilabçı deyildir. Onun üçün başlıcası ideya
deyil, sadəcə hakimiyyətdir. O, idealist sosialistlərdən çox, dəliqanlı
terroristlərə istinad etmək istər. Bolşevik inqilabını cığırından çıxaran bu
kimi demaqoqlardır. Görəcəksiniz, o, fəhlə sinfinin başına bəla olacaqdır. Nə
cahpərəst, nə intriqan, nə qorxunc adamdır o, bilməzsiniz. Stalinə görə bombaçı
olmayan birisi həqiqi revolyusioner ola bilməzmiş, heç təsadüfi deyil ki,
ətrafını bu cür qafqazlılarla doldurmuşdur.
Biz Stalinin hər halda başqaları kimi çox da şöhrət sevən bir adam
görünüşündə olmadığına, xüsusi həyatında təvazökar davrandığına,
fotoqrafiyalarının belə digər komissarlar kimi heç bir yerdə görünmədiyinə işarə
edincə, o, əlilə başı üzərindən bir jest edərək:
- Eh?.. - dedi. - Ona görə ki, kifirdir.
Bir cüt ayaqqabının verdiyi zövq
Moskvaya payızda gəlmişdik. Qış üçün yaxşı da tədarüklü deyildik. Hələ mənim
ayaqlarım demək olar yalın idi. Yayda Azərbaycan dağlarında daşıdığım “çust”
deyilən incə bir ayaqqabı daşıyırdım. Günlər keçir, havalar soyuyurdu. Moskvanın
sərt qış günləri yaxınlaşırdı. “Hərbi kommunizmin” şiddətli günlərində ayağa bir
ayaqqabı tapmaq imkansızdı. Bir ayaqqabı üçün müraciət, xahiş etmək isə heç
ağlıma belə gəlməzdi. Bu kimi əskikliyə dözəcək, düşdüyümüz şəraitdə görülməsi
mümkün olacaq işlərlə məşğul olacaqdıq.
“Rumyansev muzeyi” deyilən Moskvanın əski mədəni müəssisəsi yaşadığımız evin
yerləşdiyi məhəllədə idi. Burada müəzzəm bir kitabxana vardı. Oraya getməyə
qərar verdim. Azərbaycan tarixi və müxtəlif mövzular üzərində araşdırmalar
aparırdım. Yarı ac, yarı çılpaq bir vəziyyətdə hər şeyi unutmuş, kitablara
dalmışdım.
Qış qar təpələri və dondurucu havası ilə bərabər gəldi. Yay çustu ilə
günü-gündən kitabxanaya getmək çətinləşirdi. Bu çətinliyi əvvəl yanımda olan
qalın yun corabı geyməklə qarşıladım; sonra madam Berzanovskinin borc kimi
verdiyi keçədən “valenka” dedikləri çəkmə işimə yaradı. Fəqət havalar bir az
ilıqlaşıb, qarlar əriməyə başlayınca valenka artıq geyilməz oldu. O zaman təkrar
Azərbaycandan gətirdiyim çust ilə qalın yun coraba qayıtdım. Fəqət hər gün
tədqiqat işindən dönüncə bu corabı gözəlcə sıxıb, ocaq başında qurutmaq lazım
gəlirdi.
Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu.
Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq
mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı
fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı
gəldiyi xəbəri nəşr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka”
deyilən bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın
almaq ümidi ilə Məhəmməd Əli ilə birlikdə bazara getdik, üstümüzdəki qızıl
istənilən qiymətin əsasını təşkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsil
dəyər təşkil edən şeyləri də buna əlavə etməli idik; bu dəyərli əşyadan bir neçə
iynə, bir az tikiş sapı və bir qədər də duz vermək lazımmış, bu “əmtəələr” o
dövrün qızıldan da qiymətli valyuta malları idi. Şükür olsun ki, bu “valyuta”
mallarından bir qədər var idi; verdik, nəhayət, ayaqqabıları aldıq. Böyük bir
sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli arxada addımlayırdıq.
Məhəmməd Əlinin səsini eşitdim:
- Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!
Məhəmməd Əlinin xüsusi qatarı
Moskvada Kommunist Partiyasının 8-ci qurultayı açılırdı. Bu münasibətlə
Rusiyanın hər tərəfindən hökumət mərkəzinə nümayəndələr gəlmişdi. Qafqazdan da
ən məşhur kommunist liderləri gəlmişdilər. Bu arada Kronştad qiyamı başlamış və
bu hadisə məmləkətin hər tərəfində diqqətə şayan təsir buraxmışdı. Üsyan az bir
vaxtda dərhal yatırılmışsa da, Lenin bu hadisədən dərs alaraq “hərbi kommunizm”
taktikasını “nep” deyilən yeni iqtisadi siyasət taktikasına çevirmişdi. Sovet
siyasətində yeni bir dövr təşkil edəcək bu hadisənin Azərbaycanda nə kimi
təsirlər yaratdığını öyrənmək lazım idi; bu münasibətlə alınacaq tədbir və
hərəkət xəttinin əsasını doğru olaraq təsbit edə bilmək üçün bu informasiyalara
böyük bir ehtiyac var idi.
Məhəmməd Əliyə dedim ki:
- Yoldaş Stalinlə görüşdüyümüz zaman İran inqilabı haqqındakı xatirələrimdən
bəhs etdiyim yadındadır. O, bunlara aid materialları dərhal dönüb, Bakıdan
gətirməni istəmişdi. Mən işi sonraya saxladım. İndi əsil vaxtı gəldi. Qurultay
nümayəndələri bu günlərdə Bakıya qayıdırlar; bir yolunu tapıb, onlarla birlikdə
Bakıya getsən fəna olmaz, vəziyyəti öyrənmiş olarsan.
Məhəmməd Əli İran inqilabı haqqında materialları gətirmək üçün Bakıya gedəcək
deyə məsələni Berzanovskiyə açırıq. Məsələ onu da maraqlandırdığından (bazar
günü olmasına baxmayaraq, məsələ təcili olduğundan) dərhal telefonla məsələni
Stalinə ərz edir. Stalin dərhal “Məhəmməd Əli yola çıxsın” deyə əmr edir.
Nümayəndələr bir az sonra, o axşam yola çıxacaqlarından Berzanovski tələsik
büroya qaçır, lazım olan kağızları hazırlayır və xüsusi olaraq qoşdurduğu
komissarlıq xizəyi ilə gələrək bizi də evdən götürür. Birlikdə stansiyaya
gəlirik. Gecikmişik. Nümayəndələri aparan qatar on dəqiqə əvvəl hərəkət edibmiş...
İndi nə olacaq? - deyə Berzanovski böyük bir qüssə ilə stansiya şefinə:
- Bu necə ola bilər, yoldaş Stalin əmr edib, yoldaş Məhəmməd Əli bu qatarla
gedəcəkdi?..
Stansiya şefi:
- Yoldaş direktor, üzülməyin, hələ ki, gec deyil, əlacı var. Qatar iki
stansiya irəlidə su almaq üçün yarım saata qədər gözləyəcək; xüsusi bir
lokomotivlə bir vaqonu elə indi yola salarıq, yoldaş onunla gedər, nümayəndə
qatarına yetişər.
Berzanovski:
- Bravo, yoldaş şef!.. - deyə dərin bir nəfəs aldı. On dəqiqə sonra “Məhəmməd
Əlinin xüsusi qatarı” hərəkət etdi, arxasınca bir də onu gözləsinlər deyə bir
teleqram vuruldu.
Kontr-revolyusioner müsavatçı Məhəmməd Əlini aralarında Orconikidze, dr.
Nəriman Nərimanov, Qorxmazov, Ter-Mikaelyan və sairləri kimi bolşevik başçıları
olan 8-ci Kommunist Partiyası nümayəndələrini aparan xüsusi qatar gözləyib
durmalıdır; çünki...
Yoldaş Stalinin əmri icra ediləcək!..
Məhəmməd Əli getmiş, bir müddət Bakıda qalmış, vəziyyət haqqında dolğun
məlumatlarla yüklü olaraq geri dönmüş, fəqət səyahətinin “əsil mövzusu olan”
materialları tapıb gətirə bilməmişdi.
Əslində biz xatırlatmadıqca bunları axtaran da yox idi.
Abbasqulu Butırkadan çıxır
Kommunist Partiyası mərkəzi bürosundan Berzanovskiyə telefon edib,
Rəsulzadəni dostu Abbasqulu Kazımzadə axtarır deyiblər. Dərhal getdik. Dostumuzu
yanımıza gətirdik... İndi üçümüz - mən, Məhəmməd Əli və Abbasqulu - bir otaqda
yaşayırıq.
Abbasqulu, xatırlayarsınız, Stalinin mənə verdiyi ilk sözə görə Moskvaya
bizimlə bərabər gələcəkdi. Son dəmdə ona bu “şərəfi” vermək istəmədilər. Yerli
kommunistlərin ona qarşı xüsusi bir nifrəti vardı. İdeoloji mübarizə illərində
onları ən çox pozan, məğlubiyyətə uğradan o olduğundan onu mütləq incitmək və
hər cür həqarətlə “alçaltmaq” istəyirdilər.
Abbasqulunu Moskvaya canilərə məxsus adi sürgün eşolonunda göndərmişdilər;
həbsxanadan-həbsxanaya keçə-keçə o, nəhayət, Moskvanın Lubyanka deyilən
meydanındakı məşhur Butırka zindanına salınmışdı. Bir müddət burada da “staj”
keçdikdən sonra qapıları açmış, onu küçəyə atmışdılar.
Abbasqulunu bir işə qoymaq lazım gəlirdi. Onun üçün Berzanovskinin
bələdçiliyi ilə yenə Stalinin yanına getdik, bu zaman o Millətlər Komissarlığı,
qısaca Narkomnats (rusca Narodnıy komissariat nasionalnostey sözlərinin baş
hərflərindən ibarətdir) Nazirliyi Xalq komissarı (naziri) idi.
Millətlər Komissarlığı nazirinin otağında görüşdük. Əvvəllər məşğul olduğu
dəftərxana məmulatı ticarətinə münasib olaraq Abbasquluya yeni yaranmaqda olan
komissarlığında təchizat məmurluğu verilməsi üçün Stalin Berzanovskiyə təlimat
verdi.
Türkiyəyə gedə bilərəmmi?
Abbasqulunun işi ilə əlaqədar görüşdüyüm əsnada Stalin:
- Necə yaşayır, nə düşünür, nə edirsiniz? - deyə hal-əhval tutdu.
- Xırda-mırda işlərlə, gündəlik həyat zərurətlərilə məşğulam, - dedim.
- Həyat deyilən şey əslində elə xırda-mırda işlərdən ibarətdir, hər halda bir
perspektiviniz vardır, - dedi.
- Moskvada qaldıqca bir perspektivim yoxdur, - dedim.
- Bəlkə Türkiyəyə gedəsiniz? - dedi.
- Hm... - deyə bir az düşündüm, sonra, - bəli, - dedim. - Artıq Türkiyə ilə
tam anlaşmış vəziyyətdəsiniz... Bəlkə də mənim oraya getməyimə bir maneə yoxdur.
İcazə versəniz bundan məmnuniyyətlə istifadə edərəm, nə deyirsiniz?.. - deyə
cavab verdim.
Stalin dərhal qalxdı. Bığlarını buraraq otağın içində bir o tərəfə - bir bu
tərəfə gedərək,
- Bu qərardan vaz keçin, - dedi.
- Qərar deyilən bir şey yoxdur, bu fikri indicə mənə əslində siz təlqin
etdiniz, - dedim.
- Yox, təlqin etməmiş olum, - dedi.
Məsələ aydınlaşdı. Moskva yolunda ikən müəyyən ideoloji nümayəndələri olan
müxaliflərə qarşı Sovet hökumətinin mərhəmət göstərdiyindən hətta Ukrayna
şeflərindən Verniçenkoya xaricə getmək üçün izhar etdiyi arzunu təmin edərək
rəsmən icazə verilmiş olduğundan danışan Stalinin artıq bunu bir daha təcrübədən
keçirmək niyyətində olmadığı məlum oldu (bolşeviklərin Ukrayna haqqındakı
tədbirlərini təqdir edən Verniçenkonun xaricə çıxdıqdan sonra fikrini
dəyişdirərək sovet dövlət adamlarına qarşı müxalif bir şəkildə danışmasından
bəhs edən Stalin təcrübədən keçmiş bir işi ehtimal ki, bir daha təcrübə etmək
niyyətində deyildi).
Yeni mənzil, yeni məşğələ
“Təchizat məmuru” Abbasqulu dostumuzun təşəbbüsü ilə üçümüzə Millətlər
Komissarlığının idarəsində Pereçistenski bulvarda yerləşən binada iki otaqdan
ibarət yeni bir mənzil ayrıldı. Bu arada Şərq Dilləri İnstitutunda (sabiq
Lazarev İnstitutu) fars və rus dilləri müəllimliyinə təyin olundum. Bu təyinatı
mənə həmin institutun müdirliyinə təyin olunmuş tatar ziyalılarından tanışım
İsməti təmin etmişdi. Az bir vaxtda buradakı şərqşünaslarla yaxşı münasibətlər,
hətta dostluq yaratdım. Bunlardan birinə ədəbi mətnləri oxumaqda yardım
göstərmişdim. O, bir gün mənə:
- Sizdən soruşmadan bir iş eləmişəm; sizə bir akademiya payı təmin etdik, -
dedi.
Bütün instituta iki akademiya payı - “alimlərə məxsus ərzaq təyinatı” varmış.
Payları bölüşdürən heyətdə bizim professor da sözü keçən üzvlərdən biri imiş.
Bizim mənsub olduğumuz institut professorlarından bu iki paya ona qədər namizəd
varmış. Dostum bu paylardan birinin mənim üçün ayrılmasına müvəffəq olubmuş.
Ona təşəkkür etdim. Akademiya payı deyib üstündən keçməyin. Kommunist
inqilabının o hər tərəfdə qəhətlik doğuran bir zamanında ağ un, şəkər, çay,
qəhvə, ət, yağ, çörək və sairədən ibarət bir ərzaq təyinatı tapmaq həddindən
artıq qayani-təşəkkür ikən, bunu dostluğun həqiqi bir təzahürü olaraq almaq
həqiqətən də təminedici bir şeydi.
Yeni mənzil ilə yeni məşğələ sürgündəki həyatımıza bir az fərəh gətirmişdi;
yeni tətbiq olunan “nep” siyasəti nəticəsində şəhərlər arasında artan xüsusi
gəliş-gedişlər sayəsində məmləkətdə təmaslar da artırdı. Maddi cəhətdən olduğu
kimi, mənəvi cəhətdən də nisbətən rahat bir nəfəs almağa başlamışdıq.
Şərqşünaslar cəmiyyətinin sədri
Bir gün Millətlər Komissarlığının baş katibi Braydo görüşmək üçün məni
komissarlığa dəvət etdi. Təyin olunan saatda onunla komissarlığın komissara (yəni
Stalinə) məxsus otağında görüşdük. Məsələ demə nə imiş...
Millətlər Komissarlığı Şərqi öyrənmə işlərilə məşğul olacaq elmi bir cəmiyyət
təşkilinə qərar vermişdir. Rusiyanın tanınmış şərqşünaslarından təşəkkül edəcək
bu cəmiyyətdə sovetlərdəki millətlərin elm sahəsində nüfuz sahibi olan
nümayəndələri də iştirak edəcək; mən də bu cəmiyyətin sədrliyini öhdəmə
götürəcəyəmmiş.
Bu göstərilən diqqətə təşəkkür etməklə bərabər, belə bir cəmiyyətə sədr
olmayacağımı dedim.
- Nə üçün? - dedi.
- Hər şeydən əvvəl özümü hər kəsdən daha yaxşı tanıdığım üçün. Mən davamızla
bağlı olaraq müəyyən qədər elmlə məşğul olsam da özümü, ad və san sahibi məşhur
alimlərin iştirak edəcəkləri səlahiyyətli bir elmi müəssisənin sədri olacaq bir
səlahiyyətdə görmürəm.
Braydo israr etdi.
- Lüzumsuz bir təvazökarlıqdır bu! - dedi.
- Xeyr, söylədiyim bir həqiqətdir. Sizinki isə mübaliğəli bir iltifatdır, -
dedim.
Braydo təkrar israr etdi. “Əllamə” olduğumu mənə isbata çalışdı. Mən də belə
olmadığımı söyləyib durdum. O, yoldaş Stalin Sizdən bu vəzifəni qəbul etmənizi
şəxsən rica edir, deyə ən qüvvətli arqumentini işə saldı.
Mən də:
- Ona mənim tərəfimdən təşəkkür edin, fəqət üzrümü də yetirin, - dedim.
O, yenə israr etdi, təkrar Stalinin nüfuzuna istinad etdi. Baxdım ki, məsələ
ciddi bir şəkil alır. Taktikamı dəyişdirdim:
- Mən səlahiyyət sahibi dünyaca məşhur şərqşünasların toplaşdıqları bir
cəmiyyətə sədr olmaq ədəbsizliyini boynuma götürə bilmərəm, fəqət çox arzu
edilirsə, bu cəmiyyətdə sıravi bir üzv kimi işləyə bilərəm bəlkə... - dedim.
Braydo bu yumşalmadan məmnun bir əda ilə dərhal:
- Yaxşı, üzv olun, - dedi.
- Fəqət bunun şərti var, - dedim.
- Nədi o şərt?
- Təsəvvür olunan cəmiyyətin nizamnaməsini bir kərə tədqiqə nə ehtiyac?
- Nə olsa da, hər nizamnaməni nə qədər normal olsa da bir kərə tədqiq etmək
işə ciddiyyətlə əhəmiyyət verən hər bir kəsin görəcəyi normal işdir, - dedim.
- Nizamnamə yalnız bir nüsxədir, onu başqalarına da göstəririk, - dedi.
- Böyük bir komissarlıq üçün onu çoxaltmaq elə bir iş deyil, - dedim.
- Yaxşı, - dedi, ayrıldıq.
Bir neçə gün sonra nizamnamənin istədiyim surəti gəldi. Tədqiq etdim.
Maddələrindən birində üzvlərinin 51 faizinin Kommunist Partiyası
nümayəndələrindən olmasının zəruri olduğunun yazıldığını gördüm.
- Hə! - deyə dərin bir nəfəs çəkdim və dərhal son qərarımı Braydoya bildirdim;
Şərqşünaslıq cəmiyyətinə üzv belə olmayacağam, - dedim, - çünki bu, elmi deyil,
siyasi bir cəmiyyətdir.
Şərq millətləri kommunust
universiteti professorluğu
Braydonun təklifindən bir həftə sonra Pereçistinski bulvardakı mənzilimizə üç
gəncdən ibarət bir heyət gəlir. Bu, Moskvada yeni təsis olunan “Şərq millətləri
kommunist universiteti” tələbələri adından göndərilmiş xüsusi bir heyətdir. Bu
universitet Şərq məmləkətlərində kommunizmi yaymaq üçün propaqandistlər
yetişdirmək məqsədilə yaradılmışdı. Heyətin üç üzvündən biri bakılı, biri
gəncəli, biri təbrizli idi. Demək, “bütün Azərbaycan” bizimlə görüşməyə gəlmişdi.
Gənc yurddaşlarımı əhəmiyyət və diqqətlə dinlədim. Onlardan biri nə üçün
gəldiklərini dedi.
- Universitetimizdə “Şərq ellərində inqilab hərəkatları” kafedrası boşdur, -
dedi. - Buraya təyin edilmək üçün səlahiyyət sahibi bir professor axtarırlar.
Biz düşündük-daşındıq, bu kafedraya Sizdən daha səlahiyyətli bir professor
tapılmaz qənaətinə gəldik. Yoldaşlar bir səslə qərar verdilər və bizi Sizin
yanınıza göndərdilər. Bu müəllimliyi qəbul etmək lütfünü bizdən əsirgəməmənizi
rica edirik.
- Uşaqlar, gəldiyinizə çox məmnun oldum. Azərbaycanın üç mühüm mərkəzini
təmsil edən heyətinizə müsbət cavab verə bilməyəcəyimə həqiqətən təəssüf
etdiyimə sizi inandırıram.
- Cavabınız niyə müsbət olmasın?
- Olmaz, uşaqlar, inciməyin, amma olmaz!
- Niyə olmaz?
- Olmaz, çünki müəllim ilə tələbə arasında hər şeydən əvvəl bir səmimiyyət
olması şərtdir. Mənim söyləyəcəklərimi siz daima qeyd-şərtlə qəbul edəcək, bu
müsavatçı əcəba hadisələri doğrumu izah edir? - deyə düşünəcəksiniz. Mən də
daima mənim söylədiklərimi bu kommunistlər əcəba tam bir etimadla dinləyirlərmi?
- deyə düşünəcəyəm. Nə məndən sizə yaxşı bir müəllim, nə də sizdən mənə yaxşı
bir tələbə olmaz!
Əfqanıstan səfarətini istiqbal
Qapım döyülür, “gəlin” - deyirəm. İçəri tanımadığım birisi girir.
- Mən, - deyir, - Xarici İşlər Komissarlığının məmurlarındanam. Stalin
yoldaşın tövsiyəsi ilə Çiçerin yoldaş məni Sizin yanınıza göndərdi.
- Nə olub, xeyir ola?!
- Əfqanıstandan bir səfarət gəlir. Onları qarşılamaq üçün onlara Sovet
hökuməti adından farsca xitab etmək lazımdır. Fars dilini isə Moskvada Sizdən
yaxşı bilən yoxmuş. Yoldaş Stalin bu iş üçün yoldaş Çiçerinə Sizi tövsiyə
etmişdir. Bu işi lütfən öhdənizə götürün.
- Təəssüflər olsun, edə bilmərəm!..
Sovet xariciyyə məmuru gözləmədiyi bu cavab qarşısında özünü itirdi. Çiçerin
və Stalinin ricalarından ibarət olan bir təklifi Şərq Dilləri İnstitutunun bir
müəllimi hansı cəsarətlə rədd edir, - deyə düşündüyünü ifadə edən bir heyrətlə:
- Niyə?! - deyir.
Bu “niyənin” cavabını səmimi olaraq vermək Bakıda “Osobı otdel”dəki
müstəntiqə cavab verməkdən daha müşküldür. Ona tərcümeyi-halımı və siyasi
vəziyyətimi açıb söyləyəcək deyildim ki...
- Edə bilmərəm, heç edə bilmərəm, - deyib dururdum. Məmur əl çəkmir, mütləq
rəddin səbəbini öyrənmək istəyir.
- Adi bir mütərcim vəziyyətinə düşmək istəmirəm, - deyirəm; başa düşmür.
- Şərqdən gələn müsafirləri Sovet hökuməti adından qarşılamaq bir şərəfdir.
Bu fürsətdən niyə istifadə etmək istəmirsiniz? - deyə israr edir.
- Adi bir mütərcim olmaqda nə şərəf varmış, - deyirəm. - Mən Xarici İşlər
Komissarlığının əfqan heyəti şərəfinə tərtib etdiyi bir ziyafət və ya qəbula
rəsmən dəvət olunan müsafirlər arasında olsam və burada yoldaş Çiçerin mənə
müsafirlərlə müzakirələrdə lütfən tərcümanlıq vəzifəsini qəbul etməyim üçün
müraciət edərsə, o zaman başqa, bu bir şərəf işi sayıla bilərdi. Başqa cür bu iş
olmaz.
Məmur:
- Yaxşı, eşitdiklərimi ərz etmək üçün gedim, sonrasını fikirləşərik, - dedi
getdi.
Bir neçə gün sonra İnstitutdayam. Sizi axtarırlar, dedilər. Baxdım bizim
xarici işlər məmuru.
- Qapıda Sizi avtomobiliniz gözləyir. Çiçerin yoldaş Sizi əfqan elçilərinin
gəlməsi münasibəti ilə təşkil ediləcək təntənəyə dəvət edir. İndi isə heyət
üzvləri ilə öncədən tanış olmaq məqsədi ilə dəvət olunmuş şəxslərdən bir qismi
ilə bərabər stansiyaya getməliyik.
O anda məni bir narahatlıq bürüdü, “dilimin bəlasınamı düşdüm?” - deyə içim
sıxıldı. Fəqət bu anda maşına minməkdən başqa bir yol yox idi.
Tanıdığım məmurdan başqa maşında iki məmur da var idi. Bunlar mənə uzun-uzadı
əfqanlara aid istiqbal proqramını başa salır, bu proqrama görə təşkil olunacaq
qəbul təntənələrinə digər Sovet xadimləri ilə bir səviyyədə tutulacaq müsafir
sifətilə iştirak edəcəyimi və yoldaş Çiçerinin də məndən mütərcimlik xahiş
edəcəyini deyib dururdular.
Bütün bunları tam bir sükutla qarşılayan məni narahat edən əsil şey düşdüyüm
bu tələdən necə sıyrılıb çıxacağım düşüncəsi idi.
Maşın dayandı. Stansiyaya gəlmişdik. Perronda bir az duracaq, müsafirləri
gözləyəcəkdik. Mərasimə məsul olan adam mənə yanaşdı, səfarət heyətini istiqbal
üçün istifadə olunacaq sözləri eyni ilə tərcümə etməmi xahiş etdi. Mən əvvəlcə
tanış olduğum məmura:
- Şərtimiz bu deyildi, - dedim.
O, yenidən heyrətlə:
- Niyə belə edirsiniz? - deyə vəziyyəti heç cür başa düşmür.
Nəhayət, səbrim tükəndi, ona:
- Çətin də olsa, yoldaş Çiçerinin bir qəzaya uğrayaraq mühacir və ya sürgünə
göndərilmiş bir adam vəziyyətinə düşdüyünü fərz edək. Bu vəziyyətdə o, adi bir
mütərcimlik vəzifəsini özünə rəva görərdimi? - deyirəm.
Məmur lap özünü itirir:
- Bu nə sözdür? - deyir və dərhal enerjili bir jestlə perronun ta o başında
duran digər yoldaşları ilə danışmaq üçün addımlayır, bu əsnada içimdən bir səs:
- Nə durursan!.. - deyir.
Tez perrondan çıxıb, hərəkət etməkdə olan tramvaya minirəm. Məni təhdid edən
“şərəf”dən bu surətlə azad oluram.
Səfarəti gətirən qatarın bir saata qədər gecikməsi məmurları müşkül
vəziyyətdən qurtarır. İnstitutdakı dosentlərdən birinin cəlb edilməsi ilə
istiqbal mərasimi birtəhər baş tutur. Bunu öyrənincə mənim də narahatlığım bir
az azalır.
Ertəsi gün İnstitutdakı dostlar məni tələdən qaçıb qurtarmağım münasibəti ilə
təbrik edirlər.
Müsəlman qəhətzadələrinə yardım
cəmiyyəti
1921-ci ildə İdil (Volqa) çayı çevrəsində qorxunc bir qəhətlik və aclıq
olmuşdu. Buralarda öz əzizlərini yeyən insanların olması danışılırdı. Deyirdilər
ki, qida maddəsi olan torpağı bölüşdürə bilməmək üzündən kəndlilər silahlanaraq
bir-birinin üstünə hücum çəkmişlər... Aclığın doğurduğu səfalət haqqında bu cür
tükürpədici təfsilat ağızdan-ağıza təkrarlanıb gedirdi. İnqilabi hadisələr və
vətəndaş müharibəsinin bir nəticəsi olaraq yaranmış bu səfalət üzündən iyirmi
milyona yaxın adam ölüb getmişdi.
Qəhətzədələrə yardım məqsədi ilə Moskvada yaşayan bəzi ictimai xadimlər
tərəfindən “Qəhətzədələrə ümumi yardım cəmiyyəti” adı ilə xüsusi bir təşkilat
təsis edilmişdi. Bu cəmiyyət cürbəcür vasitələrlə ianələr toplayır və aclıq
çəkən rayonlara xüsusi dəstələr göndərərək yardım edirdilər.
Moskvada yaşayan tatar (müsəlman) ziyalılarından bir qrupu qəhətzədələrdən
çoxunun türk və müsəlman əhalidən ibarət olduğunu nəzərə alaraq, “Qəhətzədələrə
yardım cəmiyyəti” adı ilə bir komitə təşkili üçün rəsmi məqamlara müraciət
etmişdilər. Bu məqsədlə yazılmış müraciətlərini Leninin katibi cəsarətverici bir
mehribanlıqla qarşılamış, fəqət bu kimi məsələlərdə söz sahibi olan yoldaş
Stalinlə də bir kərə danışmaq lazım gəldiyini bildirmişdir. Stalin isə o zaman
Moskvada deyilmiş, yaxında qayıdacaqmış, onda bu məsələ üçün onunla görüşmək
gərək imiş.
Qeyd olunan bu münasibətdən həvəslənən Moskvadakı müsəlman ziyalıları indi
görəcəkləri işlərin planını çəkir; Müsəlman Komitəsi adından bütün islam
dünyasına bəyannamələr yayaraq müsəlman qəhətzədələrinə yardım üçün müsəlman
şəfqəti namına din qardaşlarının riqqəti təhrik olunacaq və nəticədə Hindistan,
Misir, Türkiyə, İran, Əfqanıstan və sairə kimi məmləkətlərdən, şübhəsiz ki,
böyük miqdarda ianələr gələcək, zavallı millətdaşlarımızın bu surətlə olsun ələm
və iztirabları bir az da olsun azalacaqmış.
Moskva müsəlman ziyalıları niyyətlərini mənə açdılar, mənim də bu təşəbbüsə
qoşulmamı istədilər. Hətta yaxında Moskvaya qayıdacaq Stalinə müsəlman
ziyalıları adından göndəriləcək heyətə mənim də daxil olmamı arzu etdilər.
Onlara xam xəyallara qapıldıqlarını dedim. Düşünülən bu təşkilata Sovet
hökumətinin hər şeydən əvvəl prinsip baxımından icazə verməyəcəyini, praktik
məqsədlər üçün olsa belə insanlara din və millət fərqini əsas tutaraq yardım
təşkil etməyin kommunist internasionalizmi anlayışı ilə uyğun gəlmədiyini
xatırlatdım.
Onlar mənim nəzəriyyəçilik etdiyimi, məsələnin isə felən həll edilmiş
olduğunu, işin indi yalnız Stalinlə bir dəfə görüşməyə qaldığını, bunun sadəcə
bir formal məsələ olduğunu irəli sürdülər və mütləq mənim də Stalinin yanına
gedəcək heyətin tərkibinə daxil olmamı israrla tələb etdilər (Stalinlə olan
münasibətimi mübaliğəli surətdə təsəvvür edən bunlar mənim bu heyətə girməmə
xüsusi əhəmiyyət verirdilər). Mən bu təşəbbüsün müsbət bir nəticəyə varacağına
inanmır, inanmadığım və öncədən nəticəsiz qalmağa məhkum olduğuna şübhə
etmədiyim bir təşəbbüsdə faktiki iştirakda da bir məna görmürəm, dedim. Siz
madam ki, bu təşəbbüsə girişmisiniz, işi axıra çatdırın, mənim bədbinliyim özünü
doğrultmasa, iş müsbət bir nəticəyə vararsa, onda mən sizə söz verirəm, əlimdən
gəldiyi qədər bu işə yardım edəcəyəm, - deyə təminat verdim.
Heyət getdi. Stalinlə görüşdü gəldi.
- Necə oldu? - dedim.
- Necə olacaq, əla! Stalin bizi gözəlcə qəbul etdi. Sizin bədbinliyinizə
qətiyyən əsas yoxdur. Projelərimizi (layihələrimizi) çox faydalı və müsbət
qiymətləndirdi!..
- E?..
- Yalnız bir dəfə də müsəlman kommunistlərdən soruşaq, - dedi.
- Müsəlman kommunistlər bu işin mümkün olmayacağını deyəcəklər, təbii, -
dedim.
Elə də oldu. Qəti cavabı almaq üçün gedən heyətə Stalin “böyük bir təəssüflə”:
- Müsəlman kommunistləri bu işin əleyhinədirlər, - demişdi.
Azərbaycanı Azərbaycana
bitişdirməlimi?
Məhəməd Əli küçədə Bakıdan yeni gələn Orconikidzeyə rast gəlmiş, Orconikidze
Stalinin bizi görmək istədiyini və gəlsək Kremldə bizi qəbul edəcəyini demişdi.
Orconikidze qafqazlı bolşeviklərin qocamanlarındandı. Stalinin əski mübarizə
yoldaşı idi. Qafqazın sovetləşdirilməsində mühüm bir rol oynamışdı. Bəhs
etdiyimiz dövrdə də böyük komissarlıqlardan birini tutmuşdu. Stalinin ən yaxın,
sevdiyi və təqdir etdiyi şəxslərdən idi. Məhəmməd Əli ilə çarlığa qarşı bərabər
aparılan mübarizə dövründə tanış olmuşdular. Çar polisinin təqibinə qarşı
Məhəmməd Əli onu müəyyən bir vaxt saxlamışdı. Bir-biri ilə sənlə danışırdılar.
Dəvəti qəbul etdik. Təsbit olunan gün günorta vaxtı Kremlin bayır qapısındayıq.
Gözətçi pəncərəsinə kimliyimizi bildirdik. Məqsədimizi dedik. Gözətçi bizi
başdan-ayağa süzdü. İçəri zəng etməyə çox da cəsarət etmir, tərəddüd edirdi. Kim
bilir nə düşünmüşdü. Bu əsnada onu ta İstambuldan tanıdığım Kamo peyda olur.
Kamonu 1911-ci ildə İstambulda çarizmdən qaçan bir mühacir həyatı yaşayarkən
görmüşdüm. Bir gün Parisdən gəlmiş, İran məşrutə hərəkatı zamanı münasibətdə
olduğum gürcü inqilabçılarından birinin tövsiyənaməsini gətirmişdi. Yanında
vaxtilə Stalinin Tiflisdə, Erivan meydanında qarət etdiyi dövlət pullarından 100
manatlıq bir əskinas vardı. Bu əskinası xırdalamaq istəyirdi. Ona Sirkəçidəki
sərraflara dəyməyi məsləhət gördüm. Getdi pulu xırdalaya bildi. Niyyəti bir-iki
gün İstambulda qalmaq, sonra isə bir yol tapıb Qafqaza keçmək idi. Orada Türkiyə
sərhəddinə yaxın bir yerdə yurd salacaq, çarizm əleyhinə bir neçə terror aktı
həyata keçirəcəkdi.
Ertəsi gün qəzetlərdə bolqariyalı bir komitəçinin yaxalandığını oxudum.
Qəzetlərdəki təsvirdən yaxalanan “bolqar”ın bizim Kamo olacağını təxmin etdim.
Dərhal İttihad və Tərəqqi mərkəzində tanıdığım yurddaşım prof. Əli bəy
Hüseynzadənin yanına getdim. Məsələni danışdım. Yaxalanan adamın bolqar
çetəçiliyi ilə əlaqəsi yoxdur, bu, Rusiya çarizmindən gizlənən, qaçan bir
təşkilata mənsubdur, - dedim. İşə müdaxilə etməsini xahiş etdim.
İki gün sonra bizim Kamo gəldi. Onu gündüz həbsxanaya salmış, gecələri hotelə
gətirirlərmiş, yaxşı da rəftar edirlərmiş. Rus konsulxanası da onu daim tələb
edib dururmuş. Bu tələbi rədd etmiş və nəhayət, azad edərək, həmin anda
İstambuldan getməsini tələb etmişlər. O indi məmnun olub, təşəkkür edir və
yalnız bircə dərdinin olduğunu deyirdi:
- Nə olar, bir təşəbbüs də edin, bombalarımı da geri versinlər.
- Bu artıq ağ olar, bombanı bir təhər taparsan, indilik hökumətin vəziyyətini
pisləşdirməmək üçün tezcə buradan çıx get, - dedim.
İndi bu Kamo Kremlin qapısında bizə bələdçilik edir. *
Kamo dərhal telefonu götürdü. İçəri girmək icazəsini alaraq, bizi ta Stalinin
apartmanına qədər müşayiət etdi.
Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada hazırdı. Masada
çoxdan görmədiyimiz və heç bir tərəfdə tapılmayan ağ çörək, nəfis Gürcüstan
şərabı, qara Azərbaycan kürüsü və sairə vardı.
Həm yeyir, həm də danışırdı. Söhbətin təşəbbüsü Stalinin əlində idi. Bir vaxt
bizə xitabla:
- Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmışdır.
Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə
aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə
ziyalılar millətçilik ruhu ilə aşılanmışlar, - dedi və sonra üzünü şəxsən mənə
çevirərək:
- Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? - deyə soruşdu.
- Millətçilik deyilən hadisə bir insan birliyinin öz varlığını müdafiədən
başqa bir şey deyildir. Fərdlərdə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi
milli kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir, - dedim.
- Yox, - dedi, - məsələ daha çox bəsitdir. Millətçilik deyilən hadisə yerli
ziyalıların öz mənfəətlərini qısqanmaqdan başqa bir şey deyildir, - dedi.
Bu əsnada otağın birindən o birinə telefon başına keçən Kalinin (o zamankı
Sovet İttifaqı prezidenti) peyda oldu. Stalin dərhal ona:
- Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana bitişdirmək istəmirsiniz?! - deyə
xitab etdi. O isə heç dayanmadan əli ilə sərt bir jest edərək:
- Yox, yox, istəmirəm, - dedi.
Bu dialoq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi İran Azərbaycanının da
sovetləşdirilməsi planlarından bəhslə ortada dolaşan söyləntilərin çox da
səbəbsiz olmadığına bir dəlildi. Bu, dialoq məsələsinin hər necəsə Sovet yuxarı
dairələrində müzakirə edilmiş olduğunu göstərirdi.
Əcaib insandır Rəsulzadə
Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin mənə:
- Braydonun təklifini qəbul etməmisiniz. Şərqi tədqiq cəmiyyətinə niyə getmək
istəmədiniz? - dedi.
- O, elmi deyil, siyasi bir cəmiyyətdir. Üzvlərinin kommunist çoxluğuna sahib
olması şərtdir, - dedim.
- Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə
yönəlmiş bir maddədir.
Birinci çay stəkanını boşaldıb, ikincisinə keçdiyimiz zaman Stalin daha bir
təklif etdi: Kamenevin idarəsində Rusiya inqilab hərəkatını tədqiq edən bir
cəmiyyət vardır. Tədqiqlərini nəşr etmək üçün bu cəmiyyət bir jurnal da çıxarır.
Siz bu jurnalın redaksiyasına girsəniz, şəxsən Sizin üçün də yaxşı olar.
Sovetlərdəki türk elləri bölməsini öhdənizə götürər, redaksiya adından müxtəlif
yerlərə tədqiqat səfərlərinə çıxarsınız. Bu surətlə dolayısilə müsavatçı
fikirlərinizi yayar və yerlərdə özəklər də təsis edərsiniz, - dedi.
Üzünə mənalı-mənalı baxdım, içimdən Azərbaycan xalq şivəsilə aldada bilməzsən
mənasına gələn “Keçəl suya getməz!” təbirini təkrarlayaraq Stalinə “yeni
iltifatı” üçün təşəkkürlə dedim ki:
- Mən özünə sadiq bir adamam. Nə özümü, nə də başqalarını aldatmaq istəmərəm.
Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir redaksiyaya daxil olub, batində
başqa bir məqsəd güdmək əlimizdən gəlməz.
Stalin bu cavabdan sonra Orconikidzeyə döndü:
- Əcaib insandır bu Rəsulzadə. İdealizm ona mane olur. Aciz-aciz oturub durur.
Heç bir arzu, heç bir ehtiyac ərz etmir, - dedi.
Sensasiyalı hadisə
Kremldən ayrıldığımız zaman Stalinin otağının yerləşdiyi koridordan çıxarkən
tatar kommunistlərindən Sultan Qaliyevə rast gəldik. Sonradan milli təmayülçü
suçu ilə töhmətləndirilərək edama məhkum olan Sultan Qaliyevi lap Bakıdan
tanıyırdım. Moskvada onunla bir neçə dəfə görüşmüşdüm. Özünəməxsus orijinal bəzi
fikirləri vardı. Bizi görər-görməz:
- Siz burada nə gəzirsiniz, - dedi.
Ona ayaqüstü izahat verəcək deyildik, təbii ki.
- Sizə bir təklifmi etdilər? - deyə maraqlandı...
- Yox canım. Sizdə bir söz var deyəsən, gələrsiniz, söhbət edərik, - dedim.
Ayrıldıq.
Ertəsi gün Sultan Qaliyev gəldi. Partiya dairələrində sensasional bir xəbər
yayılıbmış. Sultan Qaliyev maraqlanıb soruşur:
- Bu doğrudurmu ki, dr. Nərimanovu (o vaxt Azərbaycan Sosialist Sovet
Respublikası Komissarları Şurasının sədri) götürüb, yerinə Sizi (yəni məni)
gətirəcəklər...
- Yox canım, bunu haradan çıxartdınız?..
- Kreml dairələrində belə danışırlar.
- Siz ağlınızı itirdinizmi? Bu şayiələrə necə olur qulaq asırsınız?.. Dr.
Nərimanın yerinə bir müsavatçı olan Rəsulzadənin gətiriləcəyi necə bəhs mövzusu
ola bilər?
Bu şayiələrin, həqiqətən əgər varsa, müəyyən bir məqsədlə xüsusi uydurulub
yayıldığını, Sultan Qaliyevin tez inanan adam olduğuna eyhamla izah edirəm.
Fəqət içimdən bu sensasiyalı hadisə ilə bir gün əvvəl Stalinlə Kalininin
arasında iki Azərbaycanın birləşdirilməsi mövzusundakı “zarafat” arasında hər
halda bir münasibət aramağın əbəs olmadığı fikri də ağlıma gəlməmiş deyildir...
Bir məqalənin macərası
Əlifba məsələsinin Azərbaycanda mübahisələrə səbəb olduğu günlər idi. Ərəb
hərfləri tamamilə götürülüb, yerinə latın hərflərimi qoyulsun, yoxsa ərəb
hərflərinə səsli hərflər əlavə edilmək surətilə və əlifbanın sadəcə islahı iləmi
kifayətlənilsin, deyə cəmiyyət iki zümrəyə ayrılmış, hər iki tərəf öz tezisini
müdafiə edirdi. O zaman Azərbaycanda maarif komissarı olan Dadaş Bünyadzadə ərəb
əlifbasının islahı tezisini müdafiə edirdi. Bu tezis o zamankı şərtlər və
mülahizələrlə Azərbaycan vətənpərvərləri və türkçüləri tərəfindən də müdafiə
olunurdu. Dadaş Bünyadzadə Moskvaya gəlişində məni ziyarət etmiş, əlifba
məsələsindəki görüşümü bir layihə halında yazmamı xahiş etmiş və bu layihənin
Azərbaycanda müdafiəsini şəxsən üzərinə götürəcəyini vəd etmişdi. Mən məsələ
haqqındakı görüşlərimi bir məqalə şəklində Moskvada Millətlər Komissarlığı
tərəfindən nəşr olunan “Jizni nasionalnostey” qəzetində nəşr etdirdim.
Bolşeviklərin ərəb hərflərini latın hərfləri ilə əvəz etdirmək xüsusunda
gizli və əsil fikirlərini bildiyimizdən (ki bu fikir sonradan həyata keçirilmiş,
ərəb hərfləri öncə latın hərflərinə, sonra da rus hərflərinə təbəddül edilmişdir)
bu məqalədə türk elləri arasındakı mədəni əlaqələri tamamilə kəsdirməmək üçün
yazılanı daha asan oxutdura bilmək məqsədini təmin edən inqilabçılara haqq
verirdim. Məqaləni eynən nəşr edən bu qəzet sonunda özündən bir-iki cümlə əlavə
etmiş və bu əlavə cümlələrdə “əlifbanı” islah xüsusundakı fikirlərimizin
kommunizmi müvəffəqiyyətlə yaymaq niyyətindən irəli “gəldiyi” də göstərilmişdi.
Məqalənin Azərbaycandakı oxucuları, təbii, bu fikrin mənə aid olmadığını
yaxşıca anlamışlarsa da bu taktikanın nəyi gözə aldığını da şübhəsiz ki,
sezmişdilər. Bu münasibətlə qəzet idarəsi qarşısında verdiyim bütün protestlər
nəticəsiz qalmış, göndərdiyim məktub da heç cür nəşr edilməmişdi.
Ənvər paşanın təklifi
Hələ Bakıda “Osobı otdel”in “mətbəx”ində müqəddəratımızı acizanə gözləyib
qaldığımız zaman Sovet hökumətinin bütün Şərq millətlərini Avropa kapitalizmə
qarşı ayağa qaldırmaq üçün tədbirlər gördüyünə aid hər gün yeni-yeni məlumatlar
alırdıq.
Vaxtilə Hindistanlı Bərəkətulla əfəndi, tatar məşhurlarından Əbdürrəşid
İbrahimov və Musa Begiyevin Lenin və Stalinin məşhur dekretlərini müdafiə etmək
üçün islam dünyasına etdikləri xitablardan xəbərimiz vardı. Bu dəfə isə Bakıda
məşhur Şərq millətləri qurultayı toplanırdı. Qurultaya Rusiya idarəsində olan
türk-müsəlman millətlərindən başqa Rusiya sərhəddi xaricindəki inqilabçı
ünsürlərin nümayəndələri də gəlmişdilər. Günün ən sensasiyalı hadisəsi Ənvər
paşanın da bu münasibətlə Bakıya gəlməsi idi. Paşanın müsəlman əhali tərəfindən
qarşılandığına dair dastan və rəvayətlər saxlandığımız həbsxananın səskeçməz
divarlarından nüfuz edərək bizə qədər gəlirdi. Paşanın minmiş olduğu avtomobilin
ətrafını bürümüş qələbəlikdən hərəkət etməz bir hala gəldiyi, əlini, ətəyini,
maşınını öpənlər olduğunu hər kəsin “aman paşam, nə zaman qurtaracayıq?” deyə
ona xitab edildiyi kameradan-kameraya danışılırdı.
Şərq millətləri qurultayında paşaya söz verməmiş, əksinə keçmişdəki siyasi
fəaliyyətini acı-acı tənqid edən bir nitqlə qarşılamışlarsa da, lojada
görünər-görünməz bütün qurultay ayağa qalxmış, onu əzəmətli bir şəkildə,
gurultulu alqışlarla qarşılamışlar.
1918-ci ildəki məğlubiyyətlərdən sonra Ənvər paşanın Rusiyada necə peyda
olduğunun təfsilatını burada anladacaq deyiləm. Yalnız onunla Moskvada ikən
görüşümdə bolşeviklərlə hansı məqsədlərlə təmasa gəlmiş olduğuna və bu təmasın
nə kimi bir nəticə ilə bitdiyinə aid qeydlərimi birbaşa və dolayısilə Stalinlə
əlaqəsi olduğu üçün burada təsbit edəcəyəm.
Moskvaya gəlib yerləşdikdən sonra burada iki türk nümayəndəliyinin olduğunu
öyrəndik. Bunlardan biri Ankara hökumətini rəsmən təmsil edən Türkiyə
nümayəndəliyi idi. Digəri isə türk missiyası (Turetskaya missiya) deyilən ikinci
bir heyət idi. Bu, əsil İttihad və Tərəqqi liderlərindən Ənvər paşa ilə Camal
paşanın bütün islam dünyasını qurtarmaq qayəsilə təşkil etdikləri “İslam İnqilab
Cəmiyyəti”nin bir bürosundan ibarət idi.
Ənvər paşa məhrumla bu türk missiyası binasında görüşdük. Onu daha əvvəl
1918-ci ildə İstambulda hakimiyyətinin ən yüksək pilləsində, hərbiyyə naziri və
baş komandan müavini olaraq görmüşdüm. O zaman mən İstambulda olan Azərbaycan
nümayəndə heyətinin sədri idim, Şimali Qafqaz, Gürcüstan və Ermənistan
cümhuriyyətlərinin nümayəndə heyətlərilə birlikdə Mərkəzi Avropa dövlətlərinin
səlahiyyətli nümayəndələrindən ibarət olacaq millətlərarası konqresdə Qafqaz
cümhuriyyətləri işlərinin müzakirəsini gözləyirdik. Bu münasibətlə İstambulda,
hətta ondan öncə yenə Qafqaz işlərilə əlaqədar olaraq “Gülcamal” paroxodu ilə
gəldiyi Batumda paşanı görmüş, müxtəlif vəsilələrlə onunla tez-tez təmaslarda
olmuşdum. Onun idealist bir inqilabçı olduğunu bilir, islami bir romantizm ruhu
daşıdığına vaqifdim.
Bu dəfə ona qırmızı Moskvada rast gəlirdim. Bir gün bəyan etdiyi arzuya görə
türk missiyasının katibi vəzifəsini ifa edən qafqazlı bir yoldaş vasitəsilə
onunla qarşılaşdım. Mənə təmsil etməkdə olduğu cəmiyyətin qayəsini anlatdı:
“Biz, dedi, bolşeviklərlə müvafiq qaldıq. İslam dünyasındakı məhkum millətlərin
istiqlallarını qurtarmaq qayəsilə fəaliyyətə başlamışıq”.
Bu məqsədlə Berlində nəşr etmiş olduqları bəyannamə və “Ürvətülvüska”
başlıqlı məcmuədən də bir nüsxəsini mənə verdi. XIX yüzilin ortalarına aid
ittihadi-islamçı məşhur Cəmaləddin Əfqaninin vaxtilə nəşr etmiş olduğu bir
qəzetin başlığını daşıyan bu məcmuə mənə çox xarakterik göründü. Bir göz
gəzdirincə məcmuənin elə də çağdaş olmayan arxaik islami bir para məfhumlar,
ayətlər, hədislər və klişe təbirlərlə redaktə edilmiş olduğunu gördüm.
Paşa izah edirdi: “Avropa imperializminin əlində əsir olan müsəlman millətlər
özlərini qurtarmaq üçün təşkilatlanmalı; fəqət bu təşkilatların aralarında sıx
bir rabitə və həmrəylik olmalıdır, yoxsa bütün bu hərəkatların müştərək qayə
naminə müştərək bir mərkəzə ehtiyacları vardır”.
Bu mərkəz isə paşanın digər səlahiyyətdar yoldaşları ilə birlikdə vücuda
gətirmiş olduqları cəmiyyət idi. Paşa bu cəmiyyətə bizim partiyanın, yəni Milli
Azərbaycan “Müsavat” Xalq Partiyasının da qatılmasını istəyirdi; fəqət:
- “Müsavat” firqəsi Sovet hökuməti əleyhindəki müxalifətindən hələlik vaz
keçməli, bu hökumətə qarşı hər cür qiyam niyyətlərindən uzaq olmalıdır. Çünki
Qızıl Orduya qarşı heç nə edə bilməz; ən kiçik bir hərəkat nəticəsində
məhvi-pərişan olar, bundan da bütün Azərbaycan zərər görər, türklər və
müsəlmanlar qılıncdan keçirilərlər”, deyə şərt qoyurdu.
- Eyni vəziyyət Hindistandakı müsəlmanlar üçün varid deyildirmi, paşam? -
deyə soruşdum.
Bu suala verdiyi cavab hərəkat xəttini bolşeviklərin Avropa kapitalistlərinə
qarşı bütün Şərqi, ilk sırada müsəlman Şərqini ayağa qaldırmaq taktikasına
uyğunlaşdırmaq qərarını vermiş bir adamın verəcəyi cavab idi. Məntiq və
səmimiyyətdən çox uzaq olan bu cavab məni təmin etmədi, təbii, ona:
- Paşam, - dedim, - qaye özü-özlüyündə mükəmməldir. Şərq millətləri və o
cümlədən müsəlman millətləri hürr və müstəqil olmalıdırlar. Biz azərbaycanlılar
və dolayısı ilə biz müsavatçılar bu dava uğrunda yanmış insanlarıq. Fəqət, məncə,
diqqət ediləcək mühüm bir nöqtə vardır. Sizin təsəvvür etdiyiniz müsəlman
millətlərini qurtarma təşkilatı ona görə bir növ internasionaldır. Sosialist
internasionalının mərkəzi Moskvadır; çünki Moskva sosializmin hal-hazırda
vuruşan bir mərkəzidir. Milli istiqlal internasionalının mərkəzi də analoji
olaraq bu ideyanın həyata keçməsi üçün hal-hazırda mübarizə halında olan bir
yerdə, məsələn, Ankarada olması lazım gəlir. Yoxsa, mərkəzi qırmızı Moskvada
olacaq bir müsəlman hərəkatı ümumi kommunist hərəkatının bir silahı olar. Belə
olmaqdan çıxmaq istədiyi gün isə mövcud şərtlər daxilində məhv olduğu gündür, -
dedim.
Paşa təşkilat proqramını bir kərə (K) bəylə (katib) ətraflı müzakirə etdikdən
sonra bir daha görüşərik, deyə mövzunu dəyişdirdi və bir az sonra vidalaşaraq
ayrıldıq.
Ənvər-Camal paşaların aqibəti
Bundan günlər, həftələr və aylar keçdikdən sonra paşanın Türküstana keçdiyi,
orada “basmaçı” deyilən bolşevik əleyhdarı milli Türküstan partizanlarının
başına keçib, Qızıl Ordu hissələrini müəyyən ərazidə qovduğunu və onunla
müzakirəyə girişmək istəyən Moskva nümayəndələrinə Türküstandan çıxmaları
xüsusunda ultimatum verdiyi xəbəri Moskvada bomba kimi partladı. Bu xəbər hər
kəs üçün bir sürprizdi; hələ mənim üçün bu, yuxarıda anlatdığım təfsilata
nəzərən, çaşdıracaq bir şeydi. Ehtimal olunan “Müsavat” qiyamını təqdir etməyən
paşa necə oldu bu qədər qısa bir zamanda bolşeviklərin iş birliyi yaradılacaq
dost deyil, onlara qarşı silah çəkiləcək düşmən bir qüvvə olduqları qənaət və
qərarına gəldi, deyə heyrət içində qaldım. Paşanın mənə etdiyi təklifi Moskvada
ikən o zaman Türküstanda gizli fəaliyyətdə olan Milli Birlik Cəmiyyəti
liderlərinə də etdiyini və bu fikrin onun kimi dostu Camal paşa tərəfindən də
müdafiə olunduğunu sonradan öyrəndim.
Türküstanda Ənvər paşanın sonu 1922-ci il avqustun 4-də intihara bənzəyən bir
igidlik içində yalın qılınc pulemyot atəşinə hücum edərək şəhid düşməsinə müncər
olacaq faciələr cərəyan edərkən, dostu ilə müzakirə etmək üçün Rusiyaya dönməkdə
idi.
Ənvər paşanın Türküstanda bolşeviklər əleyhinə üsyan bayrağı qaldırdığı
xəbərini Tiflisdə eşidən Camal paşa İran yolu ilə təkrar Əfqanıstana getmək üzrə
idi. 28 iyun tarixli “İzvestiya” qəzetinə göndərdiyi məktubunda paşanın bu
hərəkatını “aləmi-islamın müttəhid cəbhəsində açılan bir rəxnə” deyə təsvir
edirdi.
Fəqət Camal paşanın dostu Ənvər paşanın macərasından bu şəkildə üz döndərməsi
bolşeviklərin ona qarşı əhəmiyyət və etimadını cəlb etmədi və Ənvər paşanın
şəhadətindən iki həftə öncə 21 iyulda Tiflisdə küçədə arxadan atılan bir güllə
ilə öldürüldü.
Ənvər paşa hadisənin cərəyan etdiyi günlərdə Stalin “Pravda” qəzetində bir
məqalə yazır, bu yazısında paşa ilə bərabər Türküstan millətçilərini
imperializmin bir uşağı olaraq tənqid edirdi.
Stalinin Ənvər paşa haqqında cəsur olduğu qədər səbirsiz və ötkəm bir adam
olduğu haqqındakı fikrini bilirdim. Bununla bərabər, o, paşanın idealizmini də
etiraf edirdi.
Atattürk haqqında
Türkiyə məsələləri və ümumiyyətlə Şərqdə inqilab mövzuları ətrafında söhbət
etdiyimiz zaman (yoldakı söhbətlər əsnasında) Stalinin Atatürk haqqındakı
fikrini də eşitmişdim. Ümumi bir qayda olaraq strategiyanı və diplomatiyanı
nəfəslərində ram edən siyasi adamların ancaq böyük dövlət adamı ola bilmələrini
qeyd edən Stalin Atatürkün müqtədir bir dövlət və inqilab adamı olduğunu deyərdi,
eyni zamanda yeni ümumi bir qayda olaraq yaşadığımız əsrdə dövlət idarəsində
hüququ təmsil prinsipinin zehnlərdə olduqca yer etdiyini, Millət Məclisi olmadan
heç bir hakimiyyətin müvəffəqiyyətlə həyata keçməyəcəyini söyləyən bu diktator
Atatürkə deyir, gənc yoldaşları dəfələrlə rast gəldiyi müxalifət qarşısında
səbirsizlik göstərərək idarəni tamamilə öz əlinə almasını tövsiyə etmişlərsə də
Atatürkün bu fikrə ehtiyat edib yanaşmadığından bizə bəhs edirdi.
Türkiyə istiqlal hərbinin böhranlı
gübnlərində
Yunanların bir ara Əskişəhərə qədər gələrək Ankaranı təhdid etdiyi günlər idi.
Qırmızı Moskva dairələri Mustafa Kamal hakimiyyəti günlərinin sayılmış olduğunu
düşünürdü. Stalin başçılıq etdiyi Millətlər Komissarlığının orqanı “Jizn
nasionalnostey” qəzetində əfkari-ümumiyyəni Ankaranın süqutuna hazırlayan bir
məqalə dərc etdi. Məqalə Türkiyənin məğlubiyyətinin səbəbini Kamal siyasətinin
milliyyət məsələsində göstərdiyi geriliyə, şovinist prinsiplərindən
ayrılmamasına və zəhmətkeş siniflərin mənafeyini təqdir edən acizliyinə hücum
edir, vəziyyəti xilas etmək üçün hakimiyyətin daha əzmkar və idealist əllərə
keçməsi lüzumunu irəli sürürdü. Eyni zamanda siyasi dairələrə yaxın olanlar
arasında Ənvər paşanın komandanlığı altında Qafqazın Türkiyə sərhəddində sərhədi
aşmağa hazır hərbi hissələrin fürsət gözlədiklərini əhəmiyyətlə təkrar edirdilər.
Fəqət bu dairələrin bəlkə də daxilən arzu edib gözlədikləri fəlakət yerinə
türkün dönük taleyinə enən zəfər günəşi bütün görkəmi ilə parladı; bir gün
sonrakı qəzetlər türk istiqlal ordusunun qaçan işğalçıları Aralıq dənizinə
tökmək üzrə İzmiri hədəf alaraq irəlilədiyini xəbər verdilər.
Tam bu günlərdə Bakıdan yoldaşlar gəlmiş, orada təşkilatın vəziyyətinin
düzəldiyini, “Müsavat” qeyri-leqal hərəkatının canlandığını bildirmişdilər.
Təşkilat arzu edərsə mənim xaricə çıxaraq orada milli hərəkatı təmsil edərək
fəaliyyətə başlamanın faydalı olacağı qənaətində olduğunu bildirirdi. Digər
tərəfdən, Moskvada qaldıqca ətalətə məhkum olunur və üstəlik Stalin taktikasının
bizi “işə cəlb etmək” cəhdlərinə qarşı daima sayıqlıq göstərmək məcburiyyətində
qalırdıq.
Yuxarıda qeyd etdiyim vəchlə inqilabın əvvəllərində bəzi misallarda
gördüyümüz kimi Sovet hökumətinin müvəffəqiyyətilə öz kontrolunda olmayan bir
sahəyə çıxmaq təsəvvürü də artıq meydandan qalxmış olurdu. Yeganə çarə qaçmaqdı.
Günün aktual məsələsi bu fərarı təşkil etmək və planı müvəffəqiyyətlə tətbiq
etməkdi.
Bunun üçün Moskvada qalıb, mədəniyyət sahələrində olsa da, işləməyə qərar
vermiş kimi davranmaq təsəvvürünü yaratmaq üsuluna keçdim. Bu məqsədlə “Vostok”
adı ilə Pavloviçin idarəsində çıxan qalın bir məcmuədə nəşr edilmək üçün
Sasanilər dövründəki məşhur Məzdək hərəkatı haqqında məqalə qələmə aldım. Məlum
olduğu üzrə, Məzdək Sasani Qubad zamanında peyda olmuş bir kommunist peyğəmbəri
idi ki, təlimi ilə şahı öz dininə döndərmiş, məmləkətində mallarla qadınların
ictimailəşməsini nəzərdə tutan kommunist məzhəbinin rəsmən qəbulunu təmin
etmişdi. Sonra Ənuşirəvanın qəti bir müdaxiləsi ilə bu məzhəb tərəfdarları
payaya keçirdilmiş, Məzdək də edam edilmişdi.
Nəşr üçün verdiyim bu elmi məqalə ilə birlikdə bir də Azərbaycan tarixinin
tədqiqi ilə məşğul olduğumu irəli sürərək, Leninqradda Elmlər Akademiyası
kitabxanasında Azərbaycan tarixi ilə əlaqədar xüsusi bir neçə əlyazmanı tədqiq
etmək üçün Şərq Dilləri İnstitutunda yay istirahətindən istifadə edərək
Leninqrada getmək məqsədilə məzuniyyət aldım.
Leninqradda Leninqrad Şərq Dilləri İnstitutunun yayda boş olan sinif
otaqlarından birində yerləşərək Akademiya kitabxanasına gedir və başda prof.
Marr, Bartold və sairə olmaq üzrə akademiya professorları ilə görüşərək,
Azərbaycan tarixi və ədəbiyyatına aid mövzular üzrə söhbətlər etməklə Leninqrada
gəlişin həqiqi məqsədini pərdələyə bildim.
Əl altından hələ Moskvada ikən görüşdüyüm dostlarımdan aldığım tövsiyyələrə
görə, xüsusilə mərhum Musa Begiyevin vasitəsilə Fin körfəzi üzərindən
Finlandiyaya keçmək planının həyata keçməsi təfərrüatını hazırlamağa başladım.
Leninqraddakı tatarların bu xüsusda təcrübələri vardı. Məndən əvvəl bu
təcrübədən prof. Sədri Maqsudi Arsal, redaktor Abdulla Taymas bəylər istifadə
etmişdilər; və Helsinqforsa çıxaraq sovet cəhənnəmindən qurtarmışdılar. Fəqət
onlar qaçarkən qış mövsümü idi. Körfəz donmuş və qarla örtülmüşdü. Bu yolu onlar
xizəklə keçmişdilər. İndi isə mövsüm məktəblərin tətilə buraxıldığı bir yay
mövsümüdür. Körfəzdən ancaq bir qayıqla keçmək olar. Bütün məsələ etibarlı bir
qayıqçı tapmaqda idi.
Musa Begiyev məni Fin körfəzinin kənarında bir tatar evinə gətirdi.
Sözləşilən fin qayıqçıları gecənin yarısında bu evə yanaşacaq, məni götürüb yola
çıxacaqdılar. Gəldiyimiz evdə bir tatar müsafirinə rast gəldim. Demə bu, 1917-ci
ilin mayında Moskvada toplanan məşhur Müsəlman qurultayının nümayəndələrindən
imiş. Məni dərhal tanıdı. Qurultaydakı müvəffəqiyyətlərimdən həyəcanlı danışmağa
başladı. Mən tez mövzunu dəyişdirdim, tarixi xatirələrin canlandırılması
vaxtının olmadığını ona hiss etdirdim (konspirasiya şəraitində 1917-ci il Moskva
Müsəlman qurultayının nümayəndələrinə bu ilk təsadüf deyildi). Sözləşilmiş
saatda qayıqçılar gəlmədilər. Mütləq bir hadisə oldu, deyə məni narahatlıq
bürüdü. Ertəsi gün oradan dərhal uzaqlaşmaq, başqa bir yerdə qalmaq lazım
gəlirdi.
İkinci bir qayıqçı tutuldu. Bu dəfə göz önündəki bağ evində deyil, şəhər
kənarındakı bir fin kəndində qalacaq, gecənin hamının yatdığı bir vaxtında
kimsəyə sezdirmədən sahilə enəcək və qamışlıqda əvvəldən gizlədilmiş qayığa
minərək dənizə çıxacaq və beləliklə Fin körfəzini keçərək qarşıdakı Finlandiya
sahilinə çıxacayıq.
Qərarlaşdırılmış saatda müəyyən edilmiş bir fin kəndindəyik. Biri qoca,
digəri gənc iki fin qayıqçısı bizi götürəcək. Qoca bir az rusca bilirsə, gənc
yalnız fincə danışır. Müqəddəratımızı bunların əlinə təslim edəcəyik.
Kəndlinin daxmasına girincə bir sürprizlə qarşılaşıram. Burada biri qız,
digəri oğlan iki tatar uşağı var. Bunlar da mənimlə bərabər yolçuluq
edəcəkdilər. Ana-ataları o tərəfdə olan bu uşaqları öz ailələrinə qovuşdurmaq
vəzifəsini də insanlıq naminə mən öhdəmə götürməliyəm. Əvvəlcə bilsəydim, təbii,
üzərimə belə bir külfəti almazdım. Fəqət indi olan oldu, keçən keçdi
qarşısındayam. Gecənin yarısında qumlar üzərində adətən sürünərək qamışlığa
gəldik. Finlər qayıqlarını qamışlıqlardan çıxardılar; iki uşaq ilə bərabər məni
də qayığa mindirdilər. Bizi ötürməyə gələn tatarlarla vidalaşaraq, səssizcə
dənizə çıxdıq.
Qoca qayıqçı əvvəlcədən mənə xəbərdarlıq etmişdi. Danışmayacaqdıq, səs
salmayacaqdıq. Çünki su keçiricidir. Səsimizi Kronştad müşahidə qülləsi dərhal
eşidər. Projektorla olduğumuz nöqtəni tapar və qayığımızı pulemyot atəşinə tutar.
Hərəkət etdiyimiz gecə yağmurlu bir gecə idi. Uzun zaman şimalın məşhur aydın
gecələri keçsin deyə gözləmişdim. Aydın gecələr keçmiş, arxasından aydınlıq
gecələr başlamışdı. Daha gözləyə bilməzdim. Çünki məzuniyyətimin vaxtı qurtarır,
Moskvaya qayıtmağımın gecikməsi şübhəyə səbəb olar; bütün planım alt-üst olardı.
Onun üçün yağmurlu bir gecəni xüsusi seçmişdim.
Gecə saat 12-dən sonra dənizə çıxmış, səhər saat 7 radələrində dan yeri
ağararkən fin sahilinə yaxınlaşırdıq. Yandan əsən namünasib bir külək bizi
təkrar rus sərhəddinə apara bilər narahatlığı içindəyik. Qayığımız sahilə
yanaşar-yanaşmaz silahlı fin gözətçiləri bizi tuturlar.
Oradan Feriokidəki qarantində on beş gün qaldıqdan sonra Helsinkiyə;
Helsinkidə bir aya qədər tatar koloniyasının müsafiri olduqdan sonra Almaniyaya,
oradan Parisə, Parisdən də İstambula gəldim. İstambul o zaman hələ müttəfiq
ordularının işğalı altında idi. Fəqət eyni zamanda şəhərdə milli qüvvə
nümayəndəsi vardı və polis də Ankara hökumətinin əlində idi.
Burada yoldaşlarla birləşərək milli nəşriyyata qərar verdik və ilk iş olaraq
Stalinə, surəti aşağıda dərc olunan məktubu göndərdim:
Stalinə məktub
“Möhtərəm Stalin,
Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri buraxmışdır. Onlar, təbii,
haqlıdırlar. Fəhlələrdən bir çoxu müsavatçı olduqları üçün güllələnmədilərmi? Bu
saatlar daxilində, adı çəkilən partiyanın rəisi olmaq hesabilə mənim qurtuluşum
bir növ möcüzə imiş. Vaqiənin tərifi, bu təbirə layiqdirsə, insaf tələb edir,
qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti Sizsiniz; çünki keçmiş dostluğu
unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz.
Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım. Bəzi
məhrumiyyətlərə məruz qaldımsa da bunlar hər kəsin ümumiyyətlə yükləndiyi
məhrumiyyətlərdən ibarət olub, mənə aid bir xüsusiyyətə malik deyildir. Əksinə,
bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün Sizə
təşəkkür edirəm.
Moskvadan ayrılarkən Sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizlincə tərk
etməyə qərar vermişdim. Bu hərəkətimdə Sizə qarşı hörmətsizlik görməyəcəyinizə
ümid edirəm. Səfər üçün icazə istəmədim; işin mənfi tərəfini mülahizə etdim.
Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da Rusiyanı tərk etmək
haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu, mənim üçün
mümkün olan iş deyildi. Çünki bu, özümü rədd etmək və əbədi olaraq tam bir
fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada cərəyan edən
hadisələrin və hüsulə gəlməkdə olan halın dilsiz bir müşahidi qalmaq olardı.
Hazırda Rusiyada hüsulə gələn hadisələr isə bundan yüz il əvvəl cərəyan edən
hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu kimi indi də Rusiya
müstəmləkələri bir yerə toplamaqdadır.
Taleyin hökmü ilə hakimiyyəti ələ keçirmiş kommunist firqəsi ideologiyanın
bütün cəbhələrində geri çəkilə-çəkilə keçmiş rus imperiyasının bərpası fikrinə
dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından ziyadə hakim olduğu mühitin
cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və hədəfə malikdir. Bir
hökumətin rəsmi ideologiyası zadəgan şovinizmindən fəhlə kosmopolitizminə
təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonunda geridə qalmış və az
inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə
olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə
səbəb olur. Yerli fəhlə (proletariat) sinfinə istinad iddiasilə əldə silah
Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə əmələ gəlmiş olan demokratik siyasi
təşəkkülləri işğal etdiyiniz zaman ümumiyyətlə, sabiq imperiyanın çarizm
siyasətiylə ruslaşdırılmış müstəmləkə şəhərlərindəki rus fəhləsindən ibarət ən
kiçik azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təşkil edən yerli əhalinin
ən qanuni bir haqqını kobud bir surətdə çeynəmiş olursunuz. Fəhlənin Azərbaycan
və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey
olmadığı günəş kimi aşkardır.
Əski Petroqrad dövrünün siyasəti də bundan başqa bir şey deyildi. Ucqar
vilayətlərin muxtariyyat şəklindəki zahiri görünüşü də ciddi bir şey ifadə
etməz. Azərbaycan xanlıqlarının ilk Qafqaz “namesnikləri” (canişinləri)
zamanındakı istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin “Zakkraykom”
(Zaqafqaziya vilayət komitəsi) baş katibləri zamanındakı istiqlallarından heç də
az deyildi. Ortadakı fərq olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi o
zamankı xanlıqların dağılma prosesindən daha artıq olmasından ibarətdir.
Bolşevik partiyasının mərkəziyyətçi olduğunu bildiyimdən bu partiyanın növü
özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir dəyişikliyə keçə
biləcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi durumunda
olduğumdan bu dəyişmə gözlərimin önündə baş verirdi. Moskvada olduğum iki il
ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız
özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə
inandım. Bunun üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündən yox
edildiyini və milli anlamının milli inqilab anlamına təbdil edildiyinə
soyuqqanlı baxa bilmirdim.
Sizin istədiyiniz bu mübadilə baş tuta bilməz. Şərq millətləri kommunist
həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər.
Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mübarizə aparırlar və
bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman
onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha
cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr
müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və
Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın
sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı
yürütdüyü mücadilə qədər bir haqqı vardır.
Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda Sizin də
xeyirxahınız qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə
qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacağıma inanmanızı xahiş ilə
Sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənni etdiyimi ərz
edirəm. Ehtirami-tamla: Rəsulzadə Məmməd Əmin. Yanvar 1923 (bu məktub vaxtilə
İstambulda çıxan 23.1.1923-cü il tarixli və 5 nömrəli “Yeni Qafqazya” dərgisində
nəşr olunmuşdur).
Dostların müqəddəratı
Möhtərəm oxucular, yuxarıdan bəri hekayəsini anlatdığım sərgüzəştlərimdə
daima digər iki dostumla - Məhəmməd Əli və Abbasqulu ilə birlikdə olduğuma
şübhəsiz diqqət yetirmisiniz. Moskvada Preçirtenski bulvardakı mənzildə bərabər
yaşayırdıq. Mən fərara qərar verib, bir fin qayığı ilə Finlandiyaya qaçdığım
zaman onların başına nələr gəldi, deyə soruşa bilərsiniz. Mən Moskvadan
məzuniyyət alıb, Leninqrada yola düşdüyüm zaman Məhəmməd Əli Narkomnats yanında
mövcud olan bir kooperativin nümayəndəsi kimi Bakıda idi. Abbasqulu da sonradan
bir məzuniyyət uyduraraq mən Leninqradda ikən Moskvadan Bakıya getmişdi. Fin
sahilinə çıxdığımı aramızda qərarlaşdırdığımız bir vasitə ilə Bakıya
bildirəcəkdim. Mənim fin qayığı ilə salamat sahilə çıxdığım xəbərini alınca, hər
iki yoldaş dərhal əvvəlcədən hazırlanmış olan bir türkmən qayığına minərək Xəzər
dənizinə çıxmış və günlərlə su üzündə qalaraq, nəhayət, İranın Pəhləvi (o zaman
Ənzəli) limanına varmışdılar.
Yox olmağım Moskvada bir neçə gün sonra aydın olmuşsa da heç bir iz əldə
edilməmiş, iş sadəcə bir çox təhqiqatlar, istintaqlar və həbslərə müncər
olmuşdur.
Təfsirə möhtac olmayan bir fərq
Moskvadan fərar özbaşına anladılacaq çox həyəcanlı bir sıra təfərrüata
maliksə də əsil mövzu ilə az əlaqəsi olduğundan burada təsvirdən vaz keçir,
yalnız üzərimdə çox böyük bir təsir buraxan, biri Sovet Rusiyası, digəri azad və
müstəqil Finlandiyaya aid iki tablonun təsvirindən burada özümü saxlaya
bilməyəcəyəm.
Moskva yolunda bəzi stansiyalarda qatarımız dayanır, biz bəzən bayıra çıxır,
ətrafı seyr və tədqiq edirik. Bir dəfə Don çayı üzərindəki Rostovdakı böyük şose
yolunu gəzmiş, zəruri ehtiyac Məhəmməd Əlini sıxışdırdığından su tökməyə məhrəm
bir yer axtararkən rostovlulardan birisi bizə Marksın müvəqqəti heykəli arxasına
getməmizi tövsiyə etmişdi. Öncə şübhə ilə qarşılaşdığımız bu təklifdə sonradan
şübhəli heç bir şey olmadığını şəxsən görmüş, heykəlin arxa tərəfinə
yaxınlaşınca buranın həqiqətən də bir həla olduğuna heyrət etmişdik.
Xarkovda gördüyümüz mənzərə isə daha əcayibdi. Stansiya ətrafında marksizmin
böyük mürşüdü və bolşevik inqilabının ən çox sitayiş olunan ideoloji simvolu
Marksın gipsdən yapılmış qoca büstünün ağacdan olan əsasının yanları Qızıl Ordu
nəfərlərinin ifrazatı ilə pislənmişdi.
Bu mənzərə kommunist inqilabı ünsürləri ilə kommunist idealı arasındakı
mənəvi rabitə haqqında bizə qəti və aydın bir fikir verirdi.
Finlandiya Sovetlərə qarşı istiqlal mübarizəsi aparmışdı və bu mücadilədə öz
istiqlal və hürriyyətini Lenin hökumətinə qəbul etdirmişdi. Finlandiya istiqlal
hərbində şəhid düşənlərin qardaş məzarları üzərində Finlandiya paytaxtı
Helsinkinin mərkəzində bu məmləkətə xas qranitdən bir abidə qoyulmuşdu...
Finlandiyaya çıxdıqdan sonra Helsinkidəki çox sevimli və müsafirpərvər tatar
koloniyasına qonaq qaldığım bir ay əsnasında hər gün yolum bu şəhidlikdən
keçirdi. Hər dəfə keçəndə burada etinalı və minnətdar əllərin qoyduğu yeni
çeşidli saxsılar tapırdım.
Sovetlərdə gördüyüm Marks abidəsinin halı ilə Helsinkidəki bu şəhidliyin
vəziyyətinin müqayisəsi təfsirə möhtac olmasın gərək!..
“Fantastik adamın fantastik karyerası”na aid özəlliklər gözdən keçirilincə
XII yüzil Yaxın Şərq ədəbiyyatının böyük şairi Gəncəvi Nizaminin “Həft peykər”
mənzuməsində təsvir olunan qızıl köynəkli bir demaqoq tipi göz önündə canlanır.
Son dərəcə gözəl bir rus prinsesi varmış. Gözəlliyi nisbətində xudbin, qəddar
və müstəbid olan bu prinses özünə tilsimli bir qala tikdirmiş və orada qalmışdı.
Tilsimi qırıb, qalanı ala biləcək bir dəliqanlıya ancaq qovuşacağam,
təşəbbüslərində müvəffəq olmayan gənclərin isə başlarını kəsib qala divarına
asacağam, deyə elan etmişdi. Nəticədə minlərlə kəsik baş qala divarını “bəzəmişdi”.
Camaatı həyəcana gətirən bu qəddarlığa qarşı üsyan edən cəsur bir gənc əyninə
qırmızı bir köynək geymiş, qanlı prinseslə evlənmək üçün deyil, tökülən bu qədər
qanların intiqamını almaq məqsədilə üsyan bayrağı qaldırmışdı. Eqoist deyil,
altruist bir niyyətlə hərəkətə keçən igidin başına geniş bir xalq kütləsi
toplanmışdır. Nəticədə prinsesin tilsimli qalası alınmış, qırmızı köynəkli
qəhrəman müvəffəq olmuşdu. Fəqət o, sözünün üstündə durmamış, qanlı prinseslə
evlənmiş və taxta çıxaraq, özünü qızıl çar elan etmişdi.
Stalin XII yüzil məsəlində təsvir olunan bu “qızıl çar”ın XX yüzildə rus
şərtləri daxilində yetişən real bir yarısıdır.
Dünyanın böyük bir parçasını şəxsi iqtidar və kontrolu altına alan bu qorxunc
adamın ehtirası bütün dünyanı hakimiyyəti altına almaq həddində idi. Onun yeganə
qayəsi insanı hər cür ideyalardan uzaq qalaraq yuxarıda adı keçən fəhlə
Peterburjetsin dediyi kimi hakimiyyətə ancaq hakimiyyət üçün gəlmək və bütün
dünyaya yaymaq idi.
O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən
qəddar bir nümayəndəsi idi!
|
|