Azərbaycan Xalq Cümhuriyyətinin Banisi,
İdeoloqu,Milli Şurasının sədri
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan
milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil,
bütün islam aləmində ilk respublika üsul-idarəsi olan
Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran,
sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə
dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri
Məhəmməd Əmin Axund Hacı
Molla Ələkbər oğlu Rəsulzadə
1884-cü il yanvarın
31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din
xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına
çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri
öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq
S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman"
məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol
oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz
təhsilini Bakı texniki məktəbində, rus dilində davam
etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz
bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan
M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını yaratmışdır ("Azərbaycan
türk kultur dərgisi", Ankara No269, 1989-cu il, səh.49). Bu
XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı
gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Bir az sonra "Müsəlman demokratik "Müsavat"
cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın
bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə
inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir.
M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs"
adlı ilk "Şərqi Rus" qəzetində (1903-cü il No20) çap
olunmuşdur. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat"
cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman
sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu
təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd
Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə
olmuşlar. ("Бакински рабочи" qəzeti, No60, 18 mart, 1923-cü
il). M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa
görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü
idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş,
(1904-1905-ci illər, cami 6 nömrə), qəzetin əsas
naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik
onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır,
1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin
illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına
ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi
bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il
sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin
Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük
yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə
birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da
qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin
əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər
Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və
yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft
mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi
üçün, neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə
çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O,
Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının
da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan "Dünya"
qəzeti M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı sil-silə
xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu
barədə söhbət açır. ("Dünya" qəzeti, 23 may 1954-cü il).
M.Ə.Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin
(1864-1941) redaktor olduğu "Fyuzat", həmçinin Əhmədbəy
Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi"
qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap
olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti
redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin
böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) "Türk-rus və
rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur.
Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq
lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan
dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından
Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin
dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini
saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq
uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə
RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə
üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının
təməl daşını qurmağa başladı . 1908-ci il dekabrın 5-də
Məmhəməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu.
Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının
təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana
muxtariyyət" şüarı fikrini yaymağa başlamış və rus çarizm
üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi
Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk
dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə
yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır. 1908-ci ilin
axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs
olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək
İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı
başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur.
M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı
Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi
Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının
acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu
müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında
təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş
bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan
Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə
birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat
partiyasının əsasını qoyur. O, bu pariyanın əsas orqanı olan
"İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur.
Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şer və
publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda
Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar
Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin
xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa
qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə
olmuşdur" ("Sühən" jurnalı, Tehran, 1955-ci il, No4). İranda
həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası
təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda
1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı
kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə
müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək
onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadəni ölkədən
xaric olunması haqqında şahlıq üsuli-idarəsindən tələb
eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün
İstambula müraciət edir. O, Türkiyənin paytaxtında
həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş,
Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Gök Alp (1876-1924)
və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə
"Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı"
cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin
noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal
yazanlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində
bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan "İran türkləri"
(1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin
məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi
coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və
yazır: "Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində
olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil
ediyor" (səh. 108).
O vaxt
Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin
məşhur türk ensiklopedisti Şəmsəddin Saminin
"Qamusi-aləm"inin birinci cildində (İstambul, 1889-cu il,
səh.67) "Azərbaycan" məfhumu altında ancaq Araz çayından
cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə,
xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan "Azərbaycan"
qəzetində də bu məsələyə toxunur: "İslam mərkəzi İstambulda
Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır".
İstambulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri
Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) "Vəhdəti cinsiyə
fəlsəfəsi"ni ("Milli birlik fəlsəfəsi"ni) farscadan türkcəyə
tərcümə edir, öz doğma xalqının məişətindən alınmış "Acı bir
həyat" əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr
edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə
əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O,
hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında
keçmiş hümmətçilər Tağı Nağıyev, Məhəmməd Əmin Rəsulzadə və
Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman
demokratik "Müsavat" partiyası"na daxil olmuş və tezliklə
onun rəhbərinə çevrilmişdir (Məhəmməd Əmin Rəsulzadə. "Müsavat"
partiyasının quruluşu , "Azərbaycan", Ankara, No15(167),
1966-cı il, səh. 12-18). Bu illərdə M.Ə.Rəsulzadə
ədəbi-publisistik fəaliyyətini də davam etdirir. "Yeni
lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs
edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil-ictimai bir
əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu
məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı
xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o
proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı
Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o
illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar
etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və
jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda
iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və
siyasi jurnal olan "Diriliyin" birinci nömrəsi çapdan çıxdı.
M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın
ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli
oyanışa çağırırdı. O, bu jurnalın səhifəlrində çap etdirdiyi
"Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan
qayəsi"ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə
Tiflisdə, rus dilində çap olunmuş "Müsavat" partiyası
keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya 1917-ci
ilə qədər "Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın
mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt
ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış
fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ
1911-ci ildə İstambulda "Türk yurdu" jurnalında çap
etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycanın Qafqazın
tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək
lazmıdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi
ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da,
var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına
M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin
avqustundan "Açıq söz" qəzetini nəşr edir ki, bu da əslində
gizlin fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi.
1917-ci ildə fevral burjua inqilabı baş verdi.
Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib,
dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya
imperiyası dağılmağa üz qoydu… Əsən azadlıq mehi müstəmləkə
halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini
yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martında açıq
fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz"
qəzeti yazırdı: "Şimdiyə qədər qayəmiz, amalımız məlum
olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi
millətimizə dəstur olacaq milli və siyasi proqramımız
bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan
biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində
kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı
tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr
dəstəsi kimi boğaz-boğaza gəlmişlər ("Açıq söz" qəzeti",
No431, 1917-ci il). Həmin ildə Gəncədə Nəsibbəy
Yusifbəylinin (1881-1920) rəhbərliyi altında "Türk Ədəm
Mərkəziyyət (federalist – M.Əliyev) partiyası fəaliyyətə
başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün
Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi.
Bu mitinq "Yaşasın demokratik respublika", "Yaşasın
Azərbaycan muxtariyyəti", "Yaşasın Türk Ədəm Mərkəziyyət
partiyası" şüarları altında keçirilmişdir ("Baku" qəzeti,
No80, 12 aprel, 1917-ci il).
1917-ci ilin aprelində
Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay
M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə
təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan
qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında
maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin
(1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı
əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı.
M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında
məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə
M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan,
Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə
muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ
şəkildə qurmaq" barəsində təklifini qəbul etdi. O, həmin
dövrdə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət
faydalıdır?" kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin
Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun
çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı
altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda
M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı
çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı.
1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik "Müsavat"
partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk
Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış
etməyə başladı ("Açıq söz" qəzeti, No501, 18 iyun, 1917-ci
il). Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və
hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində,
Ukaryananın, Gürcüstanın və Ermənistanın paytaxtlarında,
Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi
Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və
Türkiyənin paytaxtı İstambulda təşkil olundu. O, burjua
xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı
ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm,
öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün
özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar
("Açıq söz" qəzeti No549, 24 avqust 1917-ci il). Bunu da
qeyd etmək lazımdır ki, onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman",
"Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri
müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur.
1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin
iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən "Türk Ədəmi
Mərkəziyyət partiyası "Müsavat"ın birinci qurulutayında
Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir.
Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün
qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında
xalqımızın milli hərəkatı başlanmışdır.
Həmin dövr xalqımızın
tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə
Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili
fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin
ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif
partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası
yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri
seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio
stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan
olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz
varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə
çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar
kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ
var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920)
başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti
təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli
xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə
olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də
Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu
nitqində deyirdi: "Dünya müharibəsi və Rusiya inqilabının
təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm
basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr
keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da
millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa
sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə
bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki,
müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan
nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə
bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor" ("Azərbaycan"
qəzeti, No41, 1918-ci il).
Gördüyümüz kimi, M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində
hələ birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı
səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin
aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının
qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsi"ndən
söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra
görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə
kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu
torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın
Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar
əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq
deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq
uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi
və hətta ölkənin adı belə xəritələrdən silinmişdi.
Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq
hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı
qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli
dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni
M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan
ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il
dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında
M.Ə.Rəsulzadə demişdir: "Biz o zaman ki, bizim üçün ən yaxşı
məsələni – "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik, biz
onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə
deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları
parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah
yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi
məzəmmət edidilər ki, Azərbaycan muxtariyyətini tələb edərək
biz vahid demokratik cəbhəni yarırıq. "Müsavat" partiyası
birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə
qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında
Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda
Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn
bayraq bir daha enməz!" ("Azərbaycan" (rusca) qəzeti, No59,
13 dekabr 1918-ci il). Bakı Dövlət Universitetinin yaranması
da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o,
bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və
universitetin açılmasını qəti tələb etmişdir. Universitetin
ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap
etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması"
adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində,
onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında
universitetin açıq və gizli düşmənləri partiyanın qərarına
tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki
partiyaya malik idik, "Müsavat" və sosialistlər, bu da
parlamentdə çoxluğu təmin edirdi" (Bakı Dövlət
Universitetinin xəbərləri, No2, 1922-ci il). 1920-ci ilin
mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il
üçün Azərbaycan respublikasının təqvim-ünvanı"nda oxuyuruq
ki, M.Ə.Rəsulzadə "Tarixi-filologiya fakültəsində "Osmanlı
ədəbiyyatı tarixi"ndən dərs demişdir. Azərbaycan
istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə
Bakıda bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu
kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında
M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri çap
olunmuşdur.
1920-ci ildə aprel
hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı.
Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində
Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə
çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək,
XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i
Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən
həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla
İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş
inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan
borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə
Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat
müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR
Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş
Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in
Millətlər Komissarlığının orqanı olan "Yjdsq djcnjr"
jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, 2-ci
nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı
məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu
məqalə çap olunmamışdır. Bunu M.Ə.Rəsulzadənin mühacirətə
getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə
getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə
məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş
Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz
əksini tapmışdır. O yazır: "Müsavat" partiyasının gizli
mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri
M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir
yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum
Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının
rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926)
bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə
ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif
olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun
oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah
Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin
körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin
edilmişdir ("Azərbaycan" jurnalı, Ankara, No3, 1955-ci il).
Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki,
bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə
1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə,
M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır. 1928-ci ildə
İstambulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının
keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu",
"İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir.
1923-cü ildən onun redaktorluğu ilə İstambulda "Yeni
Qafqaziya" jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci
ildə İstambulda "İnqilabçı Sosializmin iflası və
demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya
türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun
redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu
yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş"
(1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə
M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və
istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar
olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən
M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam
edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr
edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş"
(1934-1938) jurnalı çap edilirdi.
1933-cü
ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan
respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük
maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas
idi, onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan
ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Belində
alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə
Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət
savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci
ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar,
1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə
İstambulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci
cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi edilmişdir.
1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın
kultur kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş
Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan
tarixi" (1951-ci il) kitabları həmin illərdə
M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci
ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı
monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir
çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin
Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun
1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan
respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis
dilində nəşr olunan "Britaniya ensiklopediyası"nda "Müsavat"
partiyasının yaranması tarixi və Azərbaycan Demokratik
Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən
çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr
edilməkdə olan "Türk ensiklopediyası"nda Azərbaycana aid
məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır.
Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk
dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən
Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın
tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də
bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı
haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya
müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz"
(1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939)
jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci
ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd
Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M.Əlif
Rəsulzadə" və s. qeyd etmək olar. Ankara universitetinin
tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan
Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on
dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…"
deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat
22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri
M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı
münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində
xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı
S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan
olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə
birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri
hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına
çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən
görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid
Həsən Tağızadə "Sühən" jurnalında yazırdı: "Rəsulzadə, bütün
ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım,
mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan
biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam
məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam
mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən
fədakar, mücahid və örnək bir insandı. Belələrinə
zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün
deyildir" ("Sühən" jurnalı, tehran, No4, 1955-ci il).
1978-ci ildə, ölümündən 23 il sonra: - Ankarada
M.Ə.Rəsulzadənin "Milli təsanüd" ("Milli həmrəylik") adlı
kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən qədim
universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin "Qafqaz
problemi ilə əlaqədar olaraq panturanizm" adlı kitabı
ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap
edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə "Əsrimizin
Səyavuşu" və 1990-cı ildə isə "Azərbaycan respublikasının
keçmişi, təşəkkülü və indiki vəziyyəti" adlı kitabları
Ankarada yenidən işıq üzü görmüşdür. Azərbaycan milli
dövlətinin yaradıcısı, xalqımızın böyık oğlu və görkəmli
mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi-tarixi irsini
geniş oxucu kütləsinə çatdırmağın vaxtı çoxdan gəlib
çatmışdır. Bu baxımdan ilk dəfə xalqımıza təqdim olunan
M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" (Türk dilindən tərcümə
edən Mayis Əlizadə), "Çağdaş azərbaycan ədəbiyyatı" və "Çağdaş
Azərbaycan tarixi" (hər iki əsəri türk dilindən tərcümə edən
Paşa Əli oğludur) əsərləri inanırıq ki, geniş oxucu kütləsi
tərəfindən rəğbətlə qarşılanacaqdır.