AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİNİN QIZIL ORDU TƏRƏFİNDƏN İSTİLAYA UĞRAMASININ 32-Cİ İLDÖNÜMÜ
MÜNASİBƏTİ İLƏ
1952-Cİ İLDƏ YAYINLANAN
XİTABI
Bu
gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet Hökumətinin və Bolşevik
Partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet
Azərbaycanının istiqlal yubileyindən bəhs edilir (1).
Azərbaycan xalqı guya ki, əsl bu
gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş,
istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş.
Xalq idarəsi, xalq üçün, xalq
tərəfindən qurulan bir idarənin adıdır. 32 ildir Azərbaycanda davam edən
idarə isə xalqa hökm edən bir zülm və istibdad idarəsidir. Sözü, yazını və
nəşriyyatı manapol altına alan bolşeviklər tarixi təhrif edirlər: deyirlər
ki, bundan 32 il əvvəl Aprelin 28-də Azərbaycan fəhlələri ilə kəndçiləri
üsyan etmiş, bəylərin, xanların, ağaların hökumətini yıxmış, yerinə Sovet
hökumətini vücuda gətirmişlərdir. Bu üsyanın başında duran "İnqilab Komitəsi"
isə Rusiya Sovet hökumətinə müraciətlə özünə kömək istəmiş, o da qızıl
ordunu Azərbaycana göndərmişdir.
Halbuki həqiqət tamamilə bunun
əksinədir: Ayın 27-sində Qızıl ordu üstün qüvvətlərlə Azərbaycan sərhəddini
keçmiş, göstərilən müqavimətləri qırmış və Bakını zorla tutmuşdur. Bundan
sonra özü ilə gətirdiyi "Azərbaycan inqilab komitəsi"nin adından guya "üsyan
etmiş Azərbaycan fəhlə və kəndçilərinə" köməyə gəlməsini özü xahiş etmişdir.
Bolşeviklərin 31 ildən bəri hər il
28 Apreldə təntənə ilə bayram etdikləri hadisə bu hadisədir.
İstila hadisəsinə onlar istiqlal
deyirlər. Burada bir xalq hökuməti deyil, xalqı əzən bir diktatorluq quruldu;
buna "fəhlə diktatorluğu" dedilər, amma yalan: bu fəhləni də əzən bir
diktatordur. Bu, Azərbaycan Xalqının 34 il əvvəl 28 Mayıs 1918 də başından
atdığı yabançı istilasının yenidən daha qorxulu şəkildə geri dönməsindən
başqa bir şey deyildir.
Azərbaycanlılar! Sizi bu gün
azadlığınızdan etdilər; söz, yazı və yığıncaq həddini əlinizdən aldılar.
Azadlıq, burjua boşboğazlığıdır dedilər. Bəylərdən torpaqları, sahiblərindən
fabrikaları aldılar. Bir qisminizi kolxozlara, bir qisminizi də fabrikalara
zəncirlədilər. Sözdə kapitalizmi qaldırdılar amma, işdə dövlət
kapitalizminin əsirləri oldunuz. Bir dilim çörək üçün briqadirlərin
qamçıları altın-da canınız çıxasıya çalışdırıldınız; fəhlə olanlarınız
fabrikalara bağlı qullar halına düşdünüz. Komissarların və partiya
böyüklərinin gözəl yaşayışları ilə zəhmətkeş xalqın halını bir tutuşdurunuz.
Bu idimi sizə vəd edilən bərabərlik?
Dəmirpərdə ilə xarici aləmdən
ayrılmış bir vəziyyətdə olan sizləri bolşeviklər min cürə yalan və
palanlarla idarə edirlər: bütün dünya əsir ikən siz azadmışsınız; bütün
dünya aciken siz toxmuşsunuz; hər tərəfdə müsavatsızlıq və hərc-mərc
variykən Sovet Azərbaycanında nizam və intizam varmış. Sovet Azərbaycanı
Cümhuriyyəti bütün dünyaya və ələxüsus Şərqə nümunə bir Cümhuriyyət imiş! Bu
nümunə Cümhuriyyətdə kultura inkişaf edirmiş: "formaca milli, məzmunca
sosialist" proletariat kulturasından sizə çox bəhs edirlər: formaca milli
olacaq yazımız on beş ildir rus hərfləri ilə yazılır, yalnız hərflər deyil
istilahlar da ruslaşdırıldı. İslami və Avropalı istilahlar işlətmək indi
yasaqdır. Kommunizmin müqəddəs dili Ruscanın istilahlarını işlətmək
məcburidir. Formanın ruslaşdırılmasından sonra sıra məzmuna gəldi. İndi
sosialist olacaq məna da ruslaşdırılır. Tarixdə ideallaşdırılacaq
qiymətlərdən insan azadlığını və milli istiqlal hadisələrini deyil, Rus
imperializmini təmizə çıxaracaq misallar verilməliymiş. Bütün dünyada milli
istiqlal qəhrəmanı deyə tanınan Şeyx Şamil dünən alqışlanan bir sima ikən,
bu gün mənfi bir tip olur. Azərbaycan xalqının, şücaət, cəsarət, fədakarlıq,
igidlik və vətənpərəstlik hisslərini qıcıqlayan "Dədə Qorqud" hekayəsi dünən
faydalı bir əsərdi, bu gün zərərli görünür. Çünki indi Sovet imperializmi
çarların getdiyi böyük rusluq yoluna düşmüşdür.
Böyük şairlərimiz, ədib və
yazıçılarımız əksinqilabçı deyə meydandan qaldırıldılar. Millətin şanlı
keçmişiylə az çox əlaqəsi olan əsərlər kitabxanalardan yığışdırıldı.
Sadə milli Azərbaycan dövrünün və
Türk Mədəniyyət Tarixinin həqiqi müəssəsələri deyil, Azərbaycanın
sovetləşdirilməsində tarixi rol oynamış adamların adları belə çəkilməz oldu.
Doktor Nəriman Nərimanov 27-28 Aprel hadisəsinin qəhrəmanı idi. O,
Azərbaycan inqilab Komitəsinin rəisi sifəti ilə, Qızıl ordunun süngüləri
arasında iş başına gəlmişdi. İsminin Sovet istilasını pərdələnməsinə razı
olmuşdu. Azərbaycandan Moskvaya yollanan gəmilər və vaqonlar dolusu qarət və
qənimət mallarını o, yoldaş Leninə hədiyyə deyə sadiqanə nitqləri ilə yola
salmışdı. Bütün bunlara baxmayaraq, bir az sonra, onu suyu sıxılmış limon
kimi atdılar, milli əyintiçiliklə töhmətləndirib Moskvaya sürdülər. Ömrünü
orada bitirdi.
Başqa bir çox komissarlar da eyni
aqibətə düçar oldular. Məsələn: Azərbaycanın sovetləşdirilməsində, birinci
gündən etibarən, milliyyətçilik ilə Panturanizmə qarşı amansız surətdə
mücadilə edən və Karl Marksın Kapitalının Azərbaycan Türkcəsinə tərcümə
edilməsi münasibəti ilə "Türkcənin şərəfləndiyindən" bəhs edən Ruhulla
Axundov, Panturanizmin zəhərli bir nümayəndəsi və milliyyətçi Müsavat
partiyasının zavallı bir agenti deyə günahlandırıldı. Sovet dərs
kitablarında Panturanizm ilə Panislamizmin "qaçaq fikirlərini" böyük bir
diqqətlə arıtlamağı özünə müqəddəs vəzifə sayan və bir çox vətəndaşlarının
qanına girən Əli Heydər Qarayev,
Sonra
millətlər arası faşizmin nacins bir nökəri deyə ifşa edildi. Milli Azərbaycan
Hökuməti əleyhində konspiraisyonu ilə məşhur olan 1921-də (2) Gəncə üsyanını
basdırmağa məmur olan baş komissar Həmid Sultanov İnqilab Məhkəməsinin qərarı
ilə, Azərbaycanı Sovetlər Birliyindən ayırmaq istəyən silahlı bir üsyan
qüvvətinin başında durmaq töhməti ilə ölüm cəzasına məhkum oldu. Bu cürə
misallar söylənməklə bitməz!..
Xalq üçün, qətiyyən deyil, ancaq qızıl
Moskva ağaları üçün idarə olunan Sovet Azərbaycanında xalqa azacıq yaxınlıq
göstərən insanlar Stalinin dövründə bir xalq düşmənidir. Vaxtilə Sovet rejiminə
böyük yararlıqlar göstərən bir çox yerli kommunistlərə "xalq düşməni" damğasını
vuraraq hamısını silib süpürdülər. O qədər ki, bu gün münasibəti ilə nəşr olunan
Sovet qəzetələrində, yubleyi yapılan Aprel inqilabı qəhrəmanlarının elan olunan
siyahısında yerli tək bir ada rastlana bilməz. Azərbaycandakı Sovet inqilabının
yeganə qəhrəmanı Qızıl ordunun komandanı Stalindir!..
32 ildən bəri üstünüzə qanlı kabus
kimi çökən rejim, milli qəhrəmanı olmayan, Xalqın içindən çıxmış rəhbərdən
məhrum olan bir rejimdir. Yabançı və yalançı bir rejim!..
Bu sürgünlərin, həbslərin, ölüm
lagerlerinin və ardı - arası kəsilməyən qanlı təmizləmələrin, Allahı tanımayan,
dinsiz, imansız, zalım N. K. V. D. -çilərin rejimidir. Belə bir rejimin hakim
olduğu bir yerdə, azadlıq dünyasından gələn bir səsi eşitmək əlbəttə qolay
deyildir. Bu çətinliyi bildiyimiz halda səsimizi məzlum Azərbaycan xalqına
duyurmaq məqsədilə bu günkü qanlı Aprel istilası matəmini yaşayanlara deyirik ki:
bolşeviklər, Azərbaycanda bütün Şərqə nümunə bir dövlət qurduqlarını söyləyirlər.
Sözlərində səmimi olub dediklerinə həqiqətən inansaydılar, dəmir pərdəni
qaldırar, Cümhuriyyətin qapılarını açar, sizləri azad dünya ilə əlaqə
və münasibətə gətirərlərdi. Fəqət bunu edə
bilməzlər, çünki, o zaman yalanları üzə çıxar: qaraya ağ, zülmə ədalət,
yoxsulluğa varlıq, əsirliyə azadlıq, istilaya istiqlal dedikləri aşikar olar!..
Onlar, bu cəsarəti göstərə bilməz,
inadlarında davam edərlər. Fəqət, bu inad onları qurtara bilməz: həqq ilə
batilin, doğru ilə yalanın dünya ölçüsündə gedən mücadiləsində Nihai qələbə
həqqin və doğrunundur.
Bu zəfər günəşi əlbəttə ki, bir gün
Azərbaycanda da parıldayacaqdır!..
--------------------------------------------------------
1. Müraciətin mətni 1952-ci ildə "Qafqasya"
dərgisinin 15-ci sayında dərc edilmişdir.
2. 192O-ci ilin mayında baş verən
Gəncə üsyanı.
|