1951-Cİ İLİN 26 AVQUSTUNDA AZƏRBAYCANA XİTAB
"Mən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın
səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək
fürsətini verdiyi üçün buna mütəşəkkirəm (1) . Bu Radio Birləşik Amerika
Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır". Bu fikirlər
başlıca iki əsasa dayanır: İNSANLARA AZADLIQ, MİLLƏTLƏRƏ İSTİQLAL!
Bundan 33 il evvəl, Birinci Dünya
Harbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında
tutan Rusiya İmperatorluqu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri
fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.
Rəisi olmaq şərəfiylə fəxr etdiyim
Milli Azərbaycan Şurasının bu münasibətlə nəşr etdiyi tarixi bəyannamedə özcümlə
bu maddələr vardır:
1. - Azərbaycan xalqı hakimiyyət
haqqına malik, Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. - Azərbaycan dövlətinin idar şəkli
xalq cümhuriyyətidir.
3. - Azərbaycan Xalq Cümhuriyyəti
bütün millətlər və bilxassə civardakı qonşu millət və dövlətlərlə iyi
münasibətlər qurmağa əzm edər.
4. - Azərbaycan Xalq Cümhuriyyəti
millət, məzhəb, sinif, məslək və cins fərqi közləmədən hüdudları içində yaşayan
bütün vətəndaşlarına siyasi və mədəni haqlar təmin edər.
Demokratiyanın bu yüksek əsaslarını
həyata keçirmək üçün qurulan milli hökumət iki il yaşadı. Tariximizin ən şanlı
dövrünü təşkil edən bu qısa müddətdə, hərbdən və hərci-mərcdən çıxan yurdumuzda
əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabita və ədalət müəssisələri
quruldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi.
Mədəniyyət dünyasıyla təmasa gəlindi. Qonşularla iyi münasibətlər təsis olundu.
Nəticədə Böyük Avropa dövlətləri ve Amerika tərəfindən cümhuriyyətimizin
istiqlalı tanındı; Lenin və Stalinin imzalarıyla müsəlman millətlərinə sözdə
hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə Türk ve müsəlman dünyasında
qurulan ilk cümhuriyyəti Qızıl ordunun üstün qüvvələrilə zorladılar. Xalqımız
təcavüzə qarşı var qüvvəsiylə savaşdı; fəqət, heyhat, məğlub oldu! Nəticədə
milli ordunu dağıtdılar, milli münəvvərləri kəsdilər, milli sərvəti yağma edərək,
Moskvaya götürdülər. Bir sözle məmləkəti sovetləştirdilər.
Tarixin ən qəddar istibdadını quran
bolşevikler sovet rejimine utanmadan demokratiya deyirlər. Sovetlərlə həqiqi
demokratiya arasında yerdən göyə qədər fərq vardır, vətəndaşlar!
Mədəni dünyadakı gerçək
demokratiyalarda insan azad bir vətəndaşdır. Hər vətəndaş düşündüyünü qorxmadan
söylər, yazar və bunları yeritmek üçün cəmiyyətlər qurar. Əcəba NKVD qorxusu
olmadan düşüncələrinizi açmaq cəsarətini göstərə bilirmisiniz?... əsla!
Köylüler torpağa, işçilər fabrikə zəncirlənmiş, hərəkət və səfər haqqından
məhrum kölələr halındadır. Briqadirlerin əmrləri altında canınız çıxanacan
çalışdığınız halda qarnınız doymur, yarıac və yarıçılpaq səfil bir həyat
yaşayırsınız. Ziraət və ekonomiya sistemi məmləkətin deyil, müstəmləkəçi Moskva
ağalarının mənfəətlərinə görə ayarlanır, Müqəddəratınız onların keyfinə və
kaprizlərinə bağlıdır. Ən böyük idarələr, bilxassə məmləkətin ana gəlir qaynağı
olan neft idarəsi (Azneft) Moskvanın əlindədir. Cümhuriyyətin paytaxtı Bakı
dövlət içində bir devlətdir. "Baksovet"in büdcəsi Moskvada təsdiq olunur.
Azərbaycan hökumətinin, Bakıya, təəllüq (aid olan) edən qərarları üzərində, onun
veto haqqı vardır. Azərbaycan ekonomisi xalis bir müstəmləkə ekonomisidir.
Ekonomi baxımından Rusiyaya tabe olan
Azərbaycan, siyasətcə dahi (dəxi) Moskvanın köləsidir. Sözdə müstəqil sovet
Azərbaycanın idarəsi işdə tamamilə rusların əlindədir. Azərbaycanı guya idarə
edən Azərbaycan kommunist partiyasının həqiqətdə Rusiya Kommunist Partiyasının
vilayət şöbəsinden başqa bir şey deyildir. Ümumi katibləriniz əksəriyyətlə
Moskvadan təyin olunurlar. Azərbaycan kommunist partiyasının tarixi milli
əyinticilərdən təmizlənmənin tarixidir. İl yoxdur ki, partiya sıraları
milliyyətçiliyə meyl edən azğınlardan, nasional-burjualardan və yabançı
ajanlardan təmizlənməsin. Azərbaycanı Moskva hesabına sovetleştirmədə bu qədər
xidmət ve yararlıqları keçən yerli məşhur kommunistler belə, kommunizmin amansız
düşməni millətçi-müsavatçılara qapılmışlar bəhanəsiylə təmizlənmədilərmi?
Sovetlərin Azərbaycandakı icraatı
qədər qanlı bir icraat təsəvvür oluna bilməz. Kollektiv ziraət planlarını
baltalamaqla töhmətləndirilən köylülərin uğradıqları qanlı ve amansız təqibin
faciəli dastanı meşhurdur. Bu faciə hələ davam etməkdədir. Bundan başqa
millətçilik, sovet əleyhdarlığı ve başqa növüdən töhmətlər üzündən yapılan
həbslər, sürgünler və edamların sayı hesabı yoxdur. Bu baxımdan işçilərin halı
köylülərdən geri qalmadığı kimi münəvvərlərin halı da onun kimidir.
Bütün bu hallarla bərabər barı
Azərbaycan kultur həyatına əl dəyilməsə, bu sahədə olsun istiqlalınə azacıq da
olsa hörmət göstərilsəydi. Heyhat ekonomisi ilə siyasəti azad olmayan bir
məmləkətin kulturunu rahat buraxırlarmı heç? Sovet istilasının qəhredici icraatı
əsl bu sahədədir. Milli kulturumuz tarixi ana köklərindən, türklük və
müsəlmanlıq camiəsindən tamamilə qaydırılmış (qəsdən yoldan çıxarılma),
kommunizmin ideologiyasına uydurulmuşdur. "Leninin milli siyasetinə" görə
kulturun içi kommunist, dışı milli olacaqdı. Azərbaycanda bu formul da dəyişdi.
Yazımız rus hərflərilə yazdırılmağa başladı. İstilahlar da ruslaşdırıldı. Tarix
anlayışı bolşevik partiyası tarixinin dar çərçivəsi içinə alındı. Milli ənənələr,
bayramlar mənedildi (qadağan edildi). Artıq hər şeydə, içdə də, dışda da, mənada
da, ləfzdə (söz, kəlmə) də rus kommunizmi bir nümunə oldu. İndi böyük rus
millətinə yumaq, ona sitayiş etmək bolşevizmin dini fərizələrindəndir (gümanlarındandır).
Çarlıq Rusiyasında olduğu kimi, bolşevik Rusiyasında da ruslaşdırma dəyişməyən
bir siyasətdir. Milli kultur qüvvətlərimiz amansız surətdə məhv edilir, ən böyük
şairlərimiz, ən böyük mühərrirlərimiz, ən məşhur və sevimli camaat adamlarımızın
adları artıq söylənməz oldu. Hamısı ya sürüldü, ya öldürüldü. Yeganə qəbahətləri
milli kulturuna bağlı qalmaqdı. Müstəqil bir millətin azad oğlu qalmaq
cəsarətini göstərmək indi ölümlə cəzalandırılan ağır bir günahdır.
Bütün bu təcavüzlərin yanında millətin
dini müqəddəratına yapılan təcavüzləri də unutmamalıyıq, məscidlərin anbar ve
samanlıq halına gətirildiyi ilə hakimi din adamlarının mənəvi işgəncələrə
tutulduqları məlumumuzdur. Halbuki, mədəniyyət dünyası belə bir təcavüzə
təhəmmül etməz. Bu dünyada insan ilə Allahı arasındakı münasibətə müdaxilə etmək
kimsənin həddi deyildir. Vicdan hürriyyəti, insanın əlindən alınmayacaq müqəddəs
bir haqdır.
Əziz vətəndaşlar, bilirəm ki, aranızda
azad yaşayan, nə fikir, nə sənət, nə siyasət, nə də din adamı yoxdur. Bunlar ya
şəhadət camını içmiş, ya da nəticəsi ölümlə bitəcək sovet sürgün düşərgələrində
təhəmmül edilməz şərtlər içində son günlərini yaşayırlar.
Əziz Azərbaycanlılar! Bütün dünyadan
əlaqəniz kəsilmiş və təklənmişsiniz. Çevrənizdə sizi dış aləmdən ayıran dəmir
bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və
fəlakətli yaşayışı, bolşevik propaqandaçıları, sizə ideal bir həyat kimi qələmə
verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən
ibarət bir həyat kimi təsvir edirlər. İnanmayın qardaşlar! Dünyada asudə yaşayan,
qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu
millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də
imanına təsəllüd (ağalıq etmə, üstüna salma) edən yoxdur. Azad insanların
birliyindən ibarət olan müstəqil millətlər öz özlərini idarə edirlər.
Məsuddurlar. Azaddırlar.
Demokrasi idarəsi hər cürə qorxudan ve
zorlamadan azad bir idarə sistemidir. Bütün bu dünya bu sistemə tabe olmadıqca,
insanlıq rahatlıq üzü görməyəcəkdir. Bolşevizmin faşizmdən geri qalmayan,
demokratikliyi danan qəddar və zalım rejimi baqi qaldıqca (daimi, əbədi), nə
insanlara azadlıq, nə də millətlərə istiqlal nəsib olmayacaqdır.
Azadlıq və milli istiqlal
prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan hürriyyət
bəyannaməsi elan etmişlərdir. Bütün dünyanın səadəti kimə, Azərbaycanın xilası
da bu əsasların tamamilə gerçəkləşməsinə bağlıdır. Təkrar edirəm -insanlara
azadlıq, millətlərə istiqlal!
---------------------------------------------------------------
1. Müraciətin mətni 1951-ci ildə "Qafqasya
dərgisinin 1-ci sayında dərc edilmişdir.
|