MİLLİ DİRLİK
— III —
Milli vicdan ilə imanın nə surətlə
hasil olacağından bəhsi bu nömrəyə vəd eləmişdik.
Milli vicdan və yаxud milli iman milli
dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından
hasil oluyor. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir əməli vardır.
Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun firəngcəsi “ideal”
gəliyor. Osmanlıcada son zamanlarda bunu “məfkurə” deyə tərcümə edənlər də
vardır.
Hər şəxsin arzu və əməli bittəb özünün
iqtidar və məsləki ilə mütənasib olur. Məsələn, bir müəllimin məktəb müdirliyinə
nail olmaq istəməsi onun üçün bir əməl təşkil edir. Bir mühərririn qəzetə sahibi
olmağı arzu eləməsi onun idealıdır. Öylə də bir çobanın böyük bir sürü sahibi
olmaq diləməsi onun məfkurəsidir. Demək ki, bir şəxs öz iqtidar və bacarığı
dairəsində müntəha nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə
yoxdur. Onsuz yaşamaq naqabildir.
Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə
mövcib oluyor. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməlsiz
yaşaya bilməzlər. İştə millətin ümumən də mövcud olan hakim bir əməl və arzu
yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid ediyorlar.
Fəqət bu milli əməlləri kimlər zühura
çıxarıyor və milli vicdan nə surətlə zahir oluyor? Bunu anlıyalım:
Yuxarıda kimsənin əməlsiz olmadığını
iddia etdik, fəqət əməldən əmələ fərq vardır. Şəxsi əməllər hər nə qədər müşkül
və istehsalı çətində olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl
deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Məsələn, bir hambal
millioner olmaq əməlinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ
böyüklük namı verilməz. Fəqət bir fərd öz mühitinin faydasını düşünərək şəxsi
üçün deyil, qövmi və yаxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək
olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yаxud məfkurəçi ismi verilər.
Məsələn, ruslarda Böyük Pyotr,
Lomonosov, firənglərdə Jan Jak Russo, Napoleon; almanlarda Lyuter, Bismark;
osmanlılarda Sultan Məhəmməd Fateh, Midhət Paşa; iranlılarda Nadir şah ilə
Firdovsi; əfqanda Əmir Əbdürrəhman xan bu kimi böyük əməlpərvərlərdəndir.
Böyük milli əməl bəsləyənlər əvvəl
nəzərdə görüldüyü kimi o qədər də az deyildirlər. Onlar hər zamanda olmuşlar və
vardırlar. Yalnız şöhrətləri, iqtidarları və gördükləri işlərin əndazəsinə
görədir. €z şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul, onun səadəti
naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən
böyük əməlpərvərlərdəndirlər. Bir millət arasında bu kimilər məhdud, yа məfqud
olarsa, o, millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının
ziri-dəsti olub, ayaqları altında əzilər, gedər. Çünki, şəxslərə mümkün olmadığı
kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət böyük əməlpərvərlər bu
böyük əməli haradan alıyorlar?
— Əsil arasında yaşadıqları mühitin
özündən.
Bir mühit, daha vazeh bir təbirlə, bir
millət əfradının ürəklərində milliyyətləri və mühitləri haqqında bəzi arzular
vardır. Fəqət bu arzulara bir şəkil və surət verməkdən özləri acizdirlər.
Müştərək bir əməl bəsliyorlar, fəqət bu bəslədiklərinin nədən ibarət olduğunu
təyin edə bilmiyorlar. Aralarından bir iqtidarlısı çıxıb da bu hər kəsin mübhəm
bir surətdə hiss etdiklərini müəyyən bir şəkil və surətə qoyunca, baxırsan ki,
bir çoxları özlərinin də mübhəm bir surətdə hiss etdikləri şeyin məzkur
əməlpərvər tərəfindən təyin olunanın eyni olduğunu görüyorlar. Demək ki,
əməlpərvər birisinin qələmə və yаxud dilə gətirmək surətilə təsvir etdiyi bu
lövheyi-istiqbal bir ayineyi-xəyaldır. Hər kəs özünün istədiyini o aynada inikas
etmiş buluyor və dərhal özünün dəxi o fikirdə olduğunu izhar ediyor.
Ayrı-ayrı əməlpərvərlər tərəfindən
təsvir və təyin olunan, başqa təbirlə, ehzar olunan milli əməllər layihəsi
xalqın əsl düşünüb də hiss və arzu etdiyilə təvafüq edirsə, məzkur əməl səri bir
surətdə xalq arasında intişar edər və bollu tərəfdarlar qazanar. Yoxsa məhdud
bir dairədə intişar tapıb nəhayət, nisyan bucağına atılıb qalar.
Məsələn, Fransa inqilabi-kəbirindən
əvvəl mövcud olan üsuli-həyatdan Avropa xalqı bizar olmuş və əqillərin o vaxta
qədər hakimi olan nəzəriyyə və fəlsəfələr köşəmiş hər kəs halın böyləliklə davam
edə bilməyəcəyini düşünmüş idi. Cəmaət digər bir tərzi-həyat arıyordu. Və hər
kəs özü-özlüyündə də əhvalın nə yolla dəyişməsi lazım gələcəyini mübhəm bir
surətdə hiss etməkdə idi ki, Russo o müdhiş qələmi-nəqqadı ilə zühur etdi.
Mövcud olan tərzi-həyatı başdan ayağa tənqid edərək, tazə bir həyat əməlinin
əndazəsini göstərdi. Bütün Avropa həmən Russonun yazdıqlarını alqışladı, hər
yerdə filosof özünə atəşli tərəfdarlar tapdı. “Russoluq” xalqı elə bir həyəcan
və ğəlyanə gətirdi ki, xalq onun vəz eyləmiş olduğu əsasların müdafiəsi üçün
canını fədaya hazır olub, əməl uğrunda biintiha qalanlar belə töküldü.
Papalıq hədd və əndazədən çıxmış
bipayan cinayətkarlıqları və sui-istemallarından bizar olan xristianlıq aləmi
Lyuterin zühuru ilə təsis edən protestantlığı dəxi öylə bir hərarət və
səmimiyyətlə qarşıladı. Çünki Lyüter mühitinin mübhəm bir surətdə düşündüklərini
tədvin eləmiş və müəyyən bir şəklə qoya bilmişdi.
Bolqar milləti bir zaman məhv və nabud
olub getmişdi. Hər kəs bir daha bolqar deyə millət vücuda gələcəyindən naümid
idi. Hətta zəmanəsinin ən mütəfəkkir bir simasını təşkil edən Volter belə
bolqarlar haqqında “münqəriz bir millət” demişdi. Fəqət sonra bolqar böyük
əməlpərvərləri Vazovlar və Bayayılar zühur etdilər. Bolqarların təbir edə
bilmədikləri əməllərini qələmə gətirib onları şerləndirdilər. Böyük Bolqar
tarixi yazılıb burada bolqarların ən nazik hissiyyatlarına təsir edən və onlarda
ruhi-milli oyadan vəqələr canlandırıldı. Binaən əleyh “yox”dan bir “var” əmələ
gəldi. “Münqəriz” millət dirildi, özünü Avropaya tanıtdı. Yunanıstan da böylə
oldu. Əgər vaxtilə təsis edən “Etr” cəmiyyəti millətini başına cəm edib də
türkləri vətəndən qovmağa müvəffəq oldu isə, məhz o öz millətinin vicdan və
imanını doğru bir surətdə təhlil edərək, xalqın mübhəm bir surətdə, duyduğu
milli əməlləri həqiqətilə dərk və təbir edə bilmək sayəsində oldu.
İştə bu xariqələr icad edə bilən böyük
əməllərin müvəllidi olan milli vicdanı dərk və milli imanın iqtiza elədiyi böyük
əməlləri kəşf və təfsir edə bilmək üçün hər şeydən əvvəl məzkur mühiti və yаxud
milləti öyrənmək, onun mazisini bütün təfsilatı ilə tədqiq etmək lazım gəldiyi
kimi, bir millətin mənəvi mövcudiyyətindən ibarət olan dilini də tədqiq eləmək,
millətin yüzdə doxsan rüknüni təşkil edən bu mövhibeyi-üzmanın bütün dəqayiqini
aramaq və sonra da o istiqbal üçün bir çox giranbaha maddələr saxlamış olan
mazini, o xariqələr yarada bilən ana dili ilə millətə anlatmalıdır.
Böylə milli bir dərs nəticəsində də heç
şübhə yoxdur ki, milli vicdan təsis edər, o dəxi böyük və milli bir əməl tövlid
edər.
“Dirilik”
N 4, 1 noyabr 1914