MİLLİ DİRLİK
— II —
Birinci məqaləmizdə başqalarını təmsil üçün deyil, öz
mənliyini mühafizə üçün çalışan millətpərəstliyin mədəniyyəti-bəşəriyyə naminə
təqdir və təqdis olunmalı, zəruri və faydalı böyük bir fikir olduğunu söyləmiş
və məqaləmizə xitam vermişdik.
Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşıca
bilmək üçün əvvəlcə millətin nə olduğunu öyrənmək və onu öyrənmək üçün nə kimi
vasitələrə rücu etmək lazım olduğunu anlamaq gərəkdir.
Bizdə “millət” kəlməsinin mənası çox yanlış bir surətdə
tələqqi edilməkdədir. Nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni
məmləkətlər görmüş adamlarımıza təsadüf edərsiniz ki, hansı millətdənsiniz, deyə
verəcəyiniz suala: “müsəlmanam” — deyə cavab verir. Və bu cavabın heç də
namüvafiq olduğunu düşünməz. Halbuki, həmən adam özü bir nəfər rusa “tı iz kakoy
natsii” - deyə verdiyi suala “xristianin” cavabını alsa, məzkur cavabı olduqca
gülünc və cavab verən şəxsin cəhlinə dəlil tutar. Əslində bizdə “ümmət”
kəlməsilə “millət” kəlmələrinin fərqi ayrılmamışdır. Bəlkə də qədimdə “ümmət”
ilə “millət” arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət caməsini andıran
“millət” kəlməsi həmkiş və həm dinlik caməsinə elm olan “ümmət” kəlməsilə
qarışmış və “milləti-islam” təbiri məşhur olmuşdur. “Millət”i nasyon (natsiya)
mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu, dindaşlıqdan əlavə
bir çox “daşlıqları” da came olduğu kimi, bilxassə dil birliyini lazım gətirər.
Mənaye-müasiri ilə “millət” kəlməsi iştə bu dilbirliyindən hasil olan camiyyəti
ifadə edir. Fəqət başlıca dil birliyindən ibarət olmaqla bərabər millət məfhumu
başqa xüsuslara da şamildir.
Avropa qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif
edərlər: “İnsanların əxlaq əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir
şəklinə “millət” deyilir. Millət daxilində olan müxtəlif heyətlərin
bir-birlərilə bərabər yaşamasına müttəhid, bir dirilik keçirmələrini arzu
etmələri şərt olduğu kimi, o cameəyə daxil olan bəzi heyətlərin digərinə
təsəllüt etməməsi də əlzəmdir. Şəraiti-tarixiyyə “millət”in dövlət şəklindəki
mövcudiyyətinə mane olsa da, mədəni və ədəbi şəkildəki zühuri hər halda
mümkündür. Məsələn, əcnəbilər tərəfindən parçalanmış qitə-qitə olunmuş İtaliya
heç bir zaman milləti-vahidə olmaqdan qalmadığı kimi, indiki halda üç dövlət
arasında bölünmüş olan lehləri kəmali cəsarətlə bir millət saymaq olar.
Öz-özlüyündən məlumdur ki, birliyi dərk eləmək və onu arzu eləmək tarixi bir
zəmində və insanların tədricən qövmiyyətdən milliyyət və milliyyətdən də millət
dərəcəsinə çıxmaları ilə hasil oluyor”.
Burada işlənilən qövmiyyət, milliyyət və millət sözlərinin
fərqini isə qamuslar böylə təyin edirlər: “Qövmiyyət-narodnost” yalnız nəsl və
dil birliyi; “Milliyyət-natsyonalnost” dil və mədəniyyət-birliyi və
“millət-natsiya” da mədəniyyət və milli diriliyi dərk etməklə hasil olar. Yəni
bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və yа qövmə -
qövmiyyət sözü itlaq olunar: Şahsevən kimi Şahsevəndən bəhs edərkən bir qövmdən
bəhs olunar. Artıq Şahsevən milliyyəti deyilməz. Bir çox bu kimi qövmiyyət və
tayfalər cəm olub bir dil ilə bərabər müəyyən bir mədəniyyətə malik olan
azərbaycanlılardan bir milliyyət kimi bəhs etmək olar. Şimali türk-tatar, Krım,
Türküstan, Azərbaycan və Qərb türkləri osmanlıları cəm və milliyyətlərin bir
neçə böyük şəklinə haiz olan cameyyətə isə “millət” kəlməsi verilir.
İştə bu surətlə slavyan, german millətlərinə müqabil vəz
oluna biləcək kəlmə türk, fars və ərəb kəlmələri ola bilər. Müsəlman və yаxud
islam kəlməsi deyil, bunlar ancaq isaviyyətlə xristianlıq kəlmələrinə müqabil
qoyula bilərlər.
”Milliyyət” və ”millət” sözlərinin qəlibi bu surətlə tərif
olunduqdan sonra əsl milliyyət və yаxud milləti və onun məfhumunu vücuda gətirən
ünsürlərdən bəhs edəlim.
Milli mədəniyyət və yаxud millət, dil birliyi, adət və əxlaq
birliyi, ənənati-tarixiyyə və nəhayət etiqadati-diniyyə birliklərinin məcmuundan
mütəşəkkil bir məhsuldur.
Əgər millətin haiz olduğu əczalarını biri-birindən ayırıb
aralarında bir nisbət təyin edəcək olurlarsa, yüzdə əqəllən səksən dil birliyi
olduğunu rəna görürlər. Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir.
Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır. Millət
təşkilində ənənati-tarixiyyənin də böyük mədxəliyyəti vardır. Fəqət bəzən bu
ənənə millətin ittihadına rəxnə yetirəcək bir şəkildə də ola bilər. Halbuki dil
ilə dində bu cəhət olamaz. Fəqət din cəhəti yеnə dil qədər mətin və möhkəm hesab
oluna bilməz. Çünki dil daimidir, baqidir. Tərəqqi və təkamül edirsə də, əsaslı
bir etilaf və təğyirə uğrayamaz. Halon ki, tarixdə bir çox dinlər dəyişmiş olan
millətlər mövcuddur. Zatən heç bir millət yoxdur ki, dinin kərratla dəyişmiş
olmasın. Məəmafih, əxlaq və adat üzərindəki fövqəladə təsiri nöqteyi-nəzərindən
dinin də millətdə böyük iştirakı vardır. Dil ilə bərabər dində də bir olan
millətlərin mərifəti-qövmiyyətləri daha tez hasil olub, aralarında milli vicdan
daha əvvəl inkişaf ediyor.
Millətlərin həyatı da ancaq bu milli vicdanın inkişafı
sayəsində mümkün olub, ancaq bu vicdanın təsirilədir ki, milli ideal hasil
oluyor. Milli idealın (imanın) hüsulu ilədir ki, millətlər özlərinə şanlı,
şərəfli bir dirilik təmin edə bilərlər.
Sairə yerlərin müsəlmanları kimi, biz Rusiya müsəlmanları
milliyyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik. Bütün
hərəkati-tərəqqipərvəranəmizdə din naminə dirilik göstərmək istədik. Türkcə
qəzetə çıxardıq — adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar
düzəltdik — ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb
açdıq rus-müsəlman məktəbi namini verdik.
Cəmiyyətlərimizin sifətləri yеnə “müsəlman” kəlməsindən
ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və türk
asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək
biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil
edən türklüyə əhəmiyyət verməmiş, həman “müsəlman” adına qənaət eləmiş idik.
Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və
“persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan gəlmiş ki, biz
özümüzü necə ki lazımdır tanımamışıq. Özümüzü əməllicə tanımış olsaydıq və milli
diriliyin nə kimi əsaslar üzərinə qurulması lazım olacağını kəmayənbəği
bilseydik, əlbəttə ki, “müsəlman operası” deməyəcək, bunun “xristyanskaya opera”
qədər gülünc bir şey olduğunu dərk edəcək idik. Öylə də türk səhnəsinin opera
artisti olmaqla iftixar etdiyimiz halda, nami-müstəar ittixaz edərkən
“ski”ədatına ehtiyac göstərməyib Ağdamski, Sarabski əvəzinə Ağdamlı, Sərablı
deyəcəydik. Öylə də “müsəlman səhnəsi” deyil “türk səhnəsi” deyəcək və baş faciə
oynayanımız Ərəblinski deyil, Ərəbli olacaqdı. Fəqət bu kimi xüsuslar milli
ruhun əsaslı bir surətdə inkişaf etməsi ilə, milli vicdan və milli imanın hüsulə
gəlməsi nəticəsində bittəb öz-özündən düzələcəyindən böylə bir vicdan və imanın
nə surətlə hasil olacağından da bəhs olunmalıdır. Bu xüsusda da gələn nömrədə.
“Dirilik”
N 3, 14 oktyabr 1914