MİLLİ DİRLİK
- IV -
Keçən məqaləmizdə böyük milli əməlin nə
kimi bir qüvvətə malik olduğu ilə, onun mahiyyətindən və nə surətlə hasil ola
biləcəyindən bəhs etmişdik, bu kərə yеnə o mövzu üstündə duracağız.
Milli bir idealın (böyük əməlin)
təsisinə nədən lazım görülüyor? Bunu yaxşıca dərk edə bilmək üçün bir az
keçilmiş və keçirməkdə olduğumuz milli həyatımız ilə onun təzahürlərinə təhlil
və intiqad baxışı ilə baxmalıyız. Nə görüyoruz?
Bizdə bir çox cəmiyyətlər təsis
olunuyor. Bir çox kitablar nəşr olunuyor. Böyük-böyük yapılar, binalar tikiliyor.
Fəqət bunları nə kimi bir məqsədlə yapıyoruz? — deyə varid olan suala cavabımız
çox da səri və müəyyən bir şəkildə deyildir. Yəqinəmki, “millət üçün yapıyoruz”
— cavabını verməkdən aciz deyiliz. Fəqət bu qədərlik bəsit bir cavab kafimidir?
Həmən xeyrat və maarif ilə iştiğal edənlərə millətinizin əməli və millətinizin
təqib elədiyi məqsəd nədir? — deyə sorulsa, labüddən cavabında məəttəl qalarlar.
İştə işlərimizdə ümumi böylə bir rabiteyi-həqiqi olmadığından gördüyümüz
işlərimizdə arzu olunan ruh və bütün müəssisati — xeyriyyəmizi biri-birinə
bağlayan həblülmətinin yoxluğu hər zaman sızılıyor. Qocaman böyük bir cəmiyyəti
— xeyriyyə binası yapdırarız. Amma milli bir müəssisə olmaq üzrə yapılan bu
binanın hansı tərzi-memaridə yapılacağına heç də əhəmiyyət verməriz. Qabağımıza
gələn ilk mühəndisi tutub da “al bizə bir bina yаp” — deyiriz. O da götürür bir
az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (ərəb)
tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş
bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi
fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil
olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını
andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali
təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə
ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və
həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi.
Müəyyən milli əməllər bəsləyən
millətlərin tacirləri belə kontorlarında apardıqları mühasibat dəftərlərini öz
ana dillərində yazırkən bir kərə bizim xeyriyyə və maarif işlərilə məşğul olan
cəmiyyətlərimiz mühasibatına da diqqət olunsun. Bütün rusca, hələ mühasibat
dəftərləri (bəlkə də böyləliyi təftiş üçün lazımdır, — deyə müdafiə olunur)
oyanda, məktubat da ruscadır. Nitqlər dəxi çox kərə rusca irad olunur.
Sənələrdən bəri qiraətxanamız vardır.
Fəqət nədir o qiraətxana? Tapılarmı orada istədiyimiz mətbuat? Varmı orada nəşr
olunan milli qəzetlərin məcmuləri?
Hərdən bir bu ədibə, o cəmaət işi
görənə yubiley yapıyoruz. Fəqət bu gün Mirzə Fətəli Axundovu tədqiq etmək
istəyən bir münəqqid mövcud olan kitabxanalarımıza gedib, ona dair bir qədər
olsun, məlumat yığa bilərmi? Və yainki Azərbaycan türk tarixi ədəbiyyatı ilə
iştiğal etmək istəyən başqa milli bir müəssisə, xüsusi bir məhəll tapa bilərmi
ki, oradan istədiyi vəsaiti əldə etsin?
Yоx!
Halbuki, qiraətxanamız da,
kitabxanamızda çoxdan bəridir ki, var.
Rusiya məmləkətinin bir cüzini təşkil
ediyoruz. Rusiyada yaşıyoruz, onun vətəndaşlarıyız. Bittəb, madam ki, burada
diriliyoruz, diriliyimizin bir çox ehtiyacları vardır. Bu ehtiyacların bu vaxta
qədər nədən ibarət olduğunu müdəvvər və müəyyən bir şəkilə gətirə bildikmi?
1905 və 1906 sənələrində Rusiyaya
tarixi bir zaman gəldi. O zaman hər təbəqə və hər millət özünün çoxdan bəri
düşünüb də bir məfkurə (ideal) kimi bəslədiyi şeyləri haman meydana qoydu.
Onu və bunu istiyoruz — dedilər. Yalnız
biz bir əmri-vaqe qarşısında bulunduq. Nə istəyəcəyimizi, etiraf edəlim,
bilmədik. Bunu bilən tək-tək fərdlərimiz var idisə onların da bildiklərini bizə
bildirməyə vaxt yоx idi, Rusiyanın keçirmiş olduğu o məşhur sənələrdə biz bir
təlatümə düçar olan gəmiyə bənzəyirdik ki, haraya gedəcəyini və sahili — nicati
nə tərəfdə gördüyünü bilmiyordu. Hər halda bir tərəfə olsa da sükan saxlamaq
lazım gəliyordu. Biz də bizimlə bərabər təhlükəyə tutulmuş olan digər
millətlərin gəmiçilərinə baxdıq, yolumuzu onların getdiyi səmtə düzəltdik.
Bittəb, əlimiz sükanda titrəyir və ürəklərimiz məchul bir aqibət qabağında
çarpınıyor idi.
Əvət, tufana tutulan bir gəmi üçün
hədəfsizlik nə qədər mühlik isə, tarixi saatlarda bulunan bir millət üçün də
əməlsizlik o qədər mühlikdir.
O zamandan bu vaxta qədər az ömür
keçməmişdir. Müharibələr mütənasibətilə həddi-rüşdə yetişdiyini isbat edən
Rusiya təkrar bir əmri-vaqe qarşısında bulunursa, titrəməz bir ələ malikmiyiz
ki, milliyyət gəmimizin sükanını bərk-bərk tutub da məqsəd tərəfə yоl aparsın?
Burası cayi-sual.
Məncə gəmiçilikdə məmul olan
asimanşünaslığa aşina olmayıb da gedəcəyiz. Yolun yıldızını tanımadığımızca əli
titrəməz sükançını da bulamayacağız. Məqsədimizi nişan verən o parlaq yıldızı
daha kəşf edə bilmədik. Kəşfini axtaranlar bəlkə də vardır.
Fəqət, daha budur kəşf olundu — deyə
meydana çıxanlar görülmədi, yаxud görülmüşsə də gördüklərini ümumiyyətləşdirə
bilməmişlərdir.
Bu yıldızı nə cürə kəşf etmək olar?
İştə hamımızın üstündə düşünməsi lazım olan bir məsələ!
Bu vaxta qədər elədiyimiz xətadan,
artıq ayrılma zamanı gəlmişdir. Nədir o xəta?
Biz bu vaxta qədər bütün ümumi və milli
işlərdə ancaq zahirə baxmış və qalibi təqlid etməyə çalışmışıq. Bunda bir
dərəcəyə qədər müvəffəq də olmuşuq. Yabançı birisi, məsələn, Bakıya gəlsə və
türkcə bilməyib də yalnız zahirimizlə haqqımızda bir fikir edinmək istəsə, onu
alıb bir kərə Nikolayevski küçə ilə keçirsəniz: Buradakı milli olmaq üzrə
yapılan ali imarətləri göstərərsiniz, sonra kitab mağazalarına aparıb,
caməkanları dolduran bir çox əsərləri ona nişan verirsiniz. Şübhəsiz ki, bu
qərib səyyah Bakı türklərinin olduqca mütəməddin və əməlpərvər bir millət
olduğuna hökm edər, gedər.
Fəqət həqiqətən də böyləmidir?
Yuxarıdan bəri söylədiklərimiz iştə böylə olmadığını isbat ediyor. Xətamızı da
burada aramalıyız.
Məncə, bunu başqa yanda aramağa lüzum
da yоx. Digərlərincə bilmiyorum, məncə bu olduqca vazeh və aşkardır.
Bizdə işlərimizin ruh və mənəviyyatına
aid olmaq üzrə böyük bir boşluq var: Əməl (ideal) boşluğu, bu boşluq hər
tərəfdən hiss olunuyor. Bunun mürəvvici olmaq məcburiyyətində olan mətbuat demək
olar ki, hamıdan ziyadə idealsızdır.
Böylə olunca, nəzərə gəliyor ki,
ibtidai-əmrdə mətbuatdan başlamalı, mətbuata bir ideal, bir məslək verməli.
Fəqət bunu nə cür etməli?
Bu xüsusda az-çox doğru bir fikir edilə
bilmək üçün mətbuat və ədəbiyyatın mahiyyətcə necə bir şey olduğunu bilmək lazım
gəlməzmi?
Mətbuat və ədəbiyyatı mühitin, başqa
bir təbirlə, millətin həyat və heysiyyətini inikas etdirən bir ayinə təsəvvür
edərsək, şübhəsiz böylədir, ondan nöqsanlarını islah üçün əsasi bir vasitəyə
müraciət olunmalıdır.
Məlumdur ki, mağazaların caməkanlarını
dolduran yazılar əksəriyyətlə cavanlarımızın qələmindən çıxıyor. Cavanlar
içlərində bəzi xudpəsəndləri olmaqla bərabər — çox kərə də səmimiyyət və
hüsniyyətlə qələmə sarılıyorlar. Arzu olunan nəticəni verə bilmiyorlarsa, qüsur
özlərində deyil, mühitimizin əməl nöqteyi-nəzərindən boşluğundadır. Böyük
əməllərə malik olmayan yazıçıdan, əmin olunuz ki, fövqəladə və müasir bir əsər
gözləmək xatadır. Binaən əleyh böyük əməllər nəşrinə xidmət edəlim ki, bütün
nöqsanlarımızı ancaq bu islah edə biləcək. Ancaq budur ki, işlərimizə bir ruh
verəcək, diriliyimizə milli bir dirilik bəxş edəcəkdir.
Digər bir nəzərə görə də həqiqi
ədəbiyyat ancaq o ədəbiyyatdır ki, mühitin ehtiyacına cavab versin və millətin
həyatını və həyatı yaralarını, necə ki, lazımdır, təsvir eləsin.
Şübhəsiz ki, bu nöqteyi-nəzər səhihdir,
binaən əleyh istədiyimiz bir ədəbiyyatı vücuda gətirmək, hüsulunu arzu etdiyimiz
fikir və məslək cərəyanını doğura bilmək üçün hər şeydən əvvəl milli
ehtiyaclarımızı öyrənib də öyrətməliyiz.
Ehtiyaclarımız lüzumu dərəcəsində
anlaşıldımı, sonra çarəsini düşünmək və bu düşüncə əsasında da diriliyimizin
müncisi ola biləcək böyük əməli tapmaq müşkül bir iş deyildir.
“Dirilik” N5, 16 noyabr 1914