— I —
Qarelərimizə bu xüsusda bir “silsilə
məqalat” vəd etmişdik. Bu vədimizə şamil olan məqaləmizin bir qismində demişdik
ki, “mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur.
Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə uyğun olan
xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir
millətin ölməsi və yаxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini
deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”.
Bu fikrimi indi burda açacağam:
sevdiyim, namusu-millətpərvəranəsinə şübhə etmədiyim rüfəqadan birisi, qayət
səmimi olaraq bir gün mənə belə bir sual vermişdi:
- İslam millətləri üzərinə təsəllüt
icra edən mütəməddin millətlərin təsəllütləri nəticəsində, bəşəriyyət
nöqteyi-nəzərindən hasil olan parlaq nəticəni gördüyümüz halda,
milliyyətpərvərlik naminə inad edib də islam millətlərinin müstəqil qalmalarını
arzu etməkdən nə kimi bir fayda gözlüyoruzuz?
Mən bu suala cavab olaraq , bu faydanı
biz deyil, bəşəriyyət və mədəniyyəti-bəşəriyyə dəxi bəkliyor — deyə cavab
verincə, müsahibim yalqız dəlil və sübutla qane olacağını bəyаn etmiş idi. Mənim
onlarca müsəmmən ədd olunan bəyanatım isə bir vəchiati idi.
Hər millətin yaşadığı mövqe, keçirdiyi
tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o
xasiyyətlər onlara məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi — mədəniyyətdə
xüsusi bir taqım ibda və ixtiralar vücudə gətiriyor ki, onların əsillikləri (oriqinalnost)
müdəqqiqlər nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunmuşsa hər
millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar sənaətdə, fransızlar
zərafətdə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar
musiqidə, başqaları da sair xüsuslarda şöhrət tapmışlardı. Hər millətin özünə
məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi məharəti digər
bir millət göstərə bilmiyor. Bunların bu xüsusiyyətlərindən isə
mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-gün asari-sənət və dühaya
malik oluyor. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsə və öz
mədəniyyət xassəsini mühafizə etməsə idi bəşəriyyət Şopenhaur, Fixte, Göte,
Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcək idi. Fransa digər bir irq
və qövmiyyət içində münhəl olub da öz mənliyini itirsəydi, bəşəriyyət 19-cu
əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını Jan Jak Russo, Didro,
Monteskyu, Viktor Hüqo və Volterləri də qayib edəcəkdi. İtaliya milliyyətini
anlamasa, özündəki xudadadi qəvvətlərdən xəbərsiz qalsa, yəni başqa bir
milliyyət tərəfindən yoğrulub həzmi-rabidən keçilsə idi, indi nə dünyanın birər
ammeyi-zərafətini təşkil edən heykəllər vardı nə də Mikelancelo kimi
heykəltəraşlar.
Nə uzaqlara gediyoruz. Bir kərə
təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir
lisan olsa, başqa bir millət tərəfindən, məsələn: Rusiyanı maddi, mənəvi bu
qədər təsir və nüfuz altına almış alman milləti tərəfindən kamilən təmsil
(assimlə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy,
Şalyapin, Meçnikov və sairəyə malik olacaqmı idik? Məlum ki, yоx!
Millətlərin ümumi şəxsiyyətlərindən
keçəndən sonra bu məsələ ilə əlaqədar olan ayrı-ayrı fərdləri alsaq, yеnə təmsil
(assimilyasiya) ilə istiqlalın mədəni və ibdai fərqini görəcəyiz. Zənn ediyorum
ki, əgər bir statistik tutulsa, görüləcək ki, daima müqtədir sənətkarlar mənsub
olduğu milliyyətlə, maddi və mənəvi rabitə və əlaqələrini daha ziyadə saxlamış
olanlar arasından çıxıyor. Məsələn, yaxşı bir rus mühərriri olub da öz həyatını
kəmalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümmuyyəsinin tərcümanı ola
bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun
üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki,
ruslaşmış bir müsəlman balası, yаxud təmsil olunmuş bir erməni dığası, yаxud
döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da yеnə böylə
bir rus ola bilməz: əvvəla bilməyincə də ondan yaxşı və müfid bir rus mühərriri
çıxmaz.
Binaən əleyh, ondakı ibdai-qüvvətləri
əqim qalar, bundan isə yaşadığı mühit zərər çəkər. O mühitdə bu kimilər çox isə
əqamət bir nəfərə deyil, bir milliyyət və bir qövmiyyətə sirayət edər. Demək
bəşəriyyət ailəsinə daxil olan bir fərdin zatı, əhəmiyyət və qiyməti əksilər.
Binaən əleyh, bəşəriyyət bir çox zəkalardan məhrum qalar.
Özlüyündən çıxarılıb da başqa bir
milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə
bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yеtirə bilməz.
Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da
onları anlamaz. Demək ki, “əz anca rande əz inca mande” məyyb və səqti bir şey
vücuda gələr.
Bizim mühitimizdəki rusca
oxumuşlarımızı tədqiq etsək, görəcəyiz ki, ali diplom almış, böyük təhsil
görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin
işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə
olduğunu biliyor. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə
əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və
bu səmərəsizlik əlbəttə ki, böyük bir əqamətdir. Böylə əqim fərdlərə malik olan
heyətlər hər nə qədər fəal olsalar da fayda verməzlər, mədəni əqamətə
məhkumdurlar. Qatır da fəaldır, eşşək qədər davamlı, at qədər qüvvətlidir. Fəqət
əqimdir və tənasüldən məhrumdur. Həyatını həmişə başqalarına mədyundur. Həyatın
hambalı olmaq kafi deyildir. Onun müvəllidi olmaq gərək. Qatırdakı qüvvət və
davam müvəqqətidir. Artırılıb və tərbiyə edilməsi qeyri-mümkündür. Halbuki
atdakı qüvvət, eşşəkdəki davam qanuni- təkamül və təvarüsün bütün hökmlərinə
tabe zihəyat birər qüvvət mənbələridir.
Kənardan bir millətin gəlib təsəllüt
təriqilə digər millətə qalib gəlməsi, onun bilcümlə şəxsiyyətlərini məhv edərək
özünə təmsil etməsi də eynilə qatır hasil etmək kimi bir şeydir. Təmsil təriqilə
təməddün etmək hər nə qədər ibtidai — əmrdə nəzərə bəzi parlaq nəticələr
göstərsə də, həqiqətdə heyəti-bəşəriyyədə ki, əsli qüvvələri korlamaqdan və
onları doğmaq və artırmaq xassəsindən məhrum etməkdən başqa bir şey deyildir.
Bu gün İranı keçirməkdə olduğu bu ən
fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum
edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki,
Ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və
bəndər bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri tərəqqinin
müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə
Hafiz.
Milli istiqlal, ələlxüsus, millətlərə
xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə
saheyi-mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki,
mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən
ibarət bir yekundur.
Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən
tərəqqiyati-madiyyəmizcə iranlılardan da, osmanlılardan da irəlidəyiz.
Misirlilər də kəza, Hindistan da böylə. Bununla belə dəftəri ixtiraati-aləmdə
cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. Halbuki, İranın heç
olmasa “Mahmudiyyə” namilə bir sitarə kəşf edən Mahmud xanı, Türkiyənin də ismi
Avropa qamuslarında bir lisani-təqdirə səbt və zəbt olunan Münir Paşa kimi
müxtəre bir doktoru vardır. Tofiq Fikrət, Əbdülhəqq Hamid kimi böyük şairlərə
malikiyyəti üçün də Türkiyə öz istiqlali-millisinə borcludur.
Heç şübhə yoxdur ki, dünyanın
millətlərə bölünərək qərar tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir
zaiddir. Millətlərdəki mənliyin ədəmi-istiqlalı və onlardakı zatı xasiyyətlərin
başqalarının xasiyyətləri içində münhəll olması bu zaidləri heç şübhə yоx ki,
mübəddəl bir naqis ediyor. Naqislərin ədədi çoxaldıqca, müadilənin qiyməti
azalmaq elmi-cəbr qaydalarındandır.
Dustana bir söhbətin xatiməsini təşkil
edən bu bayağını yuxarıda zikr olunan rəfiqimə qarşı aşağıdakı vəchlə təlxis
etmiş idim:
Əcələ bir surətdə maddətən tərəqqi edib
mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca
müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası
bundadır.
Binaən əleyh, başqalarını təmsil üçün
deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə
naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir.
“Dirilik”
jur. N2, 2 oktyabr 1914