MİLLİ DİRLİK
- V -
Milliyyətin
ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər
dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil
etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv
edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon)
əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir
millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha
mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim
millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri
altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir
qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər.
Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər
ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri
milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən
başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu.
İştə yalnız burası nəzəri-etinaya
alınmış olsa, millətlər dəxi təcdid etmək istədikdə və milliyyətcə mənlik hasil
eləmək fikrinə düşdükdə, təbiidir ki, hər şeydən əvvəl dillərindən
başlamalıdırlar. Çünki dil bir nöqteyi-nəzərdən haman millət deməkdir. Buna hər
kəsdən ziyadə biz türklər əhəmiyyət verməliyiz. Türklər xasiyyətcə olduqca
mütədəyyin bir millətdirlər. Bu tədəyünləri sayəsində islamiyyəti qəbul etdikdən
sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini
belə itirmişlərdir. Zatən islam özünə mömin olan müxtəlif millətlərdən bir
millət vücuda gətirəcək qədər qüvveyi-təmsiliyyə olduğuna etiqad edənlər vardır.
Hətta böyük bir türk hökuməti təsis edən osmanlılar belə bu axır zamanlara qədər
özlərinin bir türk hökuməti olduğuna qənaət etmək istəməyib, kəndilərinə “islam
hökuməti” demişlər. Türklərdəki bu məhviyyət və təmsilə ədəmi-müqavimət
xüsusiyyəti türkləri haman türklər bulunan ölkələrin hər tərəfində anlaşılır.
Ümumi bir türkcəyi, farsi və ərəbi nüfuzdan mübərra saf bir türkcəyə malik
olmaqdan məhrum qılmışdır.
Milliyyət və mədəniyyətimizin
xüsusiyyət və təmamiyyətini təmin edəcək olan birinci əsas təəccüb deyilmidir ki,
istiqlal və təmamiyyətə yabançı olan təsirata hər şeydə ziyadə giriftar olmuşdur?
Bu gün bilatərəddüd demək olar ki, heç bir tərəfdən müstəqil və əcnəbi dillərin
nüfuzundan azad xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğarə kimi hamımız,
təbir caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq bir dil ilə
yazmaqdayız.
Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir
dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu
məlumdur. Dilin əhəmiyyəti-ictimaiyyəsi haqqında bəslənən nəzəriyyələrin
ixtilafı qədər, islah yolunun layihələri də o qədər müxtəlifdir. Kimsə hər
şeydən əl çəkib də bütün yabançı kəlmələri tərd ilə qədim türkcəyə, uyğurcaya
müraciət etmək qədər irəliyə gediyor. Kimsə ərəbcə və farsca lüğətləri türkcə
istiqlalının ən qəddar düşməni ədd ediyor. Onların türki və məhəlli şivədə
mövcud lüğətlərlə əvəz olunmasını tələb ediyor. Bəziləri də türkcədəki, farsi və
ərəbi lüğətləri ancaq istilah üçün qəbul edib sairlərini tullamaq
tərəfdarıdırlar. Zərəri yalnız əcnəbi tərkib və üslubdan görənlər də az deyildir.
Türkcəmiz haqqında pərvərdə olunan bu qədər müxtəlif nəzəriyyələr ilə onların
müvafiq olub-olmadığından bu məqalədə bittəfsil mübahisə etməyəcəyiz. Bu xüsusda
bəlkə də başqa bir vaxt möhtərəm qarelərlə mübadileyi-əfkar edəriz. Bu qədərlik
zikrimiz isə yalnız məsələyə münasibəti olduğu üçündür. Bu xüsuslarda vaqe olan
münaqişə və müzakirələrin bütün türk aləmində hər daim vaqe olduğu hər kəsə
məlumdur. Bu yolda ki, fikir mübadilələri göstəriyor ki, türk aləminin hər
tərəfdən az-çox türklüyün rüknünü təşkil edən bu dil məsələsinin həlli əlzəm
görülüyor. Bu özü də bizdə milli dirilik ilə dirilmək istədiyimizə böyük bir
dəlildir. Fəqət bu xüsusda qəti qərara gələ bilmək üçün hələ bir çox elmi
tədqiqatlar lazımdır. Ancaq bu tədqiqlərin nəticəsindən hasil ola biləcək elmi
müqəddəmatdan sonradır ki, məsələnin həlli qəbul olacaqdır. Bu müqqəddəmatlar
hazır olmadığı müddətcə həman məsələnin həllinə qalxışmaq bir az əcələ olur.
Ehtimal ki, arzu olunan nəticələri hasil etməz. Məəmafih bunlar hazır oluncaya
qədər ədəbiyyatımız ilə dilimiz tamam durğun bir halda qalsın təklifini də
etməyiriz. Yalnız bunu söyлəmək istəyiriz ki, müqəddəmati-məsələ hazır
olmayanadək məsələyə qəti bir qərar vermək mümkün olmayacaqdır.
Müqəddəmat isə aşağıdakı tədbirlərdən
ibarət ola bilər: Bu günə qədər bizdə bütün türk şivələrinin lüğətlərinin cəmi,
həqiqi bir lüğət kitabı yoxdur. Hətta əsl türkcə olmaq mənası ilə osmanlıda belə
bir lüğət kitabı yazılmamışdır. Yazılan lüğət kitabları ancaq lisani-osmanı
deyilən indiki üç-dörd dildən qarışıq osmanlı türkcəsinin lüğəti olmuşdur.
Avropa, rus müstəşriqləri tərəfindən bəzi kamil və naqis lüğətlər yazılmışsa da,
bunlarda hələ dediymiz məsələdə hakim olacaq bir dərəcəyi-əhəmiyyətə malik
deyildilər.
Biz çox kərə dilsizlikdən şikayət
ediyoruz, bizdə bir çox kəlmələr yoxdur — deyə, həmən ərəbcə, farsca, yаxud da
rusca və yа fransızcaya müraciət ediyoruz. Halbuki, qədim uyğurcanın tədqiqi,
cığatay ləhcəsinin təhlili, Kazan və Orenburq tatarlarının şivəsi deyil,
evimizdə arvadlarımız arasında, kəndlərdə xalq miyanındaki dilə müraciət etsək,
bu kəlmələrin müqabillərindən bir çoxunu bularız. Keçənlərdə “panika” sözünün
gözəlcə bir tərcüməsini mən evimizdə oturub, ailəmizlə söhbət elədiyim əsanda
kəşf etdim. Məgərsə, “panika”-”çaxnaq” imiş. Bu qədər qəşəng, az-çox mənus bir
kəlmə durduğu halda, biz bu kəlməni bu vaxta qədər həmən həyəcan, vəlvələ,
təşviş, xəlcan, bilməm nə kimi kəlmələrlə tərcümə edərək gəlmişik ki, mənanı da
ifadə edə bilməmişlərdir.
İştə cavanlarımız üçün mövcud maraq
eyni zamanda da olduqca faydalı bir məşğələ, hər kəs bulunduğu yerdəki lüğətləri,
zürub-əmsalı və sair xalq ədəbiyyatına aid olan parçaları eynilən toplayacaq
olarsa, görərsiniz ki, həmən arzu olunan türk lüğəti vücuda gəldi.
Hər şivənin lüğəti yazıldıqdan sonra
bittəb orta və ümumi bir türkcə lüğəti yazmaq da asan olacaq və böylə böyük bir
lüğət vücuda gəldikdən sonra “təsfiyeyi-lisan” — deyə məşhur olan dil təmizləmək
məsələsi də imkan daxilinə girə biləcəkdir.
Darülfünunlarda oxumaqda olub da,
millətlərinə az-çox bir xidmət etmək istəyən cavanlarımız iştə buyursunlar tətil
zamanı məmləkətlərinə gəldikdə xalq arasına girsinlər, xalqın ehtiyaclarını
öyrənib ona çarələr axtardıqları kimi milli dilimizin ehtiyaclarına da onlardan
dərman arasınlar.
Bilməlidir ki, bir dil süni bir yolla
xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı isə üdəba və
mühərrirlər olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və yа fars
qamuslarını vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil
islah deyil, xarab olar, pozular, indiki türkcənin halına düşər. Halbuki, xalq
arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat
milliləşər və ancaq o zamandır ki, ədəbiyyatdan gözlənilən faydanı türk
millətləri də ala bilərlər.
Milli dilin dirildiyi üçün lüğətləri
yığmaqdan başqa xalq ədəbiyyatını toplamaq, camaat arasında olan hekayələri,
əfsanələri cəm edib, elmi bir surətdə təhlil və təsnif etmək də lazımdır. Bunlar
ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün lazımlı şeylərdir. Çünki müəyyən bir ədibin
öz biliyini daxil edib də şəxsi hisslərlə deyil, xalq kütləsi tərəfindən ümumi
bir vicdan və hiss nəticəsi olan bu əsərlərdə xalq və millətin rühi-əslisi həmən
təzahür etməkdə və o millətin nə kimi bir ruh və hissə malik olduğu və nə kimi
xüsuslarının möhtaci-islah və tərbiyə olduğu rəna bir sürətdə görünməkdədir.
Köhnə ədiblərlə ədəbiyyatın tarixini
yazmaq, bir türk tarix ədəbiyyatı vücuda gətirmək dəxi bu nöqteyi-nəzərdən
olduqca müfid və lazımdır.
Bu xüsusları nəzərə alaraq çox yaxşı
olardı ki, şəhərimizdə mövcud olan maarif cəmiyyətlərindən bu xüsuslara
əhəmiyyət verib də bu cəhətləri təşviq edən olaydı.
Təşviqin nə kimi vasitələrə malik
olduğu məlumdur. Bunlardan ən müəssiri isə, bizcə maddi bir fayda təmin edən
müsabiqələr ola bilər. Fəqət bu kimi milli işlərdə ən böyük saiq xalqı sevmək və
milliyyətinə dəli bir aşiq qədər mərbut olmaqdır.
Ey millətin istiqbalını təmin edəcək
türk gəncliyi, hardasan?!
“Dirilik” N 6, 1 dekabr 1914