.jpg)
HİTLERLƏ
ÜZ-ÜZƏ
Onun yalnız bir mübarizə amalı vardı:
Azərbaycanın müstəqilliyi. O bu yolda döyüşüb inamından
dönmürdü. Hansı iş təklif olunsa da, harda söhbət düşsə
də bir fikri irəli sürürdü: Azərbaycan müstəqil dövlət
olmalıdır. Çoxları təəccüblənir, heyrət içərisində onun
dönməzliyinə, cəsarətinə pərəstiş edirdilər. Bəzənhəyatı
təhlükədə qalır, amansız ölüm lap yaxınlığında
dayanırdı. Belə dəhşətli anlarda da sözündən dönmür,
“Azərbaycan” davasını davam etdirirdi.
Türkiyədəki
dostları onun haqqında böyük məhəbbətlə danışır və
həmişə də bir söz deyirdilər. Danışırdılar ki, Emin bey
hansı şəraitdə olusa-olsun, sakitcə bir kənarda
oturardı. Elə ki, söz Azərbaycandan düşdü, o qızmış şirə
dönər, alovlanırdı. Onun bu halı qarşısında hamı təslim
olardı. O, Azərbaycan davasını hər kəsə dərin məntiqlə,
sübut və dəlillərlə başa salıb qalib gəlməyi bacarırdı.
Bütün
dünyanı qorxuya salan Hitler də Məhəmməd Əmin
Rəsulzadənin “Azərbaycan davası” ilə bacarmadı.
Məhəmməd Əmin Rəsulzadə Hitlerlə
üz-üzə gəlməzdən qabaq hələ 1933-cü ildə yazırdı ki,
hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına
qarşı çıxış etmək üçün yaradılmış bir ideyadır. O faşizm
kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş,
lakin aradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz
etmişdir.
Hitler millətçi idi və o insanları
irqlərə bölürdü. Amma Məhəmməd Əmin Rəsulzadə Hitlerlə
yaxınlıqda bir məqsəd güdürdü: düşmənin düşməni ilə
dostluq etmək. Bu sözün altında hansı fikir yatırdı ?
Məhəmməd Əmin Rəsulzadə Hitlerin kommunizmə, kommunist
rejimə sonsuz nifrəti olduğunu bilirdi. Hələ Almaniyada
yaşadığı zaman Hitler tərəfdarlarının kommunistlərə
sonsuz nifrətini hiss edirdi. Hitler hakimiyyət başına
gələn kimi kommunistlərə amansız divan tutmuşdu. Indi
Hitler yer üzündən kommunizmi silib yox etmək istəyir,
dünyada rus hökmranlığına son qoymağa çalışırdı. Onun
vətəni Azərbaycanı isə ruslar işğal etmişdi. Deməli, qan
içində boğulan yurdunu xilas etmək imkanı yaranmışdı.
Amma sonradan Məhəmməd Əmin Rəsulzadə Hitlerin Qafqazla,
Azərbaycanla bağlı fikirlərini biləndən sonra onun
təkliflərinə qarşı çıxdı. Bu hadisə müharibənin
ortalarında baş verdi.
1941-ci il idi. Hitler böyük sürətlə
Moskvaya doğru irəliləyirdi. Müharibədə çoxlu əsirlər
alınır və əksəriyyəti sorğu-sualsız güllələnirdi.
Hitlerin yəhudilərə münasibəti pis idi. Yəhudilərə qarşı
amansız idi Hitler. Bəs Azərbaycanlıları günahı nə idi ?
Müharibənin ilk aylarından yüzlərlə azərbaycanlı yəhudi
adı ilə qətlə yetirilmişdi.
Məhəmməd
Əmin Rəsulzadə bu məlumatı eşitdiyi andan narahat olmağa
başlamışdı. Onu ən çox ağrıdan aldığı bir xəbər oldu:
almanlar min beş yüz azərbaycanlını güllələyəndən sonra
onların yəhudi olmadığını bilmişdolər.
Vəziyyət acınacaqlı idi. Xilas yolunu
axtarıb tapmaq lazım idi. Yazıqların , binəvaların
günahı nə idi axı? Kürəyinə Stalinin iti külüngü külüngü
söykənmiş biçarə Azəri türkü necə geri gönsün, almana
güllə atmasın? Qurtarmaq, yazıqları xilas etmək lazım
idi.
Məhəmməd
Əmin Rəsulzadə böyük gərginlik və həyəcan içərisində
idi...
...1941-ci ildə Məhəmməd Əmin
Rəsulzadə Hitlerin
“Şərq Nairliyi” tərəfindən Almaniyaya dəvət olundu. Bu
onun böyük nüfuza malik olduğunu göstərirdi. Bəs Şərq
Nazirliyi niyə məhz Məhəmməd Əmin Rəsulzadəni dəvət
edir, onunla birgə işləmək istəyirdi? Sərq Nazirliyinin
məqsədi nə idi?
Hitlerin “Şərq Nazirliyi”.
Hitlerin “Şərq Nazirliyi” 1941-ci ilin iyununda
yaradılmışdı. Nazirliyin başında Rozenberq dayanırdı.
Nazirlik üç bölmədən ibarət idi: siyasi, idarə və
iqtisadi. Siyasi bplməədki Qafqaz şöbəsinə professor von
Mende başçılıq edirdi. Professor von Mende bir dəfə
Polşada olarkən çoxlu türk tatarın səhvən “aşağı təbəqə”
dərəcəsinə bölünüb güllələndiyini eşitmişdi və nazir
Rozenberqə çatdırmışdı. Rozenberq də öz növbəsində
Hitlerə məlumat vermişdi. Deməli, nazirlik bu
anlaşılmazlıqdan narahat olmağa başlamışdı. Tütkərin,
müsəlmanların yəhudilərlə - “aşağı təbəqəyə” mənsub
olanlarla dəyişik salınıb güllələnməyi yaxşı nəticələr
verməzdi...
Von Mende Məhəmməd Əmin Rəsulzadəni
böyük səmimiyyətlə qarşıladı. Və ilk söhbətdən onunla
işləmək istədiyini bildirdi. Von Mendeyə Məhəmməd Əmin
Rəsulzadənin
şəxsiyyəti haqqında bəzi tanışları da məlumat
vermişdilər. Indi üzbəüz oturub söhbət edirdilər.
Amma Məhəmməd Əmin Rəsulzadə von
Mende ilə söhbətində öz fikrini açıqca bildirdi: o zaman
birgə işləməyə razı olaram ki, Almaniya Azərbaycaın
müstəqilliyini tanımağa razı olsun!
Hitlerin
isə böyük neft mənbəyi olan Azərbaycan haqqında fikri
başqa idi.
Von Mende
Hitlerin məqsədindən xəbərdar idi.
Von Mende eyni zamanda onda xoş
təəssürat oyadan Məhəmməd Əmin Rəsulzadəni da kənarda
qoymaq istəmirdi.
Von
Mendenin təklifi yeni deyildi. Almanlar bir dəfə
Məhəmməd Əmin Rəsulzadəyə birgə işləmək təklifini
etmişdilər. O bu təkliflə yalnız bir şərtlə
razılaşacağını bildirmişdi: o da Azərbaycanın müstəqil
dövlət kimi tanınması idi. O zaman söhbət baş tutmamışdə
və O çıxıb getmişdi. Məhəmməd Əmin Rəsulzadənin belə
vəziyyətdə almaniyadan çıxıb getməsi narahatçılıq
doğurmuşdu. Odur ki, Drezdendəki mətəblərin birində
dosentlik işinə onu da dəvət etmişdilər. Lakin Məhəmməd
Əmin Rəsulzadə razı olmamışdı.
Budur, yenidən Almaniya hökuməti
birgə işləməyə əvət edir.
Məhəmməd
Əmin Rəsulzadə von Mende ilə söhbətində bir məsələdən
narazılığını bildirdi. Dedi ki, azəri türklərini
yəhudilərlə eyniləşdirib güllələyirlər.
(Bəzi məlumatlarda deyilir ki,
Məhəmməd Əmin Rəsulzadə yəhudilərin də türklər kimi
sünnət olunduğunu və onları bir-birindən fərqləndirməyi
sübuta yetirmək üçün Hitler hökumətindən qüds müftisi
əl-Hüseynin Almaniyaya dəvət olunmağını xahiş edib
əl-Hüseyn Almaniyaya gətirilib və yəhudilərlə
müsəlmanların sünnət olunmağındakı fərqi Hitlerə başa
salıb. Bu hadisədən sonra almanlar azərbaycanlıları
yəhudi adı ilə güllələməyi dayandırıblar.)
Azərbaycanlıların nahaq güllələnməyinin qarşısını
almaqda Türkiyə hökumətinin də Hitlerə təsiri böyük
olmuşdu.
Qüds
müftisi Əl-Hüseyn Məhəmməd Əmin Rəsulzadənin təhriki ilə
Almaniyaya gətirildi. Məqsəd Hitlerə anlatmaq idi ki,
azərbaycanlılar yəhudilərdən nə ilə fərqlənir. Qüds
müftisi bir neçə azərbaycanlıdan “kəlmeyi-şəhadətini”
oxumağı tələb edəndə onlar gözlərini döyüb baxırlar.
Məhəmməd Əmin Rəsulzadə hörmətlə müftiyə deyir:
─
Axı bunlar
kəlmeyi-şəhadətlərini haradan bilsinlər? Rus qoyubmu ki,
kəlmeyi-şəhadət öyrənsinlər!
Almanlar Hitlerin göstərişi ilə
əsirlərdən təşkil olunmuş legionlar yaradırdilar.
Məhəmməd Əmin Rəsulzadə legionlar yaradılmasının əlehinə
deyildi. Çünki legionların yaradılması azərbaycanlıların
bir yerdə cəmləşməsinə imkan verirdi. Ikinci bir səbəb
də yenə azərbaycanlıların vəziyyətinin yaxşılaşmağı ilə
bağlı idi. Çünki legoinlar yaradılana qədər
azərbaycanlıları qruplara bölüb müxtəlif yerlərə
göndərirdilər. Kim bilir orada hansı çətinliklərlə
qarşılaşırdılar. Bir də Almaniyada həddindən çox hərbi
əsirlər var. Yalnız müharibənin başlanğıcından noyabrın
1 -ə kimi almanlar tərəfindən iki milyondan çox keçmiş
qızıl ordu əsirləri toplanmışdı. Hətta Rozenberq bu
rəqəmin 3.6 milyon olduğunu söyləyirdi. Belə vəziyyətdə
ayrıca legionun yaradılmasına ehtiyac vardı.
Hitler
legionlar yaradılmasına 1941 –ci ilin sonlarında razılıq
vermişdi.
əvvəlcə
əsirləri milliyyətlərinə görə ayıran komissiyalar təşkil
edildi. 500 – 600 adamı birləşdirən 25 – 30 –a yaxın
komissiyalar bu işlə məşğul olurdular.
1941 –ci ilin dekabr ayında Rozinberq
Hitlerə türk legionlarının təşkil edilməsinin vacib
olduğunu söyləmişdi. Rozinberqin plan və təklifindən
razı qalan Hitler 1941 –ci ilin dekabr ayının 22 –də
rəsmən türküstanlı, gürcü və qafqasiyalı müsəlman
legionların yaradılması əmrini vermişdi. Qafqasiyalı
müsəlman legoinu sonradan azərbaycanlı və şimali
qafqasiyalı legion olmaq üzrə iki yerə ayrılmış, 1942
–ci il baharın sonlarında Volqa tatarlarının legionu
təşkil edilmişdir.
Ilk
legionların qərərgahı əsasən Polşada yerləşirdi.
Azərbaycan legionuna əvvəlcə qrup halında başçılıq
edirdilər: Abbas bəy, Atam Əlibəyov, Fətəlibəyli
Düdənginiski və Fuad Əmircan.
Yaradılmış
hərbi legionda azərbaycanlıların sayı 70 minə yaxın idi.
Azərbaycan legionunda “boz qurd”, “aslan” kimi
batalyonlar vardı. Legionda “Azərbaycanla” yanaşı
“Hücum” adlı bir qəzet də çıxırdı.
Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan
legionunda hörməti çoxdu. Onu sevir, ona inanırdılar
təsadüfi deyil ki, həmin vaxtlar legionun orqanı kimi
çıxan “Azərbaycan” qəzetində şair Daşqın Məhəmməd Əmin
Rəsulzadəyə “Əfəndim ” adlı bir şer ithaf etmişdi. Şerdə
bütün həmyerlilərinin Rəsulzadəyə səmimi duyğularını
verməklə yanaşı, zülm və işgəncəni əldə tutan sovet
kommunist rejimini, onun qanlı icrasını,
internasionallaşdırma adı altında yürüdülən qəddar
ruslaşdırma siyasətini, milli mədəniyyətinə, inkişafına
mane olmağını da böyük istiqlal liderinə çatdırıb
deyirdi.
...Fətəlibəyli Düdənginiski müharibənin ilk illərindən
əsir düşmüş və Hitlerə müraciət edib legion yaratmaq
istədiyini bildirmişdi. Düdənginskinin bu təklifi
əvvəllər şübhə ilə qarşılanmışdı...
Məhəmməd
Əmin Rəsulzadənin Düdənginskiyə böyük hörməti vardı.
Əsli Naxçıvanın Düdəngə kəndindən olan mayor Fətəlibəyli
Moskvada hərbi Akademiyanı qurtarmış, sonra da
almanların tərəfinə keçmişdi.
Düdənginskinin Məhəmməd Əmin
Rəsulzadəyə böyük hörməti vardı. O, Məhəmməd Əmin
Rəsulzadənin azərbaycanlı əsirləri xilas etmək üçün
hansı işlər gördüyünü yaxşı bilirdi. Məhəmməd Əmin
Rəsulzadə o zama legionların təşkilindən sonra
Berlindəki milli Azərbaycan Komitəsində çalışırdı. Bu
komitənin başlıca vəzifəsi milli Azərbaycan davasını
alman hökumətinə qəbul etdirmək idi. Çünki Hitlerin
Azərbaycan haqqındakı planlarını Məhəmməd Əmin Rəsulzadə
qəbul etmirdi. Hitlerin planı belə idi ki, müharibədən
sonra Bakı birbaşa Berlinə tabe olunacaq, Azərbaycan
xanlıqlar dövründə olduğu kimi əyalətlərə bölünəcək,
başda isə almanlar oturacaq. Məhəmməd Əmin Rəsulzadə
Hitlerin bu fikri ilə razılaşmır, ona görə də ciddi
mübarizə aparıb Azərbaycana müstəqil düvlət hüququ
qazandırmaq istəyirdi.
Düdənginski
Məhəmməd Əmin Rəsulzadənin çətin bir işlə məşğul
olduğunu yaxşı bilirdi. Məhəmməd Əmin Rəsulzadəyə 1943
–cü ilin mayında yazdığı məktubda qeyd edirdi:
“Mərhaba,
çox hürmətli Məhəmməd Əmin!
Əziz
yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan
sizi cəbhədəki bütün əsgərlərimiz adından salamlayıram.
...Qəzetimizdə (Berlində çıxan
“Azərbaycan” qəzeti) Milli Azərbaycan Komitəsinin təşkil
olunduğunu oxudum. Bu məni sevindirir. Biz cəbhədəki
əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin başçıları
arasında hamımızın sevimlisi, legionumuzun qurucusu
Babayev Beydullah olacaqdır.
Biz irəlidə də millətimizin
hürriyyəti uğrunda fədakarlıqla vuruşacağıq.
Cəbhədəki
bütün əsgərlərdən salam. Sizə yaxşı sağlamlıq
arzulayırıq. Sizin : A. Düdənginiski Fətəlibəyli”
Fətəlibəyliyə o sonralar da hörmətlə
yanaşıb, xətrini istəyitdi. Ikinci dünya müharibəsindən
sonra mayor Fətəlibəyli Münhendə amerikalıların xərci
ilə təsis edilən “Qurtuluş” radiosu Azərbaycan şöbəsinin
şefi oldu. Azərbaycanın ağrılarını radio dalğalarında
bütün dünyaya çatdırdı. Məhəmməd Əmin Rəsulzadə 1954 –cü
ildə vəhşicəsinə qətlə yetirilən vətənpərvər həmyerlisi
haqqında bu sözləri yazacaqdı :
“Qurtuluşu
mühəqqəq olan hür və müstəqil vətəndə adları şan və
şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini
andığımız mərhum da (Fətəlibəyli) olacaqdır”.
Azərbaycan legionunun “Azərbaycan”
adlı bir qəzeti çıxırdı. Qəzetə Fuad Əmircan başçılıq
edirdi. Sonradan Məhəmməd Əmin Rəsulzadə qəzeti ciddi
tənqid etmiş, ona yeni istiqamət vermişdi. Çünki qəzetdə
Azərbaycanın tarixi və bəzi şəxsiyyətlərin mövqeyi
düzgün işıqlandırılmırdı.
Almaniyada
başqa xalqların da milli komitələri də çalışırdı. Amma
Məhəmməd Əmin Rəsulzadənin fəaliyyət göstərdiyi milli
Azərbaycan komitəsi bunların arasında birinci olaraq öz
qurultayını çağırdı.
1943 –cü il, noyabrın 6 –sı. Berlinin
məşhur Kayzerhof mehmanxanası. Böyük təntənə ilə milli
Azərbaycan komitəsinin qurultayı keçirilir. Qurultayda
Rozenberqlə yanaşı Qüds müftisi Əl-Hüseyn də iştirak
edirdi. Qurultay xüsusi bir qərar çıxarır.
Məhəmməd
Əmin Rəsulzadə saoralar o qurultayı belə xatırlayırdı:
Bu vəsiqənin 5 maddədən ibarət olan
ana xətlərini 21 noyabr 1943 –cü il tarixli 47 nömrəli
“Azərbaycan” qəzetindən nəql edirəm:
“
1943 –cü il noyabrın 6 –da Berlin
şəhərində toplanmış cəbhədə vuruşan əsgərlərimizin və
vətəndən xaric Azərbaycan siyasi mübarizələrinin
nümayəndələrindən ibarət milli Azərbaycan qurultayı,
mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda olan
çıxışları dinlədikdən sonra qeyd edir ki:
-
1918 –ci il 28 maydan 1920 –ci il
27 aprelə qədər davam etmiş Milli Azərbaycan
hökuməti dövrü şanlı tariximizin ən parlaq
səhifəsini təşkil edir.
-
Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən
bu 23 illik müddət içərisində millətimizin istər
vətən daxilində və istər yad ellərdə apardığı şanlı
və qanlı mübarizə yalnız bu istiqlalın bərpası
uğrunda olmuşdur.
-
Qurultay bu ağır çərait daxilində aparılan
mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda
etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad
edir.
-
Dünyanı
sarsıda bu ikinci cahan müharibəsi nəticəsində
müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına
sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti
əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir.
Bunun üçün də mənafeyimiz bizi bu gün bolşevizmə
qarşı qəti döyüş aparan və tarix boyu türk
xalqlarının dostu Almaniyaya bağlamışdır.
-
Qurultay əsrlər boyu olduğu kimi bu gün də
Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş
Şimali Qafqaz, Türküstan, Edil-Ural və Kırım
xalqları ilə eyni qayə idea birliyi müşahidə edir və
onlarla işbirliyini zəruri sayır...”
Məhəmməd
Əmin Rəsulzadə mübarizəsindən geri çəkilmir.
Azərbaycanın istiqlaliyyəti uğrundakı yolundan dönmürdü.
Bütün vasitələrdən istifadə edib Azərbaycan müstəqil
olmalıdır fikrini təbliğ edən Rəsulzadə azad vətənin
unudulmamağına çalışırdı.
Amma Hitler
onunla razılaşmırdı hələ.
...Həmin o qurultayda da Rozenberqə
bir neçə tənqidi söz deyildi. Bu tənqid də Almaniyanın
Azərbaycan haqqındakı planı ilə bağlı idi. Bu tənqiddən
sonra arada bir soyuqluq yarandı. Rozenberqin köməkçisi
Alfred Meyer ortalığa çıxıb soyuqluğu aradan qaldırmaq,
yenidən mehriban ünsiyyət yaratmaq, söhbəti
şirinləşdirmək məqsədi ilə dedi: Mən öndə gedən
azərbaycanlıları ən güzəl qızların və ən yaxşı rakının
(içki) olduğu öz əyalətimə - Vüstfapenə dəvət edirəm...
Məhəmməd Əmin Rəsulzadə Hitlerin
Azərbaycan haqqınada olan planı ilə razılaşmırdı.
Hitlerin siyasəti ilə ikinci bir narazılıq da yaranmışdı
artıq. Bu da legionlara Hitlerin münasibəti ilə bağlı
idi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan legionlarının
başqa xalqlara qarşı vuruşması əleyhinə idi. O
Azərbaycan legionunun öz istiqlaliyyəti uğrunda mübarizə
aparan xalqlara qarşı silah çevirməyinin qəti əleyhinə
idi. Onun fikrincə Polşa, Yuqoslaviya, Çexoslavakiya və
digər xalqlar azadlıq uğrunda döyüşürlər. Çünki onların
ölkəsi işğal olunub. Vətəni işğaldan xilas etmək yolunda
vuruşan bu adamlara azərbaycanlı nəyə görə güllə atmalı
idi?
1943 –cü
ildə Azərbaycan legionu qarşısında belə bir bəyannamə
ilə də çıxış etdi. Bu o zaman üçün böyük cəsarət idi.
Hitlerin qulağı eşitdiyi halda belə sözlər demək ölümə
bərabər idi.
Amma o
qorxmurdu. O həyatından, vətənindən ötrü yaşayırdı. Öz
ömrünü başa vurmuşdu. Yaşayışını da, həyatını da çoxdan
bir amala – Azərbaycanın istiqlaliyyəti uğrundakı
mübarızəyə qurban vermişdi. O vətəni Azərbaycanın və
onun bu qərib diyarda yaşayan övladlarının başına od
hərisi pərvanə kimi dolanırdı. Doğma torpağı işğal
olunan, vətənsiz qalan yurddaşları onun çırpınan qəlbi
idi. Hərdən bu adamları söhbətə tutur, vətənində baş
verən hadisələri öyrənirdi. Günahsız qətlə
yetirilənlərin acı taleyinə ağrıyırdı. Bir hadisənin də
şahidi olurdu. Görürdü ki, əsir düşən azərbaycanlıların
hamısının gözündə bir qorxu dolaşır. Bəziləri isə
çox-çox uzaqda olan Almaniyanın özündə belə Stalinin adı
çəkiləndə həyacanlanır, təşvişə düşür. Söhbəti dəyişməyə
çalışır. Vəziyyəti belə gürəndə sınırdı, ağrıyırdı.
Düşünürdü ki, qanlı terror rejimi adamları gör necə hala
salıb? Stalinin məqsədi də elə bu idi. Vaxtilə
Moskvadakı söhbətlərinin birində ona demişdi ki, kütləvi
terrora keçib, xalqı tərbiyə etmək lazımdır. Budur
Stalin arzusuna çatıb. Tərbiyə edib xalqı. Yalnız
terrorlamı istəyinə nail oldu? Bu işlə o Lenin təliminə
çox əsaslanmışdı. Yalnız fiziki yolla yox, mənəvi
terrorla da adamları özünə tabe etmək lazımdır. Bəs
nədən ibarət idi bu mənəvi terror? Adamlarda yalançı və
saxta bir inam – kommunuzm inamı yaratmaq. Qoy adamlar
bütün yaşayışını, həyatını, güzəl ömür sürmək istəyinin
bir kənara atıb bu xam xəyalın arxasında sürünsünlər.
Onsuzda kommunizmin qurulması mümkün deyildi. Əgər
belədirsə lap yaxşı. Adamlar mümkün olmayan bir istək
ardınca gedəndə, ona pərəstişlə yanaşanda sən də sakitcə
hakimiyyət taxtında əyləşirsən. Indi qarşısında dayanan
bu cavanları bəs nə yolla tərbiyə edib Stalin? Mənəvi
terrorun daha hansı üsulundan istifadə edib! Nifrətlə,
həmişə nifrətlə dilinə gətirirdi bu sözü: pioner,
komsomol. Bunlara həmişə tələ deyərdi. Bolşeviklərin
tələləri. Cavan uşaqları bu tələyə salıb məhv edir,
beyinlərinə yalançı vədlər yığıb “işıqlı bir sabahın”
qaranlığını doldurub buraxırdılar.
...
Qarşısında dayanan yurddaşlarına baxdıqca ürəyi
ağrıyırdı və indi həyatda olmayan Azərbaycan əsgərlərini
xatırlayırdı. Milli hökumət zamanında o əsgərlərlə də
beləcə üz-üzə dayanıb söhbət etmişdi. Onların məğrur
baxışı, coşğun sözləri indiki kimi yadındadır. O adamlar
bolşevik tələsi görməmişdilər.Azad
vətənləri,höküməyləri, milli orduları vardı. Onlar azad
mühitin havasını udan gənclər idi və əllərindəki silahla
qorxu , hürkü bilmədən Vətənin keşiyini çəkirdilr.Bu
gənclər isə işğal olunmuş torpağın havasını udmuşdular.
O Azad Azərbaycandakı əsgərlərlə söhbətini xatırlayanda
erəyi sızlardı. Düşündü ki, indi onların çoxu yoxdur
həyatda. Qalanları isə soyuq həbsxanalarda işgəncələr
çəkir. O günlər isə ötüb keçmişdi...
Indi
qaşısında dayanan bu azərbaycanlıların hamısı ondan ötrü
d oğma idi.
Bir
hadisəni də xatırladı. Yencə gətirilən əsgərlərdən biri
çox diqqətlə baxırdı ona. Onun azərbaycanlı olduğunu
əsirlər bilmirdi hələ. Rus dilində əsirdən
ad-familyasını, milliyətini, haralı olduğunu soruşdu.
Birdən əsir Azərbaycan dilində dedi: mən o yerdənəm ki,
siz orada olmusunuz. Soruşdu ki, harda görmüsünüz məni?
Əsir onu Lahıcda, qonşularının evinda hərdən balkona
çıxan zaman gördüyünü və indi də unutmadığını dedi. Bu
qəribə hadisədən çox mütəəssir olmuşdu.
Bu əsirləri
sevirdi, onlardan ötrü çox narahat idi və çalışırdı ki,
Vətəndən qürbətdə yaşayan Azərilər sıxıntıdan ,
ehtiyacdan uzaq olsunlar.
Məhəmməd
Əmin Rəsulzadənin Azərbaycan legionuna müraciəti
Hitlerin xoşuna gəlmədi. Göstəriş verdi ki, Məhəmməd
Əmin Rəsulzadə Almaniyadan qovulsun.
Məhəmməd
Əmin Rəsulzadənin bu bəyənatı öz istiqlaliyyəti uğrunda
müübarizə aparan xaqlar tərəfindən böyük rəğbətlə
qarşılanmışdır. Elə bu bəyənatın nəticcəsi idi ki,
1944-cü ildə Polşada üsyan edən almaları güllə yağmuruna
tutan polyaklar azərbaycanlıları görən kimi
pəncərələrdən üstlərinə gül-çiçək atmışdılar.
(Azərbaycan
legionunun əsgərləri alman hərbi formaalarını
geyirdilər. Amma qollarıda embilemin içində alman
hərfləri ilə “ Azərbaycan” yazılırdı).
Məhəmməd
Əmin Rəsulzadə Almaniyanı tərk etməyə məcbur olanda
1943-cü ilin sonları idi.
Daha bir
qapı da üzünə bağlandı.
Rumıniyada
ona sığınacaq yeri tapılmışdı.
Həmdullah
Sübhi Tanrıövər etibarlı dostdur.
Həmdullah
bəylə çoxdan- hələ 1911-12-ci illərdən dostluq
edirdilər. O zaman “Türk ocağı”nda birgə çalışırdılar.
Aralarında dərin səmimiyyət vardı. Həmdullah bəy köhnə
dostunun- Məhəmməd Əmin Rəsulzadənin Hitler hökuməti ilə
münaqişəsini eşidən kimi kömək əlini uzatmışdı. Məhəmməd
Əmin Rəsulzadəni öz yanına çağrmışdı. Həmdullah bəy o
zaman Türkiyyənin Buxarestdə baş səfiri idi.
Rumınyaya
gələndən sonra da Məhəmməd Əmin Rəsulzadə fəaliyyətindən
qalmadı. Yenə azərbaycanlı əsirlərin taleyi ilə
maraqlanır, Berlindəki “Azərbaycan” qəzeti ilə əlaqə
saxlayırdı.
Amma
vəziyyət dəyişirdi. Almaniyanı müharibədə məğlub olmaq
təhlükəsi gözləyirdi.
Sovet
qoşunlarının Rumıniyaya yaxınlaşmağı ilə əlaqədar olaraq
Məhəmməd Əmin Rəsulzadə Buxarestdəki Türkiyə
səfirliyinin qonaq evindən çıxmağa məcbur olur. Türkiyə
səfiri yaxın dostu Həmdullah bəy Ankaraya, o isə Vyanaya
gedir.
Vyanada
“İmperial” mehmanxanasında bir müddət qaldıqdan sonra
Almaniyaya- Amerika hökümüətinin nəzarətində olan Batı
bölgəsinin kiçik bir şəhərində gedir. Az keçməmiş
yenidən faliyyətə başlayır.
... 1945-ci
ildə Məhəmməd Əmin Rəsulzadə yenidən Almaniyaya keçdi.
Artıq Hitler məğlub olmuşdu. Hər yan sovet əsgərləri ilə
dolu idi. Olduqca təhlükəli vəziyyət yaranmışdı. Stalin
əsirlərin geri qaytarılmasına çalışırdı. Bu qorxulu idi.
Stalin onları sakit buraxmayacaqdı. Azərbaycanlı
əsirlərin çoxu “müharibə qurtardı” deyib sevincək halda
vətənə-Azərbaycana tələsirdilər.
Amma o,
köhnə mübarizə dostunun xarakterinə yaxşı bələd idi.
Stalinin bu adamları qətlə yetirəcəyini bilirdi.
Bu yazıq
cavanları xilas etmək lazım idi. Onları göz görə-görə
ölüm düşərgəsinə göndərmək olmazdı.
Məhəmməd
Əmin Rəsulzadə böyük gərginlik keçirir, vəziyyətdən
çıxış yolu axtarırdı. Içərisini yalnız bir fikir
ağrıdırdı: azərbaycanlı əsirləri xilas etmək ! Çoxları
ilə söhbət edib saxlamaq istəmişdi. Amma faydası
olmamışdı. Azərbaycanlı əsirlərin əksəriyyəti bu fikirdə
idi:evə gedirik: Ata-anamızı , qohum-qardaşımız üçün
darıxmışıq. Bir də müharibə qurtarıb. Daha nə təhlükə
olacaq ki?
Məhəmməd
Əmin Rəsulzadə onlara həqiqəti başa sala bilmirdi.
Stalin isə əsirləri geri alırdı. Amerika , İngiltərə heç
bir maneçilik törətmirdilər. Hər gün minlərlə əsirri
qatarlara doldurub Vətənə aprırdılar. Qatarlarada gedən
əsirlər fəlakətdən xəbərsiz halda “Vətənə gedirik” deyib
sevinirdilər.
Az keçməmiş
Sovetlər birliyindən ölüm fəryadları göylərə yüksəldi.
Stalinin cəllad kötüyü yenə qımızı qana bulanmışdı.
Amerikadan ajınıb aparılan əsirləri Stalin
rəhimsizcəsinə ölümə məhkum edirdi.
Yüzlərlə
azərbaycanlı Stalinin ağzından saçan ölüm alovuna əriyib
torpağa dönürdü.
Xilas
etmək, yazıqları xilas etmək lazımdır! Məhəmməd Əmin
Rəsulzadə bir qrup azərbaycanlını başına toplayıb
əsirləri xilas etmək yollarını axtarır. Ilkin addım
Amerika, İngiltərə hökümətlərinə göndərdiyi
bəyanatlardır. Qalib dövlətlərin rəhbərlərinə başa salır
ki, Stalin sizdən alıb apardığı əsirləri vəhşicəsinə
güllələyir. Bu işə mane olmaq lazımdır...
Bir şikayət. Ikinci
dünya müharibəsindən sonra Stalinin əsirlərə qarşı
amansız mövqeyi və qəddarlığı az keçməmiş başqa
dövlətlərə də məlum oldu . Həmin vaxtlar inglislər
Stalinin bu qəddarlığından, əsirləri gecə
güllələnməyindən bəhs edən “Dünya alovlar içində” adlı
film çəkmişdilər. Həmin film 1948-ci ildə Türkiyədə də
göstərilmiş və xalqın böyük qəzəbinə səbəb olmuşdu.
Filmdə Azəri türklərinin də necə qəddarlıqa qətlə
yetirilməyi göstərilirdi. Film cəmisi bir dəfə
göstəriləndən sonra yığışdırıldı.
Məhəmməd
Əmin Rəsulzadə azərbaycanlı əsirləri xilas və onların
geri dönməməsini təmin etmək Azərbaycan Demokrat Birliyi
adlı bir cəmiyyət qurmağı lazım bildi. Tezlikə cəmiyyət
fəaliyyətə başladı. Elə həmin vaxtlar Məhəmməd Əmin
Rəsulzadə azərbaycanlı əsirlərə müraciət qəbul etdi.
Həmin müraciəti Azərbaycan Demokratik Cəmiyyəti
azərbaycanlı əsirlər arasında yaydı.
Məhəmməd
Əmin Rəsulzadənin Azərabycan Demokratik Cəmiyyəti
adından azərbaycanlı əsirlərə müraciəti:
“Əziz
mücahidlər! 6 ildir davam edən ikinci cahan hərbi artıq
sona yetdi: hərb almanların məğlubiyyəti, qərb
müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim
mücadiləmiz isə davam edəcək , çünki müqəddəs vətənimizi
işğal altında tutan sovet komunist rejimi müttəfiqləri
yanında yer almaq imkanına sahib oldu.
Yurddaşlar!
Müqəddəs Vətənimizin bolşeviklər tərəfindən istilasından
21 il sonra ələ keçən bir fürsəti işin başlanğıcında
bəzi səbəbləri zühür edən xətalara rəğmən yaxşı
qarşıladınız və əldə silah əbədi düşmənə qarşı yaman
döyüşlər verdiniz . Vətən övladlarından şəhidlərimiz
oldu, yerləri behişt olsun, hamısını hörmətlə yad
edirik.
Hərb
qəhrəmanı gənclər?
Siz
tələsməyin, araqızışdıranların təbliğatlarına inanıb
geri dönmək kimi tələsiklik qəbul etməyin
Vətəndaşlar, məlumunuz olsun ki, sizlər ostministirlikdə
işlədiniz, legionlar qurdunuz,cəbhələrdə silahlı cəng
yapdınız, milli təşkilat yaratdınız, qəzet və jurnal
buraxdınız, xalqımız üçün şərəfli xidmətlər göstərdiniz,
qəhrəmanlıqlar yaratdınız, dəvətə inanmayın, çünki
hamınız onlara görə vətən xaini və hərb günahgarı
sayılacaqsınız, bunun cəzasını hamınız bilin. Vətən
həsrətinə köks gərin. Olduğunuz ölkələrdən ayrılmayın,
milli təşkilatlarımız ətrafında birləşin, bundan
aldığınız güclə də mücadilənizi davam etdirin. Eski nəsl
bu davanı 26 ildir belə yürüdür. Ana vətən Türkiyə də
sizin arxanızdadır. Hər zamankı kimi ayıq olun. Özünüzə
müvəqqəti yaşayacağınız bir ölkə seçin. Biz sizin
Türkiyəyə hicrət etmənizə kömək edərik, fəqət
Amerikayada gedə bilərsiniz, orası da elə lap yaxşı
ictima sistemi olan məmləkətdir.
Yurddaşlar,
yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə
bəxtiyar olmanızı dilər. Bu vəsiqə ilə qısa adı “ADB”
olan Azərbaycan Demokrat Birliyi ətrafında birləşməyə
çağırırıq.
Azərbaycan Demokrat Birliyi.
“Münhen.1946-cı
il”
Məhəmməd
Əmin Rəsulzadənin azərbaycanlı əsirləri qurtarmaqla
bağlı aprdığı işlər öz bəhrəsini verirdi. Əsirlərin
müəyyən hissəsi geri dönməyə tələsmirdi.
Məhəmməd
Əmin Rəsulzadənin başçılığı ilə Türkiyə-Azərbaycan
cəmiyyəti də yarandı. Bu cəmiyyət azərbaycanlıların
Türkiyəyə getməyini təmin edirdi.
O zaman
Misir kralı Fərrux Almaniyaya gəlmişdi. Məhəmməd Əmin
Rəsulzadə onunla əlaqə yaradıb azərbaycanlılara
yardımını xahiş etdi. Kral Fərrux 600-ə yaxın
azərbaycanlını özü ilə Misirə apardı.
Məhəmməd
Əmin Rəsulzadə belə vasitələrlə azərbaycanlıları
təhlükədən qurtardı.
Nəhayət,təhlükənin tam sovuşmağı təmin edildi. 1948-ci
ildə Amerika höküməti ilə Stalin arasında sərinlik
yarandı. Elə həmin vaxtlar Ruzveltin həyat yoldaşı
Amerika senatına müraciət edib əsirlərin zorla sovet
hökümətinə göndərilməməsini tələb etdi.
Bir
əlavə.
Vəziyyətin
gərginliyinə, imkanın məhdudluğuna baxmayaraqo əsas
işini unutmurdu. O, iyirmi altı il idi ki, Azərbaycan
davası adlanan siyasi mübarizəni davam etdiridi. Belə
çətin şəraitdə aprdığı mübarizəyə sadiqliyini bir daha
sübut etdi. 1947-ci ildə Münhendə Məhəmməd Əmin
Rəsulzadə 33 səhifəlik “Azərbaycan tarixindən” kitabını
nəşr etdirdi. Kitabın çapı ilə bağlı bütün əziyyətləri
Azərbaycan Demokrat Birliyiyinin üzvləri- Əhməd Yaşad,
Məhəmməd Kəngərli, Heydər Atak çəkdilər.Amerikalılar
kitabın çapına mane olurdular. Ona görə də Əhməd Yaşadın
fəallığı ilə kitab Hannover şəhərində çap olundu. Amma
kitabda Münhendə nəşr edildiyi göstərildi. Azərbaycan
Demokrat Birliyinin üzvləri kitabı bütün Avropadakı
azərabaycanlılara yaydılar.
Məhəmməd
Əmin Rəsulzadə bu kitabında da xalqının şanlı tarixindən
söz açmaqla yanaşı, doğma yurdunun bolşeviklər
tərəfindən işğal olunduğunu qeyd etdi.
Məhəmməd
Əmin Rəsulzadəyə 1947-ci ilin sonlarında
Türkiyəyə-Ankaraya qayıtmağa icazə verildi. Bu razılığın
da alınmasında dostu Həmdullah Sübhi Tanrıövərin böyük
rolu oldu. Həmdullah bəy o zaman Türkiyə hökümətində
hörmətli şəxslərdən sayılırdı.
Türkiyəyə
gəldiyi ilk vaxtlar əmisi oğlu Məhəmməd Əlinin qaldığı
mənzildəyaşayırdı. Məhəmməd Əmin tək deyildi. Polşada
evlənib həyat qurduğu Leyla xanım (əsil adıVandadır) da
onunla birlikdə Ankaraya gəlmişdi. Məhəmməd Əlinin
mənzili çox darısqal idi. Iki balaca otaqda dörd adam
yaşayırdı. Amma dözürdülər. Həyatda azmı çətinlik
çəkmişdilər? Hansı xoş gün görmüşdülər ki? Qırx ildən
çox idi ki, ömürləri, günləri belə yaşayışda keçmişdi.
Amma ruhdan düşmürdülər. Vətənin istiqlilaliyyəti
uğrunda mübarizələrini davam etdirirdilər.
Məhəmməd
Əmin Rəsulzadə Ankaraya gəldiyi ilk gündən
yurddaşlarının taleyi ilə maraqlandı. Əsas gördüyü iş
başqa ölkələrdən gələn azərbaycanlıları Türkiyədə
yerləşdirmək idi. Çöxları Türkiyədə heç kimi tanımır.
Hara gedəcəyini bilmirdi. Məhəmməd Əmin Rəsulzadə onlara
kömək edir, mənəvi dayaq olurdu.
Bir ağrılı xatirə. Bir gün
gələcək, onun sorağı ilə Türkiyəyə gedəcəyəm. Məhəmməd
Əmin Rəsulzadənin dostlarını axtaranda 1947-ci ildən
sonra Türkiyəyə gələnlərlə də rastlaşacağam. Kimi
dindirib onun haqqında söz soruşacağamsa, göz yaşı
görəcəyəm. Hamısı ağlayıb bu sözü deyəcək: o bizm
əlimizin çörəyə çatdırdı. Allah onun qəbrini nurla
doldursun!
Bu yazı Nəsiman Yaqublunun "Məhəmməd Əmin
Rəsulzadə" kitabından götürülmüşdür.
Yazını səhifəmiz üçün hazırlanmasında göstərdiyi
köməkliyə görə Ramin Hüseynova dərin
təşəkkürümüzü bildiririk
www.resulzade.org