Mirzə Fətəli
Axundzadə
Bundan 77 il öncə, 28 Şubat (fevral) 1878-də, Mirzə Fətəli Axundzadə vəfat
etmişdir (1).
Axundzadə Azərbaycan ədəbiyyatında hürr düşünmə tərzinin ən böyük bir
müməssilidir.
Bu
günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün
dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində,
Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal
islahata lüzum olduğunu müdafiə ediyordu.
Hərarətli bir vətənsevər sifətilə,
Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün
olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına
qatılmaları yolunu arıyordu.
Hürriyyət fikri, insanlıq şərəf və
heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi
Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi.
Bu hürriyyətləri imha (məhv etmə) və
təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir
məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu. O, on
səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi.
Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan
(qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit
haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə,
eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış
anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da,
ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu.
Fəlsəfi-publistik əsərlərindən,
məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə
məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə
baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey
yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq,
İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və
mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində
tamamilə eşit (bərabər) olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin
tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil (dəyişdirmə) olunmalı,
Müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət
rejimi qurulmalıdır".
Belə
bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət
və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili (əvəzetmə, dəyişdirmə)
surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana
müraciət etmişdir.
Başqalarının haqqını qəsb və tarixi
həqiqətləri təhrif etməkdə eşsiz (misilsiz) və rəqibsiz olan bolşeviklər,
yağmaçılara xas bir küstahlıqla (həyasızlıq), Mirzə Fətəlini də mənimsəməkdən
çəkinmədilər.
Hər hanki baxımdan təhlil edilirsə
edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini,
liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif (təqdim edən) edən
bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu, ancaq, hürr fikir və
kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran
kommunist diktatorluğunda təsəvvür edilə bilir.
Mirzə Fətəli "Şərq istibdadı"nın
yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi
ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz
etməkdədir. Bu, tarixdə eşinə (misilsiz, tayı-bərabəri olmayan) rastlanmayan bir
zülm və mütləqiyyət rejimidir.
Mirzə Fətəli, Batı Avropa mədəniyyətini
idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini verdikləri bu mədəniyyətə
arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir.
Avropa mədəniyyətinə intibah etmək
niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir
sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər
Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal
əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı.
Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir
ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında
formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu
ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət
"İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır.
Kommunizmin ana fikri olaraq tərvic
olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını
anıyorlar. Onun ateistliyindən
bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli,
yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına
qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə
müsəlləd (canı ilə bağlı) olan isxolastik təfəkkür tərzi idi. Bu növü düşünüş
tərzi indi bütün abusluğuyla (totallığı ilə) Sovetlərdə hakimdir. O Sovyetlərdə
ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı
tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi (rəvac verdiyi) rəsmi əqidə,
bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir
mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya
da toplama kamplarıdır (sürgün düşərgələridir).
Əziz Azərbaycanlılar, bir daha təkrar
ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin
nəqarətlarına əsla inanmayınız! Söz
hürriyyətinin, mətbuat sərbəstliyinin,
inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük
mücahid; şəkilcə də, muhtəvaca (məzmunca) da milli və müasir Azərbaycan
ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün
savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının,
təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin
təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!..
------------------------------------------------------------
1. Məqalənin Azərbaycan Türkcəsilə
yazılan əsl mətni Münhen "Qurtuluş Radiosu"nda yayınlanmışdır