DİRLİK NƏDİR
?
Dirilik, iştə bir mövzu ki, səhifələr
dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün
hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan
şəttatlardan daha bəliğ bir bəyаn olamaz zənnindəyiz.
Dünyanın mütəməddin millətləri öz
diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub, biri-birilərinin
üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi ki, istədikləri kimi dirilə bilmək
üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar.
Dirilik üçün ölmək! Avropa diriliyi bu
dərəcədə müəzziz tutuyor və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə,
ələlxüsus, Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd
dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini
avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor.
Avropalılarca dirilik məhz qüvvətli
olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək
bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən
məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fəda edə biləcək qədər,
rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar.
Müdafieyi-nəfs və mübarizeyi-həyat
xassəsi zatən bütün mövcudatda qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi öz
nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor,
çarpışıyorlar.
İnsanlar bilafərq millət və məzhəb
düşməni — ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər.
Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran iştə bəşəriyyətin təbiətlə
etdiyi davalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı icra
olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan
qənimətdən də daha ziyadə istifadə ediyor. Hələ yalqız bununla qalmayıb dünyanın
nemətlərini təqsim edərkən, diri millətlər özlərinə hər kəsdən ziyadə pay
çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də
xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir
şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca dirilik
mənayi-həqiqi və maddisilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən
hissələrinə ancaq bir qutlayəmut düşər. İştə bu qutlayəmutə qənaət edən
millətlər kargahi bəşəriyyətdə ən süfla xidəmətlər ifa edən fəsil əmələlərdir.
Neft mədənlərində çalışan “çornı raboçilər” kimi.
Məncə, mədəniyyəti-bəşəriyyə
millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz
istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də
qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yаxud ölgün
fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir
nöqsanını təşkil ediyor. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim
ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim:
Biz, yəni islam aləmi və islam
millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib
bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari və
onlardakı tərəqqi və imranın əsir və dəstgiri olduq, bunu etiraf etməliyiz.
Bizcə, dünyanın diriliyi bir manqirə dəyməz. Beş gün dünyadan ötrü insan
çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası
da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin
abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu
həman anlaşılar.
Fəqət düşünməlidir ki, bu gün dünyanın
ən möhkəm səngərlərini xak ilə yeksan edən topların müqabilində köhnə
karvansaraların halı nə olar?
Bu kimi karvansaraların insanı yаşada
biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm ilə gözləyən bir abidin
hüzuri-qəlbilə razi-niyazına da kafi gəlməz.
Belə dünyaya bir qələm çəkib də bütün
diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim
düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir
fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə”
Məzrəəni abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən,
ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir.
Nəzərə bir az qərib gəlsə də demək
istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı isə
dünyapərəstlikdir.
Diriliklərin ən qiymətlisi də milli
dirilikdir.
“Milli dirilik” mövzuində bir silsilə
məqalat yazmağı möhtərəm qarelərimə vəd etməklə bərabər bu pərişan sətirlərdə
yetirmək istədiyim fikri xülasə etməklə xətm məqal edəcəyəm. Dirilik nədir?
Filosoflar və sufilər nə deyirlərsə
desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək
qədər qüvvətli olmaqdan ibarətdir.
İştə mətbuata yeni çıxan “Dirilik” də
öz milləti üçün böylə bir dirilik arzu edir.
“Dirilik”
N1, 16 sentyabr 1914 Məhəmməd
Əmin Rəsulzadə