Azərbaycan
Davası
28 Mayıs 1918 Milli Azərbaycan hərəkatının ən böyük
günüdür. Bundan 34 il öncə, Milli Şura tərəfindən
Azərbaycanın istiqlalı elan olunmuşdu; bu tarixdə Türk
və Müsəlman aləmində, ilk dəfə, milli Xalq hakimiyyətinə
dayanan bir cümhuriyyət qurulmuşdur.
Yüz il öncə, ayrı ayrı, 9 xanlıq
halında Çarlığın hakimiyyəti altına düşən Azərbaycan,
Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya
İmperatorluğunun ənqazı (xaraba viranə) altından siyasi
bir bütün, bir millət, bir dövlət olaraq qalxdı.
12 Ocaq (yanvar) 1920-də Böyük Dövlətlər tərəfindən istiqla¬lının tanınması
üzərinə, Azərbaycanın davası millətlər arası bir məsələ
halına gəldi.
Azərbaycan cümhuriyyəti sadəcə
dünya ensiklopediyaları ilə Birinci Dünya Hərbindən bəri
dürlü lisanlarda basılan kitab, xəritə və atlaslarda
qeyd edilməklə qalmayıb, eyni zamanda böyük-kiçik,
uzaq-yaxın ilgili bütün dövlətlərin arxivlərində
Azərbaycan davasına aid dosyalar (sənədlər toplusu)
vardır.
Siyasi "Garte du visite”i
1918-də dünyaya təqdim olunan Azərbaycan hərəkatının
ömrü sadəcə 36 il deyildir, əlbəttə!
Azərbaycan Türk xalqının tarixi gəlişmə seyrində 28 Mayıs 1918, siyasi bir
olqunluğunun mühüm bir mərhələsidir.
Aləmşümul kültür dəyərlərinə və dürlü çaqlarda yaşanmış siyasi istiqlal və
hakimiyyət xatirələrinə malik bulunan Azərbaycanın
tarixi bilhassə Yaxın Doğu İslam şərtləri daxilində
gəlişmişdir. Son yüz il içində bu gəlişmə Qafqasya
müqəddəratı ilə ilgili olaraq müəyyən özəlliklər
ərzetmişdir.
Cümhuriyyətin qurulmasına təqəddüm (irəliləmək) edən dövrdə Azərbaycan
topluluğunda əsaslı üç fikir cərəyanı təbəllür (saflaşma,
durulaşma) etmiş bulunurdu. Bunlardan biri, dini düşünüş
gərəyincə, milliyyət fikrinə xor baxan İslami
ittihatçılıqdı. Buna müqabil, yenə milliyyət ayrılığını
rədd edən kosmopolit bir fikir cərəyanı - sosializm
vardı. Biri sağçı, digəri solçu bu hər iki kosmopolit
cərəyana Azərbaycan çərçivəsi daxilində qalmaq çox dar
gəlirdi. Azərbaycan məfhumu onları təmin etmirdi. Onlar
üçün ya "Rusiyada Müsəlmanlıq" ya da "Rusiyada Sosializm"
vardı. Milli olmayan bu cərəyanların arasında milli
Azərbaycan milliyyətçiliyi mərkəzi bir mövqedə bulunurdu.
Tarix və kültür anlayışında Türkçü olan bu
milliyyətçi zümrə, siyasi alanda Azərbaycan muxtariyyət
və istiqlalını hədəf tuturdu.
Azərbaycan Türk özəlliyinin formulunu verən
və Rusiya hakimiyyətindəki Türk elləri üçün
milli-məhəlli muxtariyyətlər halında öz müqəddəratlarını
müstəqilən idarə etmə tələbini irəli sürən canlı bütün
qüvvətlər Azərbaycanda "Müsavat" Xalq Firqəsi ətrafında
birləşmiş bulunurlardı.
1911 ilindən bəri gizli fəaliyyətdə bulunub, Rusiyada partlayan inqilab
üzərinə, 1917də təşəkkül edən "Türk Ədəmi Mərkəziyyət
Firqəsi" ilə birləşən "Müsavat" partiyasının Bakıda
toplanan ilk konqresi sadəcə Azərbaycan tarixində deyil,
Rusiya məhkumu bütün Türk ellərinin yaxın tarixində də
mühüm bir hadisə olmuşdu. Qəbul etdiyi proqramda
Azərbaycan muxtariyyətini cəsarət və sərahətlə (səhihliyi,
aydınlığı) təsbit edən bu firqə, o gündən etibarən,
Gürcülərdə Menşevik, Ermənilərdə Daşnak
partiyaları kimi, Mavərayi Qafqasya həyatında Azərbaycan
Türklüyünü təmsil edən üçüncü bir qüvvət halına gəlmişdi.
Daşnak, Menşevik, Müsavat isimləri dost, düşmən bütün
dillərdə dastandı. Bu üç ismi təsrif (istədiyi kimi
dəyişmə) etmədiyi Bolşeviklər bilhassə sevərlər. Gərək
düşmən, gərəksə Azərbaycandan əlaqə ilə bəhsedən dostlar
üçün "Müsavatizm" Azərbaycan patriotizminin bir
müradifidir (bir-birinin ardınca gələn).
1917 ilinin Aprelində Bakıda toplanan "Qafqasya Müsəlmanları Qurultayı" ilə
eyni ilin Mayısında bütün Rusiya Müsəlmanlarının
Moskvada toplanan qurultayında bu tezisi müdafiə edənlər
"Müsavat" firqəsinə mənsubdu.
Rusiya Qurucular Məclisinə yapılan seçim əsnasında bu seçimdə iştirak edən
Azərbaycan partiyalarından yalnız "Müsavat" firqəsinin
bəyannaməsində Azərbaycan muxtariyyətindən bəhs edilirdi.
Sonra, 1918 Mavərayi Qafqasya
Seymində eyni Azərbaycan tezisini yalnız "Müsavat"
firqəsi ilə "Tərəfsizlər Bloku" namına oxunan açıqlamada
bulunuruz.
Seymin dağılması üzərinə, Azərbaycan
cümhuriyyətinin istiqlalını elan edən Şurayi Millidə
bütün partilərin artıq istiqlalçı olduqlarını görürüz.
Azərbaycan davasının yaxın tarixində müəssir (təsir edən,
iz buraxan) bir rol oynayan fikir cərəyanları ilə
müəssəsələrinin tarixi məsnədləri (dayaqları) bunlardır.
"Davamız"ın yaxın tarixindən bəhs açanların hər şeydən
əvvəl, bu obyektiv hadisə və vaqelər (olan, baş verən)
üzərində durmaları lazım gəlir. Böylə yapılırsa dava
tarixi əsaslara, fikirlərə və fikir müəssəsələrinə
bağlanmış olur.
Milli böyük bir davanı şəxslərə
bağlamaq və onu parlament və ya hökumətdə bulunmuş olan
bir düzinə (xeyli) münfərid (tək, təkbaşına) insanların
vərəsəlik malı kimi əddetmək (aid etmək) çox xətalı bir
anlayışdır. Şurayi Millidən də, parlamentodan da öncə
Azərbaycan muxtariyyət və istiqlal fikrini təəzzüv (üzv
olma) etdirən və bunu sağdan-soldan gələn bütün
müxalifətə qarşı savunan (müdafiə olunan) bir
müəssəsənin varlığını inkar və ya ihmal (bigənə) etmək
milli davaya zərərdən başqa bir şey verməz. "Davamızı"
fikir müəssəsələrinə deyil münfərid (tək, təkbaşına)
şəhislərə bağlayanlar, mənsub olduqları millətin inkişaf
etməmiş ibtidai bir cəmiyyət olduğunu bəlirtmiş (müəyyənləşmiş)
olduqlarının fərqində olmayanlardır.
"Davamız"ın yaxın tarixini, tariximizdəki fikir
müəssəsələrindən təcrid edərək izaha qalxışanlar,
bilərək və ya bilməyərək, tarixi təhrif edənlərin ta
özləridir.
Tarixdə fikirlərin əhəmiyyəti var
da şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır.
Fəqət, bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir
müəssəsələrinə bağlılıqları nisbətindədir. Bu sədaqət və
bağlılığın şəkil və dərəcəsi ancaq, bir şəxsi bir
şəxsiyyət mərtəbəsinə ulaşdırır (çatdırır). Tarixdə
dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən
fikir cərəyanlarına və müəssəsələrinə bağlanan, onlara
simvol olan şəxsiyyətdir.
"Davamız"ı anladırkən onu hali hazırda yalnız "üç kişi"nin baqi (daimi,
əbədi) qaldığı bir listəyə bağlamaq və bu yaşayanları o
ölənlərin siyasi biricik (vahidlik) varisi kimi görmək
salim (sağlam) bir düşüncənin əsəri sayılamaz, təbii!..
Davamız, Azərbaycan davasıdır; bu, tarixi və milli bir davadır. Yuxarıda
qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir
müəssəsələri və onları qanlarıyla və canlarıyla təqdis
etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar, sadəcə Milli
Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə
inhisar etməz. İçlərində milli ideala, Azərbaycan
fikrinə, yəni "Davamıza" ihanət (xəyanət) etmiş
olanların da, maələsəf (təəssüflər ki), bulunduğu bu
təşəkküllər dışında, şairimizin "Buzlu Cəhənnəm" dediyi
sürgün yerlərində şəhadət camını içən, Xəzərin qanlı
sularında ayaqlarına daşlar bağlanaraq boğdurulan neçə
qurbanlarımız, şəhidlərimiz vardır.
Sadəcə hökumət və ya parlament üzvü olmaq,
insana özəl bir imtiyaz və şərəf verməz. Əsil imtiyaz,
əsil şərəf ideyaya sədaqətdə və ona hüsnüniyyət və
səmimiyyətlə bağlı qalmaqdadır.
Parlament və hökumət dışında Firidun
Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qabulzadələr,
Mirzə Abbaslar, Müəllimə Vəsilə Xanımlar, Qasımzadə
Qasım Bəylər, Rəfibəyli Xudadad Bəylər, Şair Hüseyn
Cavid ilə Əhməd Cavadlar; gənc öyrənci və zabitlərdən
Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə,
İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə və sairləri kimi
namü nişanı zikredilməyən daha neçə qurbanlarımız və
şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir
raporunda qeyd olunduğu kimi 52-dən ziyadə qanlı xalq
üsyanlarında fədakaranə ölən minlərcə igid
partizanlarımızı da unutmuyalım. Gənc ordumuzun şəhid
komandanları Həmid Qaytabaşıları, Süleyman Paşa
Sulkeviçləri, Dilhas Murad Gərayları, İbrahim Ağaları,
Səlimov Həbib Bəyləri və bir çox digərlərini də
zikredəlim.
İsimləri və xatirələri hamımıza əziz olan Fətəli Xan, Nəsib Bəy, Həsən Bəy,
Səməd Paşa, Əbuzər Bəy, Məhmət Bağır Bəy, Müseyyib Bəy,
Murtuza Bəy, Rahim Bəy və sairə kimi keçmiş və milli
iradəyə ihanət (xəyanət) etmiş Qarayevlər, Qarabəyovlar
kimi bədbaxtlar da, maaləsəf, Parlamentoda üzv
olmuşlardır.
Ümumi bir xülasə yapılırkən, ana fikir müəssəsələrindən və bunları təmsil
edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zərurətdir.
Tarixdə isimlərini fikir müəssəsələriylə(quran, meydana
gətirən) sımsıxı bağlamış şəxsiyyətlər vardır. Bunlardan
bəhs etmək qədər təbii və normal bir şey ola bilməz. Bu
bütün fəaliyyətləri bir tək şəxsə ətfetmək (istinad
etmək) demək deyildir, əlbəttə!..
Davanı əsas fikir sistem və müəssəsələrindən ayıraraq, avtomatik surətdə,
müəyyən dövrdə, rəsmi hərhanki bir sifət və ya ünvan
daşımış insanlara ancaq bağlarsaq, fani olan bu
fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur.
Halbuki, Azərbaycan davası belə üç - beş kişinin
həyatilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda
qanıyla təqdis (müqəddəs sayılma) edilmiş fikir
müəssəsələri vardır. Bu müəssəsələr baqidir (əbədidir).
Azərbaycan Parlamentosunu da hökumətini də doğuran bu
fikir sistemi, qızıl istila altında bilhassə
qüvvətlənmiş gənc nəslin müqavimətilə çəlikləşmiş (poladlaşmış)
və mühacirətdə illərdən bəri davam edən mücadilə
sayəsində sarih (açıq, aydın) formulunu bulmuşdur. Milli
nəşriyyat və müəssəsələr tərəfindən bu davanın ideoloji
bütün səhifələri incədən incəyə işlənmişdir. Böylə bir
hərəkatın müqəddəratı, şübhəsiz ki, üç beş faninin
həyatına münhəsir (həsr edilmə, məxsus olma, hüdudlaşma)
qala bilməz.
Ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət və həyatiyəti, bu
böyük fikrin, istiqlal ideolojisinin nəsildən nəslə
keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu (müdafiə
etdiyi, qoruduğu) idealı mənimsər və bu ideal uğrunda
çalışmış başlıca fikir müəssəsə(qurucu) və
şəxsiyyətlərini idealizə edərsə bunu, dava namına,
müsbət bir hadisə olaraq qəbul etməliyik.
Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəssəsələrini ihmal ilə
sadəcə münfərid (təkbaşına) şəxslərə mal etmək,
Azərbaycan toplulugunun gəlişməmiş ibtidai səviyyədə
olduğunu söyləmək olur, halbuki, 1918-də istiqlalını
elan edərkən, Azərbaycan Türklüyü, siyasi fikir
cərəyanlarına malik olqun bir topluluqdu. Orada Rusiya
əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq
milli demokrasi ideolojisilə siyasi bir firqə vardı ki,
Türklüyün federalist cərəyanını təmsil edirdi.
O zamankı şərtlər daxildə,
Türkçülüyün, "Müsavat" firqəsində təmsil olunan bu
cərəyanı, hadisələrin gəlişməsiylə, Türkiyədə Atatürk
Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk
Cümhuriyyətlərinin qurulması ilə həyatiyətini isbat
etmişdir.
Bulundugumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə
birləşmək, milli davanı yaşatmış və ya yaşadan fikir
sistem və müəssəsələrinə hörmət etməklə olur. Bunun üçün
hər türlü kiçik hesablardan və mərəzi (xəstə) hisslərdən
sıyrılaraq ana fikrə önəm vermək lazımdır.
Yaxın keçmişi inkar və müşəxxəs (tanınmış)
ideya və şəxsiyyətləri çürütmək qeyrətiylə meydana
atılanlar, bilərək və ya bilməyərək, böyük davanı
kiçildənlərdir. Bu xüsusda hamımızın çox titiz (son
dərəcə ciddi) və diqqətli olmamız icab (zərurət, ehtiyac)
edər.
Bunu bilməliyik ki, "Davamız" fani üç
kişinin inhisarına alınacaq qısır bir dava deyildir. O
nəsildən nəslə dövredilən fikir müəssəsə və
şəxsiyyətlərinə sahib vələd (övlad) bir davadır.
Təcrübəli böyükləri ilə dəliqanlı gənclərini qopmaz
ideal və fikir təsanüdiylə bir-birinə sımsıxı bağlayan
bir dava!..
Dünkü idealist nəsil ilə bu künkü idealist nəsli bir birinə bağlayan, bundan
36 il öncə, 28 Mayıs 1918-də, istiqlal bəyannaməsini
intaç (nəticə vermə, nəticələndirmə) etdirən böyük fikir
hərəkatıdır.
İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər gənc
olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun
bütün azərbaycanlıların bu müəzzəm (böyük əhəmiyyətli)
hərəkatdakı mövqe və şərəfləri, əsas ideolojiyə
göstərdikləri və göstərəcəkləri sədaqət, bağlılıq və
hizmətləriylə mütənasibdir.
Bütün məsələ, bu xüsusda titiz (son
dərəcə ciddi) davranmaqla bərabər, mötədil bir ölçüyə
malik olmaq, hadisə, müəssəsə və şəxsiyyətləri təqdirdə
vətənsevərlik icabı olaraq, ədalət və insaf hissindən
ayrılmamaqdır.