Istiqlal
bəyənnaməsi
(28 May 1918)
1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli
Şurası sədrinin müavini Həsən bəy Ağayev, katib Mustafa
Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov,
Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy
Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski,
Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan
Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamzadə, Mehdi bəy
Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy
Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski,
Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy
Rüstəmbəyli, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov,
Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanlı və Hacı Molla
Axundzadənin iştirakı ilə (17) Milli Şuranın iclası
keçirildi. Bu iclasda aşağıdakı məsələlər müzakirə
edildi: 1. H. Ağayevin Yelizavetpoldakı (Gəncə) son
hadisələr barədə məlumatı; 2. M. Ə. Rəsulzadənin
Batumdan teleqramının və məktubunun oxunması; 3. Seymin
buraxılması ve Gürcüstanın müstəqilliyini elan etməsi
ilə əlaqədar Azərbaycanın vəziyyəti. Ən mühüm məsələ
sonuncusu idi.
Müsavatın lideri M. Ə. Rəsulzadə Batumda türklərlə
danışıqlar apardığından bu iclasda iştirak etmirdi.
İclasda X. Xasməmmədov Azərbaycanın vəziyyəti ilə bağlı
məruzə etdi. O, çıxışında təxirə salınmadan Azərbaycanın
müstəqil respublika elan edilməsinin zəruriliyini
əsaslandırdı. N. Yusifbəyli, Ə. Şeyxülislamzadə, M. H.
Seyidov və digərləri bu fikrə tərəfdar çıxdılar. F.
Xoyski təklif etdi ki, yerlərdə bəzi məsələlərin
aydınlaşdırılmasına kimi Milli Şura hələlik Azərbaycanın
istiqlaliyyətini elan etmədən ölkələrlə sülh danışıqları
aparmaq üçün tamhüquqlu Azərbaycan hökumətinin
yaradılması ilə kifayətlənsin. Bu təklif ətrafında geniş
müzakirələrdən sonra Milli Şura 24 səslə (iki nəfər - S.
M. Qənizadə və C. Axundov bitərəf qalmışdı) dərhal
Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında
qərar qəbul etdi və altı bənddən ibarət "İstiqlal
Bəyannaməsi"ni (o dövrün sənədlərində "Əqdnamə" və ya "Misaqi-Milli"
adlandırılır) elan etdi (18).
Azərbaycan
Milli Şurasının qəbul etdiyi “İstiqlal Bəyannaməsi”ndə
deyilirdi:
1. Bu gündən
etibarən Azərbaycan xalqı həqqi-hakimiyyətə malik olduğu
kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da
tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq
Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə,
xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban
münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən,
məzhəbindən, sinfindən, silkinden və cinsindən asılı
olmayaraq öz sərhədləri daxilinde bütün vətəndaşlarına
siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində
yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş
imkanlar yaradır.
6. Müəssislər Məclisi toplaşana qədər Azərbaycanın
başında xalqın seçdiyi Milli Şura ve Milli Şura
qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.
"İstiqlal
Bəyannaməsi" elan olunduqdan sonra Milli Şura Azərbaycan
hökumətinin yaradılmasını F. Xoyskiyə tapşırdı.Bir
saatlıq fasilədən sonra Milli Şura F. Xoyskinin
hökumətin yaradılması haqqında məruzəsini dinləmək üçün
öz iclasını davam etdirdi. F. Xoyski ilk Azərbaycan
Müvəqqəti hökumətini aşağıdakı tərkibdə təqdim etdi:
Fətəli xan
Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər
naziri;
Xosrovpaşa bəy Sultanov – hərbi nazir;
Məhəmməd Həsən Hacınski
- xarici işlər naziri;
Nəsib bəy Yusifbəyli – maliyyə və xalq maarifi
naziri;
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri;
Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri;
Əkbər ağa Şeyxülislamzadə - əkinçilik və əmək
naziri;
Xudadat bəy Məlikaslanov - yollar və
poçt-teleqraf naziri;
Cəmo bəy Hacınski – dövlət nəzarəti naziri.
Suveren
Azərbaycan Cümhuriyyətinin elan edilməsi mühüm tarixi
hadisə idi. Bu, milli dövlətçiliyin dirçəlişi demək idi
və Azərbaycan xalqının geniş kütlələrinin öz
istiqlaliyyəti və azadlığı uğrunda birləşməsinin əsasını
qoydu. Azərbaycanın yerli əhalisi Cümhuriyyət
hökumətinin milli mənafeyi müdafiə edən yeganə qanuni
hökumət sayırdı.
İstiqlal, o
vətənin köksündən yüksələn ay,
İstiqlal, o dəmirdən,
qandan yaılmış saray,
İstiqlal, o millətin
parçalanan bağrından,
Gəlinlərin, qızların axan göz
yaşlarından
Doğulmuş pək mübarək, pək müqəddəs bir "İlah"dır
Gültəkin