NƏ
BÖYÜK BAYRAM
Azərbaycan
türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram
saxlayırlar : İSTİQLAL
BAYRAMI !!! Bundan bir
sənə əvvəl Zaqafqaziyanın müqəddaratını həll
üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin
öylə bir anına tasadüf etmişdilər ki, yöz sənəlik
əsarətə yalniz yüksək bir amal nəticəsi deyil
, eyni zamanda zəruri bir ehtiyac kimi
xatimə vermək məcburiyyətində qalmışdılardı.
Əvət Zaqafqaziya millətləri bilməcburiyyə e"lani istiqlal etmişdilər.
Bilməcburiyyə e"lani istiqlal !!!
İstqlalımıza düşmən olanlar bu iki "məcburiyyət" və "istiqlal" sözlərini
bir araya toplanmasını "içtimai ziddin" qəlbindən ədd etməklə,
Zaqafaqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək
istıyirdilər.
Fəqət , bu mülahizə zahirdə doğru görünsə də batində öylə deyildi.
Bir növzadın məsəmeyi-madərdən xilas olub da , dünyaya gəlməsi heç şübhəsiz bir
vaqeyi-istiqlaldır.Qadının vəz"i-həmlinə digər tə"birlə bizdə
"azad olmaq" deyirlər. Halbuki bu "azadlıq" eyni zamanda bir
zərurəti-təbiiyyə , bir məcburiyyətdir...
Öylə bir məcburiyyət ki, həyati-elm ona bağlıdır.
Zaqafqaziya “seymi”nin elan istiqlalə məxsus olan günündə “kadet” firqəsi
nümayəndəsi “seym” övzalarının o gün vəzifələrinin ağırlığından duyduqları
hissiyata tərcuman olaraq, hər kəsi özü kimi təsəvvür edərək: “Baxınız sanki
“seym” bir möhtərizin” başı üstündə durmuşdur - dediyinə müqabilətən mən : “Əf
edərsiniz, bu iztirab və əndişə bir möhtərizin deyil, bir ləhvisənin (oyuncağın
– Ş.H.) başı üstündə görülən iztirabdır”.
Zaqafqaziya ləhvisəsinin “azad”lığı çox müşkülatla olmuşdu. Çünki birdən üç
növzad (övlad – Ş.H.)
doğmuşdu:
Gürcüstan, Azərbaycan və
Ermənistan!
Hər növzad kimi istiqlal dəxi
can kimi sevildiyi halda canan kimi cəfakardır. Bir növzad paydar olub kəndi (öz
– Ş.H.) başına dolanar bir adam oluncaya qədər ata və anasına nə əndişələr, nə
qəmlər, nə qüssələr verməz!
İştə, eyni iztirabları, eyni
qüssə və dərdləri fəqət bununla tovəm olan sevinc və etinaları biz keçən sənə
istiqlalında keçirmədikmi?
Mart hadisatı ilməsinin bir
nəticəsi olaraq davam edən Bakı əsarəti, Şamaxının bu dəfə yer altındakı mavadi
– yerkəniyyədən deyil, insanların fitrətindəki şərarətdən mütəzəlzil olub da,
xak ilə yeksan olması osmanlı türk qardaşlarımızın son ümidsizlik dəmində
yetişib də bizi düşmənlərdən xilasi; Bakının istirdadi, sonra ingilislərlə
bərabər Biçeraxov və sairlərinin gəlişi ilə hasil olan iztirab və əndişə,
parlamanın mütəntən (təntənəli – Ş.H.) surətdə açılması, Azərbaycan ordusunun
vürüdi, Qarabağ, Naxçıvan, Lənkəran məsələləri, Dağıstan faciəsi, nəhayət,
bugünkü şənliklər – iştə bir sənəlik həyati-istiqlalın xöf ilə ümid arasındakı
iztirab və etminan dəqiqələri!
Hər nasılsa
növzadımız bir yaşına çatdı! Bu bir ilin ərzində azərbaycanlıların maddətən
verdikləri qurbanlara müqabil qazandıqları yalnız xarici bizi müstəqil bir
millət kimi tanımağa doğru və göstərdiyi bəzi təmailat deyil, ən böyük şeyi
fikri-hüriyyət və istiqlalın artıq milli bir fikir olduğu keyfiyyətdir.
Bundan iki sənə
əvvəl biz türkçülər Azərbaycan şüarını böyük güldəstənin zəngin bir gülü kimi
təsəvvür etdikdə, yalnız rus kadetləri ilə sosialistlərindən deyil, öz
kadetlərimizlə sosialistlərimizdən dəxi müqabilə görürdülər.
Bir sənə sonra
bütün firqələr bunu bir zərurət kimi qəbul edərək Azərbaycan istiqlalının
elanında iştirak etdilər. Bu gün isə hər kəs onu bir Muhibə kimi qarşılayıb bir
amal və bir ideal kimi alqışlayır!
Bu alqışlar yalnız siyasi
firqələrin nümayəndələrindən deyil, ağac tüfəngləri ilə “iləri, iləri!” – deyə
soqaqları dolaşan gənclərlə “Azərbaycan əsgərlərinin” yaşar gözləri və “Allah
bədnəzərdən saxlasın” duası ilə ötürən cəmaətdən nəşeyi-istiqlalı dərk etmiş
xalqdan gəlir.
Bundan altı ay əvvəl Azərbaycan məclisi-məbusanın açıldığı gün :
“Bir kərə yüksələn bayraq bir daha enməz!”
– demişdim.
O zaman içində bulunduğumuz
zaman o qədər müşkül və o qədər pərxof idi ki, yüksəltdiyimiz bayrağı pək də
yüksəkliyə qaldırmayır, onu yalnız parlaman binasına münhəsir etdiribdə “Müdara”
(gözəl rəftar – Ş.H.) göstərmək məcburiyyətində qalırdıq.
Bu məcburiyyətdən müntəsir olan
bəzi bədbinlər “Hanıya bir kərə yüksələn bayraq, bir daha endirilməz!” –
deyirsiniz? – deyirdilər!
İştə qoy bugünkü gün, milli
bayraqlara boyanmış Azərbaycan paytaxtı, o kimi bədbinlərin qəlbini təsfiyə
etsin!
Bir sənəlik həyat həqiqətən də
göstərdi ki, bir kərə açılmış Ləvai-hürriyyət bir daha bükülməz!
Doğrudur ki, bu gün
yüksəltdiyimiz istiqlal bayrağını endirməyə, açdığımız Ləvai-hürriyyəti bükməyə
çalışan düşmənlər var. Bu düşmənlər bu gün hər tərəfdən bizə pusqurmaqda, bizi
təhdid etməkdədirlər.
Fəqət, bir tərəfdən
millətimizin gündən-günə artan əzmi-milliyisinə, istiqlal və hürriyyəti yolunda
sabit qalacağına, digər tərəfdən də, nə desələr, dünya üzərində təsirsiz
qalmayacaq, milliyyət fikr müəzziminin bilaxirə elani-zəfər edəcəyinə inanmaqla,
bu tariximizi təbrik edəlim də, inanalım ki, bir yaşında növzad istiqlal
təhlükəli qranlarını keçir.
Bir kərə yüksələn Ləvai-istiqlal, bir daha enməz!
Azərbaycan”
qəzeti, № 190, 28 may 1919-cu il.
M.Ə.
Rəsulzadə
P.S. Bu məqalə dəyərli tarixcimiz Şirməmməd
Hüseynovun "Müstəqilliyin çətin yolu,Biz hara gedirik" kitabından götürulüb.
Şirməmməd müəllimə xüsusi təşəkkürlər .
|